Xaləddin İsgəndərov indi yazı müsabiqəsi elan edərsə... - Günahı başqasının üzərinə atmaq mərəzi...

26-05-2015, 16:26           
Xaləddin İsgəndərov indi yazı müsabiqəsi elan edərsə... - Günahı başqasının üzərinə atmaq mərəzi...
...Binəqədi rayonunun ümumi vəziyyətini hamı yaxşı bilir. Rayon başdan-başa təzad içindədir. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun jurnalistləri başına toplayaraq Binəqədinin sosial-iqtisadi inkişafı haqqında müsabiqə yazıları təşkil etməsi, özünü təriflətməsini... yaxşı xatırlayıram. Ötən il KİV-ə Dəstək Fondunun xətti ilə keçirilən (maliyyəni Binəqədi İH ödəyirdi) belə bir yazı müsabiqəyə mən də yazı təqdim etdim. Yazının ovqatı, təbii ki, RİH başçısının arzuladığı kimi deyildi deyə, yazım müsabiqədən “keçmədi”, yəni yer tutmadı. Bunu əvvəldən bilirdim deyə, heç üstünü də vurmadım. Axı bu yazılarda tələb RİH başçılarını tərifləmək, sözün qüdrətindən istifadə edərək göyün yeddinci qatına qaldırmaq tələb olunurdu.
Amma həmin ərəfədə jurnalist həmkarlarımdan birinin evinin yağış sularına qərq olunaraq uçmaq təhlükəsi ilə üz-üzə qalmasının, evin içində yarım metrə qədər su yığılmasının, nəhayət, jurnalistin vəziyyətinin nə dərəcədə təhlükəli olmasını sübut etmək üçün ayağına rezin “sapoq” geyinərək az qala Böyük Şor gölü ərazisi qədər ərazini basmış gölməçənin içində dayanmasını da görmüşdüm. Vicdanım yol vermədi ki, bütün bunların fonunda mən Binəqədinin sosial-iqtisadi inkişafını dilə gətirim. Düşünürdüm ki, rayonu və onun icra başçısını tərifləsəm dilim quruyar, qələmim qırılar, barmağım kompüterin knopkalarında alışıb yanar.
Bir sözlə, heç olmasa, “nə şiş yansın, nə kabab” məsələni rəhbər tutub əvvəlcə Biləcəridən Xırdalan qəbiristanlığına qədər olan magistral yol boyu salınmış təpəciklərdən, burada əkilmiş gül-çiçəkdən, gecələr yanan işıqlardan başlayıb Binəqədi parkını az da olsa yazıya gətirdim, sonra keçdim yuxarıda bəhs etdiyim gölməçiyə, Binəqədi enişində hər gün səhər-axşam hamını təngə gətirmiş tıxacın yaranma səbəbinə, Binəqədinin kəndlərinin sosial problemlərinə... Və həmin yazımda rayonda getdikcə vüsət almış bina bəzək-düzəklərinin fəsadlarına da toxunmuşdum. Yazmışdım ki, bu mənşəyi və tərkibi bilinməyən bu üzlük materiallar bütün dünyada yalnız ictimai təyinatlı tikililərdə istifadə olunur. Yaşayış yerində bunun istifadəsi qadağandır. Onda heç kimin ağlına da gəlmirdi ki, bu süni üzlük material, hətta 15 nəfərimizi dünyadan aparacaq, dövlətimizə nə qədər mənəvi və maddi ziyan vuracaq... Daha sonra Binəqədidə yerləşən Zərifə Əliyeva adına parkın arxasındakı zeytunluqdakı kababxanadan bəhs etdim, burada illər öncəsi əkilmiş ağacların necə kəsilib məhv edilərək yerində kababxanalar, binalar... tikildiyini yazdım.
Günahı başqasının üzərinə atmaq xəstəliyi

Sözümün canı var: neçə gün əvvəl Binəqədidə 15 nəfərin həyatına son qoymuş, 50-dən çox insanın zəhərlənərək xəstəxanaya düşməsinə bais olmuş yanğın hadisəsi baş verdi. Dərhal yadıma yuxarıda bəhs etdiyim həmin yazı-müsabiqə düşdü. Həmin yazıda KİVDF-nin Binəqədi RİH ilə birgə keçirdiyi tərifli yazı-müsabiqəsində “qalib” olmuş yazıları və həmin yazıların müəlliflərini, onların çalışdığı qəzetləri təkrarən yadıma saldım. Daha doğrusu, həmin qaliblər və onların çalışdığı KİV-lərin siyahısı KİVDF-nin saytında hələ də durur... Və ardınca da öyrənməyə çalışdım ki, görüm həmin KİV-lər Binəqədidə neçə gün əvvəl baş vermiş yanğınla bağlı nə yazıblar. Maraqlı mənzərə idi: təxminən bir il əvvəl Binəqədi RİH başçısı Xaləddin İsgəndərovu tərifləyib göylərə qaldırmış KİV-lər indi də qılıncın o biri tərəfini çevriib nələri yazmırdılar.
Belə vəziyyəti görəndə necə də dəli olmayasan?! Ən maraqlısı isə budur ki, RİH başçısı Xaləddin İsgəndərov “Yeni Müsavat”a müsahibəsində deyir ki, “Son durum belədir ki, hər kəs yerləşdirilib, dəfn mərasimləri təşkil olunub. Hansı bina ilə bağlı ekspert rəyi verilib ki, üzlüyü sökülsün, onlarla bağlı prospektdə bu gündən söküntülərə başlanılıb”. Sonra jurnalistin “İddia var ki, üzlükləri kafel kimi divara xüsusi mata ilə yapışdırmaq lazımdır və ancaq bu halda təhlükəsiz olar...” sualına başçı belə cavab verir: “Onu mən deyə bilmərəm. Bunu Fövqəladə Hallar Nazirliyi deyə bilər. Bu sahə üzrə fəaliyyət göstərən şirkətlər var. Onlara xüsusi lisenziya verilir - olar, olmaz, necə olar... Bu, mənim işim deyil. İcra hakimiyyəti olaraq baxırıq ki, hansının sertifikatı var, yoxdur. İşləməyə xüsusi lisenziyası varmı? Biz bu sahə ilə məşğuluq. Yoxsa ki, kimsə gəlsin ki, belə gözəldi, yaraşıqlıdır... Biz bununla iş görmürük ki...” deyir. X.İsgəndərov “Amma baş prokuror dünənki iclasda bunun əksini deyib. Bildirib ki, bu şirkətlərin icazəsi olmayıb...” sualına belə cavab verir:
-Yox, onlara sertifikat verilib. Necə yəni verilməyib? Baş prokuror isə dedi ki, onlarla müqavilə imzalanmayıb.
- O müqavilə kiminlə imzalanmalı idi?
- O müqavilə, sahibi həbsdə olan şirkətlə imzalanmalı idi. Bütün binaları üzləyən o şirkətlə. Bilirsiniz ki, şəhərin bir çox yerində çoxmərtəbəli binalar tikilib. O şirkət də bu üzlənməni həyata keçirirdi. Fövqəladə Hallar Nazirliyi də gəlib baxıb. Birmərtəbəli bina deyil ki, kiminsə görmədiyi iddia edilsin. Hər bir kəsin gözünün qabağında tikilib. Bizsə sertifikata baxandan sonra icazə vermişik ki, üzlənmə işi aparılsın... Hər bir kəsə tapşırılıb ki, gedin orda xidmət eləyin. Biz də baxıb görmüşük ki, ən çox buna tələbat var, bundan istəyirlər, biz də belə eləmişik. Mən də bunun tərkibini bilə bilmərəm. Sadəcə, baxmışam ki, sertifikatı var. Ona görə də qərar vermişik ki, binalarımız bu üzlüklərlə daha gözəl görünəcək, ondan binanın üzünə çəkmək lazımdır. Özünüz də görürsünüz ki, bu üzlüklərin görüntüsü necə də gözəl idi...
- O üzlüklərin tərkibi, keyfiyyəti ilə bağlı daha öncədən ekspertiza keçirilməmişdi ki?
- Onu deyə bilmərəm. Fövqəladə Hallar Nazirliyinin sertifikatı var, mən sertifikatına baxıb, razılıq vermişəm.
***
Bəli, Binəqədini süni üzlüklə gözəlləşdirməyə səy göstərən, indi isə yana-yana danışan icra başçısı doğrudanmı bu işdə maraqlı olmayıb? Heç uşaq da buna inanmaz. Çünki Bakının rayonlarında bir yerə, məsələn, bir mismar çalan kimi, gəlirlər ki, başçı icazə verməlidir... Xaləddin İsgəndərov isə bütün gücünü verdi gül-çiçək əkməyə, bir də üzlüklərə. Çünki bu iki şeydə yaxşıca pul var. Amma yağışlı havalarda yolları keçilməz olan, küçələri və həyətləri göllərə dönən Binəqədinin vəziyyətindən xəbərsiz olub. Süni iş görməyin axırı da belə olur... Daha doğrusu, “çölü bəzək, içi təzək” işlərin...
P.S.Görəsən, yenidən müsabiqə yazıları elan olunsa, Binəqədi rayonu və onun başçısı haqqında nələr yazılacaq?
Adil \\ tezadlar.az \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.