Cəlilabad Əzİz Əzizovun rəhbərliyi altında "uğurla" geriləyir
19-08-2016, 13:51
İcra başçısı Əziz Əzizov camaatı basqı altında saxlamağa, sakinləri tətbiq etdiyi «qayda»lara sözsüz əməl etmələrinə çalışır Cəlilabad rayon sakinləri icra hakimiyyətinin başçısı Əziz Əzizov və komandasında təmsil olunan bir qrup şəxsin fəaliyyətindən ciddi şəkildə narazılıq edirlər. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxsin sözlərinə görə, məhz Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının yol verdiyi nöqsanlar nəticəsində son zamanlar rayonun ümumi durumu xeyli pisləşib. Hazırda rayonun bəzi mərkəzi küçələrində yolların bərbad vəziyyətdə olduğunu, yağışlı havalarda həmin ərazilərdə hərəkət etməyin mümkün olmadığını vurğulayan mənbə bildirir ki, hər il dövlət büdcəsindən Cəlilabada yetərincə vəsait ayrılsa da, həmin vəsaitlərin bir hissəsi tamam başqa məqsədlərə sərf olunur: «Deyilənlərə görə, Əziz Əzizov ölkə üzrə kifayət qədər yetkili şəxslərdən biri ilə ortaq biznes əlaqələrinə malikdir. Belə ki, Cəlilabad rayonundakı üzüm sahələri, restoranlardan tutmuş paytaxtdakı bir çox iri obyektlər onların şərikli biznesinə daxildir. Bildirilir ki, bir neçə on milyon manata başa gəlmiş Bakıda Qələbə Meydanında yerləşən «Baku Mall» ticarət mərkəzi də Əziz Əzizovla ortağına məxsusdur. Şəriklər bu obyektdən ay ərzində külli miqdarda gəlir əldə edirlər. İş o yerə çatıb ki, artıq icra başçısı rayondakı ən kiçik ticarət obyektini də öz nəzarətində saxlayır. Deyilənlərə görə, hazırda Cəlilabadda dövriyyəsindən və kvadratından asılı olaraq hər bir obyekt sahibi ayda bir dəfə rayon icra hakimiyyətinə baş çəkir». Bundan başqa, Cəlilabadda fəaliyyət göstərən «Ülvi» şadlıq evinin də icra başçısına məxsus olduğunu deyən mənbə qeyd edir ki, rayonda rəhbər vəzifələrdə çalışan şəxslər övladlarına bu şadlıq evində toy edərək Əziz Əzizova yarınmağa çalışırlar: «Deyilənlərə görə, Cəlilabad sahibkarlarının böyük əksəriyyəti Əziz Əzizovun abadlıq «siyasət»inə qurban gedərək banklardan böyük məbləğlərdə kredit götürüblər. İndi kreditlərini ödəyə bilməyən sahibkarlar sürətlə müflisləşirlər. Məhz bu kimi məqamlara görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı son zamanlar əksər kütləvi informasiya vasitələrində tənqidi materiallar yayımlanır. Lakin nədənsə o, indiyədək özü ilə bağlı yayılan xəbərlərə lazımı reaksiya verməyib. Görünür, icra başçısının qeyd olunan tənqidlər qarşısında deyiləsi sözü, özünü müdafiə edə biləcək arqumenti yoxdur. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, Əziz Əzizov bahalı telefon həvəskarıdır. Deyilənlərə görə, onun qiyməti 15-20 min manat arasında dəyişən bir neçə «Vertu»su var. Bundan başqa, icra başçısı geyiminə də xüsusi önəm verir. Bildirilir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının ən ucuz kostyumunun qiyməti 5-6 min manat arasında dəyişir. Onun qarderobundakı köynəklərin qiyməti isə markalarına görə dəyişir. Əziz Əzizov qoluna vurduğu saatları isə ya İsveçdən xüsusi sifarişlə gətirir, ya da Bakıdakı məşhur saat dükanlarından alır. Deyilənlərə görə, icra başçısının sürücüsü və bacısı oğlu olan Murad da dəbdəbəli həyat tərzinə meyillidir. Belə ki, deyilənlərə görə, rəsmi maaşı 600 manat olan sürücü - bacı oğlunun 100 minlik «Toyota Land Cruiser» markalı avtomobili, 10 min dollarlıq «Vertu» və 1000 dollarlıq «iPhone» markalı mobil telefonları, bahalı saatı, marka geyimləri var. Bundan başqa, o, saysız-hesabsız mülklərə yiyələnib. Bununla bağlı sosial şəbəkələrdə yayımlanan informasiyalarda qeyd olunur ki, icra başçısının qəbuluna düşmək istəyən bəzi iş adamları, vəzifəli şəxslər məhz Əziz Əzizovun sürücüsü ilə təmasa keçməlidirlər». Bu arada, əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun təhsil, səhiyyə və digər sahələrdə apardığı siyasət, eyni zamanda hazırda rayonda baş verən bir sıra neqativ hallar, büdcə vəsaitlərinin abadlıq işlərinə xərclənməsi adı altında mənimsənilməsi, eləcə də sahibkarlara qarşı sərgilənən amansız mövqe əhalinin ciddi narazılığına səbəb olur. Belə ki, icra başçısının əlində olan təsir rıçaqlarından istifadə edərək həm rayon camatını, həm də sahibkarları daim təzyiq, basqı altında saxlamağa, onların tətbiq etdiyi «qayda»lara sözsüz əməl etmələrinə çalışdığını deyən məlumatlı şəxsin sözlərinə görə, Əziz Əzizov rayonun rəhbərliyinə gəldiyi gündən camaatın gününü göy əksiyə döndərib.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.