Nuranə Mirzəyeva “epoxası”nın sonu çatdı

29-08-2016, 10:08           
Nuranə Mirzəyeva “epoxası”nın sonu çatdı
170 saylı məktəbin işdən çıxarılmış direktoru müəssisənin inventarlarını da maşına yükləyərək özü ilə aparıb

Bu günlərdə Bakının Sabunçu rayonunda yerləşən 170 saylı məktəbdən aldığımız açıqlamada bu orta təhsil müəssisəsinin direktoru Nuranə Mirzəyevanın işdən çıxarıldığı bildirilir. Açığını deyək ki, bu xəbər bizim üçün heç də gözlənilməz olmadı. Əksinə, artıq uzun müddətdən bəri bu məktəbdə baş verən neqativ hallara, ciddi qanun pozuntularına rəğmən Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən müvafiq qərarın indiyədək niyə qəbul edilməməsi bizi daha çox təəccübləndirirdi. 170 saylı məktəbdə yer almış qanun pozuntuları isə həqiqətən də ciddiliyi ilə diqqəti cəlb edirdi. Belə ki, birinci siniflərə şagird qəbulu ilə bağlı valideylərdən 100 manat məbləğində rüşvət alınması, buraxılış siniflərinin şagirdlərinə təqdim olunmuş attestat və şəhadətnmələrin hər birinə görə 50 manatdan olmaqla pul yığımları, məktəbdə tətbiq olunan “evdə təhsil” proqramının gedişində xüsusilə möhtəşəm maxinasiyaların həyata keçirilməsi Nuranə Mirzəyevanın yol verdiyi qanun pozuntularının heç də tam siyahısı deyil. Bir daha xatırladaq ki, aldığımız açıqlamalara görə, 2015-2016-cı tədris ilində 170 saylı məktəbdə tətbiq olunan maxinasiyaların böyük əksəriyyəti məhz “evdə təhsil” proqramının icrası ilə bağlı olmuşdu. Artıq deyildiyi kimi, ötən ildə “evdə təhsil” proqramı üzrə məktəbin 300-dən artıq şagirdinin təhsil aldığı rəsmi sənədlərdə qeydə alınıb. Onlara dərs deyən müəllimlərin sayı isə, 50 nəfərdən artıq olub. Mənbələrin iddiasına görə, direktor “evdə təhsil” proqramı üzrə dərs demək üçün təkcə 170 saylı məktəbin özündən deyil, həmçinin başqa məktəblərdən müəllimlər dəvət edirdi. Həmin müəllimlər isə, hər bir “xəstə” şagirdə görə, Nuranə Mirzəyevaya ilkin olaraq 1200 manat, sonradan isə, hər ay 50 manat pul ödəyirdilər...

Lakin bütün bunlar artıq necə deyərlər keçmişdə qaldı. Bununla belə, aldığımız açıqlamalara görə, Nuranə Mirzəyevanın törətdiyi maxinasiyalar kimi, məktəbdən gedişi də “möhtəşəm” olub. Görün bu barədə mənbənin verdiyi məlumatda nə yazılıb: “Həmin gün məktəbdə sanki zəlzələ baş verdi. Bu zəlzələnin episentri isə, keçmiş direktorun özü idi. Nuranə Mirzəyeva sanki bir fırtına kimi məktəbin binasını söküb dağtmaqda idi. Xadimədən tutmuş, müəllim heyəti də daxil olmaqla, müvəqqəti direktor təyin olunmuş tədris hissə müdiri Qəzənfər müəllimə kimi, hamı Nuranə Mirzəyevanın təhqir və söyüşlərinə məruz qalmışdı. Müəllimləri nankorluqda, mətbuata açıqlama verməkdə ittiham edən keçmiş direktor ilk növbədə məktəbin həyətinə bir “Qazel” avtomobili gətirdib, fəhlələrin köməyilə məktəbin invertarlarını, o cümlədən müxtəlif plakatları, gül dibçəklərini, texniki avadanlıqları maşına yüklədi. Tezliklə Nəsimi rayonunda hansısa məktəbə direktor təyin olunacağını iddia edən Nuranə Mirzəyeva dövlət vəsaitləri, qismən də müəllimlərdən yığılan pullar hesabına alınmış avadanlıqları özü ilə aparacağını bildirdi. Artıq maşında boş yer qalmadıqda isə, Nuranə Mirzəyeva qalan inventarları dağıdıb-sındırmağa, plakatları çırmağa başladı. Hətta Ulu Öndərimizin portreti də bu aqibətdən qurtula bilmədi. Təsəvvür edin ki, keçmiş direktor hirsindən, hikkəsindən telefon xətlərini belə divardan qopararaq, qırıq-qırıq etdi. Mən yoxamsa, bu məktəb də bərbad günə qalmalıdır, - deyən Nuranə Mirzəyevanın qopardığı mərəkəyə ətraf binalarda yaşayan qonşular da tamaşaya gəlmişdilər. Onu sakitləşdirməyə çalışan Qəzənfər müəllim isə, ən çox söyüş və təhqirlərə məruz qalanlardan biri oldu. Nəhayət, keçmiş direktor yaxın rəfiqəsi Ofeliya Mehdiyevanın bir neçə gün əvvəl katibə təyin etdiyi qızına bundan sonra məktəbdə baş verəcəklər barədə onu mütəmadi olaraq məlumatlandırmağı bərk-bərk tapşırıb, məktəbi tərk etdi. İnanın ki, indiyədək nə biz, nə tamaşaya gələn qonşular, nə də bu məktəbin divarları belə bir rüsvayçılığın şahidi olmayıb...”

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.bizimdovr.az
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.