Kürdəmirdə hərbi xidmətə yarasız gəncləri orduya göndərirlər
22-08-2016, 10:14
Bu gün ölkəmizin artıq güclü və müasir orduya malik olması danılmaz bir həqiqətdir. Həmçinin bu da bir həqiqətdir ki, Azərbaycanda ordu quruculuğuna, silahlı qüvvələrimizin daim təkmilləşdirilməsinə yönəldilmiş işlər son dərəcə uğurla davam etdirilir. Bununla belə, təəssüf hissi ilə də olsa, etiraf etmək lazımdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) bəzi rayon şöbələrinin fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. Halbuki vətəndaşların orduya çağırışı və konkret ordu hissələrinə göndərişi ilə bağlı bütün səlahiyyətlərin Səfərbərlik xidmətinə verilməsindən sonra belə bir ictimai rəy də formalaşmışdı ki, artıq bu proseslər bəzi rüşvətxor hərbçi məmurlar üçün qeyri-leqal gəlir mənbəyi kimi öz əhəmiyyətini itirəcəkdir. Lakin bütün bu islahatlar nəticə etibarı ilə bəzi bölgələrdə rüşvət və korrupsiyadan əldə olunan gəlirlərin mənimsəmə imkanlarının sadəcə olaraq birilərinin əlindən digərlərinə keçməsinə səbəb oldu. O cümlədən, redaksiyamıza daxil olan məlumatlarda Səfərbərlik xidmətinin Kürdəmir rayon şöbəsinin fəaliyyətinin də bir sıra qanun pozuntuları ilə diqqəti cəlb etməsixüsusi vurğulanır. Bildirilir ki, hələ bir neçə il bundan əvvəl Kürdəmir rayon Hərbi Komissarlığının fəaliyyətində də müşahidə olunan bütün neqativ hallar, bu gün Həbib Əliyevin rəhbərlik etdiyi şöbə üçün də xarakterikdir. Məhz bu səbəbdən də rayondan yuxarı instansiyalara və kütləvi informasiya vasitələrinə bu şöbənin fəaliyyətindən doğan narazılıqların əks olunduğu şikayət ərizələri daxil olmaqdadır.
Artıq dəfələrlə qeyd etdiyimiz kimi, bu gün cəmiyyətdə formalaşmış ictimai rəy ümumiyyətlə Səfərbərlik xidmətinin fəaliyyətindən çoxsaylı narazılıqlarla diqqəti cəlb edir. Son zamanlar Səfərbərlik xidmətinin yerli şöbələrində çalışanların rəhbər vəzifəli şəxslərin avtomobillərinin, villalarının və ticarət obyektlərinin də sayının və qiymətlərinin durmadan artması isə, bu narazılıqların yaranmasını stimullaşdırır. Dövlət qulluqçularında bu qədər imkanların olması ölkə ictimaiyyətində haqlı etirazlar doğurur. Bu narazılığın da əsas səbəbi həmin bu var-dövlətin əslində vətəndaşlarımızın ciblərindən çıxmasıdır. Təbii ki, əgər baş verənləri bir qədər dərindən araşdırsaq, bu sahədə törədilən maxinasiyaların arxasında kifayət qədər rüşvətxorluq və digər korrupsiya əməllərinin, hətta dövlətə xəyanətin də durduğunu görmək olar. Səfərbərlik xidmətinin Kürdəmir rayon şöbəsinin fəaliyyəti barədə aldığımız açıqlamalar isə, bu yazılanları bir daha təsdiq edir. Bu xüsusda redaksiyamıza yerli mənbələr tərəfindən təqdim olunan məlumatlarda qeyd olunur ki, rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Açıqlamalardan birində isə, deyilənlərin təsdiqi kimi, bu yaxınlarda məhz Səfərbərlik xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən hərbi hissələrə göndərilmiş iki gəncin orduda xidmətə yararsız olmaları səbəbindən tərxis olunmaları faktı diqqət mərkəzinə çəkilir.
Məlumatlarda vurğulanır ki, şöbənin fəaliyyətində qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Mənbələrin iddialarına görə, Həbib Əliyevin “xeyir-duası” ilə Səfərbərlik xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işi hazırda əməlli-başlı biznes fəaliyyətinə çevrilmişdir...
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
Dia.az