“Rövşən Lənkəranski”nin bazarına OMON hücumu

19-08-2016, 19:32           
“Rövşən Lənkəranski”nin bazarına OMON hücumu
“Pokrovsk”da alver edən azərbaycanlılar polisə dolduruldu; bu meyvə-tərəvəz bazasının illik dövriyyəsi 9 milyard dolları aşır
Yanvarın 16-da Moskvada Aslan Usoyanın - “Ded Xasan”ın qətlindən sonra kriminal qruplaşmaların Rusiyada başlayan nüfuz savaşının getdikcə idarəedilməz prosesə (kriminal jarqonda “bezpredel”) çevrildiyini ötən saylarımızdakı yazılarımızda qeyd etmişdik. Onu da qeyd etmişdik ki, hadisələrin nəzarətdən çıxması Rusiya hökumətini narahat edir. Çünki “Ded” ucsuz-bucaqsız Rusiyanın ən xırda əyalətinin türməsindən tutmuş bazarlarınadək böyük ölçüdə hökm edə bilirdi.
Onun müəmmalı qətlindən sonra isə kriminal aləmdə başlayan amansız savaş indi hər tərəfə sıçrayıb. Bu amansız savaş gec-tez Rusiyada işləyən azərbaycanlıların da başında çatlayacaqdı...
Rövşən CanıyevAprelin 3-də Rusiyanın “Pokrovsk” bazarına edilmiş OMON hücumunu adi pasport yoxlaması kimi izah etmək olmaz. Çünki bu bazar uzun illərdir ki, azərbaycanlıların nəzarətindədir və 2006-cı ildə öldürülən “Sabirabadlı Hikmət”dən sonra (Hikmət Muxtarov) burada əsas fiqur “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyevdir. Məhz bu faktın özü 5 mindən çox azərbaycanlının cəmləşdiyi bazara basqının səbəblərinin daha dərin olduğunu düşünməyə kifayət edir.
Aprelin 3-də baş verən hadisələrin qısa xronologiyası ondan ibarətdir ki, səhər saatlarında 200-dən çox OMON-çu Moskvanın “Pokrovsk” bazarına hücum edib. Azərbaycan KİV-lərinin xəbərlərinə görə, OMON-çular bazara 10 avtobusla gəliblər. “Pokrovsk” bazarından Moskvanın Birilyovo Rayon Polis İdarəsinin bölmələrinə 500-dən çox azərbaycanlı aparıblar. OMON-çuların “Pokrovsk” bazarına hücumundan sonra Federal Miqrasiya Xidmətinin əməkdaşları bazarda total yoxlamalara başlayıb.
Əlibala HəmidovQeyd edək ki, fevralın sonlarında Rusiyanın “Rosbalt” saytı iddia etmişdi ki, “Pokrovsk” bazarı da daxil Rövşən Canıyevin biznes imperiyası əlindən alınıb. Bazarlara nəzarət isə azərbaycanlı “qanuni oğru”lar Əlibala Həmidovla (“Qoca Yasamallı”) Vaqif Süleymanova (“Qardabani”) keçib.
“Rosbalt”ın iddiasına görə, “Ded”in öldürülməsindən sonra R.Canıyevlə nüfuzlu “qanuni oğru” Merab Canqveladzenin və onun qardaşı Levan Canqveladzenin (Suxumski qardaşları) münasibətləri korlanıb. İddialarda o da deyilirdi ki, R.Canıyevin nəzarət etdiyi bazarlardan bir (sayt adını konkretləşdirmir) Levanın nəzarətinə keçib. Bundan sonra Rövşənin bütün tərəfdarlarını bazardan qovublar.
“Pokrovsk” haqda qısa arayış. Bu bazar uğrunda (azərbaycanlıların da çox qanı tökülüb) illərdir davam edən kriminal savaşların səbəblərini ortaya qoyur. Rusiya mənbələrindən əldə etdiyimiz məlumata görə, “Pokrovsk” meyvə-tərəvəz bazasının illik dövriyyəsi 9 milyard dolları aşır. Ekspertlərin hesablamalarında deyilir ki, “Pokrovsk”da hər gün təkcə kök, cəfəri (“petruşka”), pomidor və sair məhsullardan 20-40 milyon dollar əldə edilir. “Pokrovsk” yəhudi iş adamı Telman İsmayılovun (“AST Telman”) sökülən “Çerkizov” bazarından da daha geniş və gəlirlidir. Bu faktı dəqiqləşdirmək istəyənlər "Google Maps" xidmətindən istifadə etməklə bazarın nə qədər böyük ərazini əhatə etdiyini görə bilər.
Qeyd edək ki, bu bazarda əsas yarusda xaricdən bir çox növdə meyvə-tərəvəz gətirən leqal kompaniyalar, ikinci böyük yarusda isə Rusiya əyalətlərindən və MDB ölkələrindən gətirilən meyvə-tərəvəz bazaları yerləşir. Bu bazardakı “ças pik”də hətta metrodan da çox adam olur. Əlbəttə ki, burada əsas sahiblər azərbaycanlı “qanuni oğru”lar olduğundan həmyerlilərimiz özünü nisbətən rahat hiss edirlər.
Rusiya hökuməti dəfələrlə bu bazanın köçürülməsi barədə Moskva meriyası qarşısında məsələ qaldırsa da qəti qərar vermək mümkün olmayıb. Çünki “Pokrovsk” Moskvanı meyvə-tərəvəzlə təmin edən strateji bazardır.
Yeri gəlmişkən, hazırda Moskvada “Pokrovsk”dan başqa daha iki iri baza var. Bunlardan biri “Dmitriovski” bazasıdır ki, bura rəsmi məlumatlara görə, Kabardin-Balkar respublikasının prezidenti Arsen Kanokun yaxın qohumları nəzarət edir. “Şeremetyev” aeroportunun yaxınlığında yerləşən “Xlebnikovskaya” bazası isə inquşetiyalı məşhur iş adamı, Azərbaycanda da bir vaxtlar biznesi olan Mixail Qutseriyevə məxsusdur.
Aslan UsoyanRusiyanın flb.ru saytı yazır ki, “Pokrovsk” uğrunda konflikt 2009-cu ilin fevral-mart aylarından qızışıb. Sitat: “Əsas mübarizə ”Ded Xasan" klanına yaxın olan Baxış Əliyevlə Rövşən Canıyev arasında gedib. Meyvə-tərəvəz bazarı kimin üçünsə adi səslənə bilər. Amma bu biznesə nəzarətə prezidentin ətrafı, neft maqnatı və cinayət aləmi də mübarizə aparırsa, deməli, burada mübarizəyə dəyən nələrsə var".
“”Pokrovsk"da baş verənlərin səbəbini birmənalı kriminal savaş və ya kriminallara qarşı Moskva hökumətinin mübarizəsi kimi izah etmək çətindir. Çünki Rusiya ilə Azərbaycan hakimiyyəti arasında indi münasibətlər gərgindir və bunu rəsmi Bakıya xəbərdarlıq kimi də başa düşmək olar" - Rusiyada bizneslə məşğul olan həmyerlilərimizdən biri “Yeni Müsavat”a belə deyib.
Mənbəmizin dediyinə görə, tezliklə bu basqının əsl səbəbləri üzə çıxacaq: “Moskva hökuməti miqrantlarla mübarizəni gücləndirib. Sözügedən bazarda təkcə azərbaycanlılar deyil, Orta Asiyadan da xeyli sayda adam var. Amma hədəf kimi azərbaycanlıların seçilməsi düşündürücüdür. Hər halda, əgər bazarda ”əl dəyişəcəksə", bu, dərhal bilinəcək. Bu, kriminal qruplaşmaların sifarişi ilə keçirilən “təmizləmə”dirsə, deməli, tezliklə bazar uğrunda yeni qanlı müharibə başlayacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.