İş adamı İlham Qasımov “böyük adam”a sataşıb

15-08-2016, 22:31           
İş adamı İlham Qasımov “böyük adam”a sataşıb
Sakinlərdən Səbinə Əlizadə: "Bütün əmlakını qızının adına keçirtdiyi üçün qorxurlar”

Həbsdə olan iş adamı İlham Qasımovla bağlı yeni məqamlar ortaya çıxıb. Tikinti adamının ifşa olunmasında ən çox da Əyləncə Mərkəzinin yaxınlığında yarımçıq təhvil verdiyi binaların sakinləri maraqlıdırlar.

Sakinlərdən Səbinə Əlizadə Bizimyol.info portalına bildirib ki, yazıda adıçəkilən İlkin İ.Qasımovun kürəkənidir. İş adamı mülklərinin çoxunu qızının adına qeydiyyata aldırdığına görə İlkin bərk qorxuya düşüb. Çünki, o özü Səbail rayon Polis İdarəsində işləyir, serjant rütbəsindədir. Xanımın iddiasına əsasən İlkin tutduğu işdən yararlanaraq sakinlərə hədə-qorxu gəlib. Bəzi mənzillərin satışı ilə də o, məşğul olub. Qeyd edək ki, İlkin bəy telefonlarımızı açsa da hər dəfə özü geriyə zəng edəcəyini bəhanə gətirərək suallardan yayınır.


Polis-menecer

Sakinin son cümləsinin həqiqiliyinə özümüz şahid olmuşuq. Hələ 2014-cü ildə İ.Qasımov redaksiyamıza müraciət edib Sahib İbrahimovun onun pullarını mənimsədiyini söylədiyində biz alıcı sifətində söhbəti gedən ünvanda olmuşduq. Mənzil almaq istədiyimizi deyəndə İlkin bəyin telefonuna zəng edib onu çağırmışdılar. O da mənzillərin şərtləri barədə bir menecer olaraq bizi məlumatlandırmışdı. Bəlkə də rəsmi olaraq İ.Qasımovun yanında işləmirdi, amma faktiki mənzillərin satışında yaxından iştirak etdiyi bəlliydi. Bu, həm də o dövr idi ki, bir mənzil bir neçə adama satılmışdı və ortada 71 zərəçəkən olduğu halda mənzillərin yeni müştərilərə təklif edirdilər. Mümkündür ki, bizə də artıq satılmış mənzil təklif ediblər.

MTK rəhbərlərini "içəri" qoyduracağına söz vermişdi

Səbinə xanım deyir ki, İ.Qasımovu hələ ki, buraxmayıblar. Dediyinə görə, mənbə etibarlıdır, məlumatı Baş Prokurorluqda işləyən bir qohumundan alıb. S.Əlizadə: "İlham əslində Baş Prokurorluqda yüksək vəzifə tutan bir məmura şər atıb, onun və həyat yoldaşının adını mətbuata çıxarıb, ona görə də onu buraxacaqlarına inanmıram. İlhamı əslində bir neçə dəfə saxlayıblar, amma hər dəfə müxtəlif yollarla həbsdən çıxa bilib. İndi də özünü xəstəliyə vurub, amma o, xəstə deyil, sadəcə azadlığa çıxmaq üçün bu yollara əl atır”.

Buradaca qeyd edək ki, İ.Qasımov ortaqlıq etdiyi daha bir iş adamı, "Northwest İnternational LLC" şirkətinin sahibi İslam Osmanovla da münaqişədə olub, gördüyü iş müqabilində ona düşən bir neçə mənzili verməyib. Həmin mənzillərdən biri də İ.Osmanovun qohumu olan prokurorluq işçisinə bağışladığı əmlakdı. Bunu İ.Osmanov özü bizə demişdi. İ.Osmanov: "Bu məsələdə cinayət işini mən açdırmışam. Qohumum Orxan hazırda İnterpolun axtarışındadır. O İlhamın oğlu Lətif Qasımovla əlbir olub, qanunsuz olaraq mənzilləri yazıblar. Hazırda Orxanın zavoda 760 min manat borcu var. 5 ev mübahisəlidir. Onlardan birini hüquq-mühafizə orqanlarında çalışan qohumuma hədiyyə etmişəm. Odur ki, "böyük adamlar" bu işdə maraqlıdırlar. MTK rəhbərlərini də "içəri" qoyduracağıq”. Deməli, sırada Sahib İbrahimovdur. Doğrudur, qardaşı hökumətdə yüksək post tutduğundan indiyə qədər ona dəyib-dolaşmayıblar, amma cənab Osmanovun dediyi kimi bu işdə "böyük adamlar” maraqlı olduqlarından İbrahimovun taleyi o adamların nə qədər "böyük” olduğuna bağlıdır.

Sahib İbrahimov şərikli binanı nəzarətinə keçirməyə hazırlaşır

Sahib İbrahimov demişkən, Səbinə xanım bildirir ki, o, gəlib binanı təhvil götürəcəyini, İlhamın daha "içəri”dən çıxmayacağını bəzi sakinlərə bildirib. S.Əlizadə: "Sahib sakinlərlə "dostlaşmaq” istəyir. Amma biz onun necə adam olduğunu bilirik. Bununla belə deyilənə görə mediada da aktivləşib, İlhamın gizli işlərini yazdırıb”. Xatırladaq ki, söhbəti gedən binaları İ.Qasımovla S.İbrahimov şərikli tikiblər. Lakin, sonradan eyni mənzillərin bir neçə adama satılması səbəbindən bir-birini məhkəməyə veriblər. Sonda İ.Qasımov binanı öz nəzarətinə keçirtdi. Bunun necə baş verdiyi müəmmalıdır, çünki, S.İbrahimovun əlində ona 54 687 kv/m. sahənin düşdüyünü təsdiqləyən məhkəmə qərarı mövcuddu. Qasımovun İbrahimovla bağlı söylədiyi neqativ sözlər cəzasız qalmayacaqdı. Odur ki, vəziyyətdən yararlanıb şərikli binanı nəzarətinə keçirməyə hazırlaşır. Bu gün İ.Qasımova müxtəlif istiqamətlərdən hücumlar var. O qədər adamla konfliktdə olduğu ortaya çıxır ki, indi əsl zərbəni ona kimin vurduğunu konkret demək çətindir. S.Əlizadə: "Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun bizim binaların birinci mərtəbəsində ofisi vardi, İlham onlara hədiyyə etmişdi. Mahmudov işdən çıxarılan kimi İlham bunu ört-basdır etmək məqsədilə ofisə qohumu Kənanı əyləşdirdi. Qasımov şirkətə də Adilağa Hüeynov adlı birini baş direktor təyin edib və belə qələmə verir ki, binanı dövr etdiyi türklər onu direktor seçib. Amma türklər o adamı tanımadıqlarını deyirlər”.

"Onlarla şərt kəsdik ki, bizdən rüşvət toplamasınlar”

Adilağa Hüseynov keçən həftə 60-a yaxın sakinlə şirkətin direktoru sifətində görüşüb. Sakinlər "Sahil-D” qarşısında bir neçə şərt irəli sürüblər. S.Əlizadə: "Birinci şərtimiz ondan ibarət idi ki, bizdən qanunsuz topladıqları 3 min manatı geri versinlər və pul yığmağa son qoysunlar. Ikinci şərt kimi də əlavə olaraq hər mənzil sahibindən yenə qanunsuz aldıqları 1200 manatı geri qaytarıb, bir daha bu əməllərə yol verməməyi irəli sürdük. Üçüncü şərtə əsasən bütün sakinlərdən əlavə pul tələb etmədən, onlara problem yaratmadan mənzillərinə buraxsınlar. Belə ki, ödənişi tam etdiyi barədə hər kəsin əlində maliyyə arayışı var. Dördüncü, binanın tikintisini qısa zamanda tamamlamağı tələb etdik və bizə də bunun əyani sübutunu göstərmələrini istədik. Ən son olaraq dedik ki, biz ölkə rəhbərliyinə şikayət etmişik, heç kimi də şikayət etdiyi üçün mənzillərini verməyəcəkləri ilə şirkətdən hədələməsinlər. Bu gün saat 5-ə qədər cavab gözləyirik. Bu, artıq sondur. Biz 600 sakinin imzası ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Idarəsinə şikayət yazmışıq. İlham və onun komandasının binamızdan getməyini istəyirik, idarəetməni sakinlər öz üzərlərinə götürəcəklər”.

Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.