Səhiyyəmizin bəlaları - 7 saylı Ağciyər Xəstəlikləri dispanserindəki ilginc olay

26-05-2015, 16:41           
Səhiyyəmizin bəlaları - 7 saylı Ağciyər Xəstəlikləri dispanserindəki ilginc olay
Artıq həqiqətən səhiyyəmizlə bağlı hər gün hansısa problem, şikayət daxil olmasa təəccüblənərik. Son bir neçə ay ərzində demək olar ki, bütün xəbər portallarında, saytlarda hansısa dövlət xəstəxanası, poliklinikalarla bağlı məlumatlar daxil olur.

Hər zaman dönə-dönə qeyd etdiyimiz kimi, bu gün ölkəmizdə dövlət xəstəxanalarındakı qanun pozuntuları, həkimlərin məsuliyyətsiz davranışları, xəstələrdən nələsrinsə umulması və ən nəhayət dövlət hesabına maliyyələşmələrinə baxmayaraq, özəl tibb müəssisələrindən fərqlənməmələridir. Bildiyimiz kimi, dövlət xəstəxanalarında vətəndaşlara göstərilən xidmətlər pulsuz olmalıdır. Lakin bu gün heç də dövlət xəstəxanaları vətəndaşlara pulsuz xidmət göstərmir. Belə ki, dövlət xəstəxanalarında müxtəlif tibbi aparatlardan, müayinələrdən keçməyin adı pulsuz olsa da, heç kimə ödənişsiz xidmət göstərilmir. Birbaşa qəbz şəklində olmasa da, vətəndaşlardan istər ultrasəs müayinə, istər laboratoriya və sairə xidmətlərə görə açıq-aşkar pul tələb olunur. Bunu daxil olan şikayətlərə, əldə edilən məlumatlara əsasən demək olar. Həm də, dövlət xəstəxanalarında, özələ nisbətən daha çox xərc çıxır. Ümumiyyətlə, bu gün özünü həkim adlandırıb, ağ xalat geyinib, xəstələrin cibinə girən həkimlərimiz az deyil. Elə bu nöqteyi-nəzərdən də, artıq səhiyyəmizə, həkimlərimizə olan inam, etibar yox dərəcəsindədir. Bəzən həkimlərin səhlənkarlığı ucbatından baş verən ölüm hadisələri isə, ümumiyyətlə, hər kəsin gözünü qorxudub. Bu gün istənilən həkimə getdikdə, heç biri digər həmkarının yazdığı dərmanları, tətbiq etdiyi müalicə kursunu bəyənmir. Məcbur olub, həmin həkimin də, yazdığı dərmanları alırsan, amma, ortada heç bir nəticə olmur. Elə bununla da, həkimlərə olan inam itmiş olur. Ortada ilk olaraq itirdiyimiz can sağlığımız, daha sonra pulumuz olur. Bununla yanaşı, bu gün əksər tibb müəssisələrində nəzarət yox dərəcəsindədir. Həm palatalarda, həm xəstəxana girişlərində. Ümumiyyətlə, əksər xəstəxanalarda heç girişlərdə belə, gözətçi yoxdur. Həmçinin palatalarda da bir neçə xəstənin olmasını nəzərə alsaq, həmin xəstələrə də nəzarət edilmir. Elə bu günlərdə Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 7 saylı Ağciyər Xəstəlikləri dispanserində qətl hadisəsi qeydə alınıb. Belə ki, sözügedəntibb müəssisəsində müalicə olunan Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. Baş verən hadisə ilə bağlı 7 saylı Ağciyər Xəstəlikləri dispanserinin Baş həkimi Habil həkimin sözlərinə görə, Qazaxıstan vətəndaşı narkotik aludəçisidir və Buzovnada küçələrdə qalırmış. "Qatil narkotik maddə aludəçisi idi. Soyuqda qalmaqdan ağciyərləri iflas etmişdi. Axırda polislər tutub gətirdi bizim xəstəxanaya. Artıq vəziyyəti düzəlmişdi ki, belə iş etdi. Götürüb, otaq yoldaşının boyun nayihəsindən arteriya damarını kəsib, o da qanaxmadan ölüb. Çox pis vəziyyətdəyəm. Nə qədər xəstə adamlarla çalışmışam. Belə hadisə ilə üzləşməmişəm. Qatil İsmayılov Əjdər artıq tutulub"- deyə Habil həkim qeyd edib.

Həkimin sözlərinə görə, otaq yoldaşının boyun nayihəsindən arteriya damarını kəsib. Və qanaxmadan öldüyünü qeyd edir. Belə çıxır ki, nəzarət olmayıb və nəzarətsizlikdən xəstələr tək qaldıqları üçün belə bir hadisə yaşanıb. Ümumiyyətlə, bu kimi olaylar göstərir ki, 7 saylı Ağciyər Xəstəlikləri dispanseri kimi digər əksər xəstəxanalarda da nəzarət gücləndirilməli və növbətçi həkim və tibb bacıları daha ayıq-sayıq olmalıdırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.