İctimai tədbir zamanı 2 nəfəri bıcaqladı, sərbəst qaldı - LƏNKƏRAN POLİSİNDƏN ŞİKAYƏT
9-07-2024, 12:14
Lənkəran sakini olan iş adamından Prezident İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət
Lənkəran şəhəri, M.R.Vəssab küçəsi, ev 1-də yaşayan Nurəliyev Nurlan İbadulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, 29.06.2024-cü il tarixində Lənkəran şəhəri “Dosa Mall” Ticarət Mərkəzinin qarşısında rayon ictimaiyyəti üçün retro avtomobillərin sərgisinin keçirilməsinə, təşkilatçılara dəstək olaraq, özüm iştrak etməklə yanaşı, retro avtomobilləri olan yaxınlarımı da dəvət etmişdim. Tədbir zamanı Bakı şəhərindən özünəməxsus retro avtomobili ilə iştrak edən dostum, 24.07.1987-ci il təvəllüdlü İsmayılov Arifin bir qrup gənclərlə mübahisəsini gördüm. Mən yaxınlaşıb gəncləri sakitləşdirməyə çalışsam da, onlar məsələni tədbirdən kənarda müzakirə etməyi təkid etdilər. Tədbirin pozulmaması üçün məcbur olub kənara çəkilmək qərarını verdik.
Tədbirdən bir az kənarlaşan kimi, Ramal adlı şəxs söyüş və təhqirlərlə dostum Arifə üzərində gəzdirdiyi bıçaqla qəfildən zərbələr endirməyə başladı. Bu zaman Ramilə yaxınlaşıb onu sakitləşdirmək istəyəndə mənə də bıçaqla zərbə endirdi və dərhal hadisə yerindən dostları ilə qaçdı. Mən və Arif təcili yardım avtomobili vasitəsi ilə Rayon Mərkəzi Xəstəxanasına aparıldıq, orada cərrahiyə şöbəsinə qəbul etdilər. Cərrahiyə şöbəsində hər ikimizə təcili olaraq cərrahi müdaxilə etdilər. Cərahiyyə şöbəsində Arifin sol qolunun bazu hissəsinin arxa tərəfinə (ürək nahiyəsinə yaxın) səkkiz, boyun hissəsinə (qulağının altına) dörd, sinə hissəsinə iki, mənim isə sol böyrümə (ürəyin alt hissəsi) iki cərrahi tikiş qoyuldu. Hadisənin ertəsi günü hər ikimiz xəstəxanadan buraxıldıq.
30.06.2024-cü il tarixində rayon Polis Şöbəsində hər ikimizin hadisə ilə bağlı izahatı alındı. Mənə bir bıçaq zərbəsi, İsmayılov Arifə isə üç bıçaq zərbəsi endirmiş Ramal Sədaqət oğlunun saxlanıldığını bildirdilər.
04.07.2024-cü il tarixində mənə məlumat verdilər ki Ramal Sədaqət oğlunu sərbəst buraxıblar. Yaxınlarım rayon Polis Şöbəsinin Ülvi adlı müstəntiqi ilə əlaqə saxladılar. Müstəntiq Ramalın sərbəst buraxılmasını təsdiqlədi.
Üzərində bıçaq gəzdirən, ictimai tədbir zamanı asayişi pozaraq xuliqanlıq edib iki şəxsə qəsdən 4 bıçaq zərbəsi vuraraq, ciddi xəsarət yetirən ictimai təhlükəli adamın bir müddət Lənkəran rayon Polis Şöbəsində saxlanıldıqdan sonra sərbəst buraxılması məni və yaxınlarımı hiddətləndirir.
Cənab Prezident!
Cənab Nazir!
Lənkəranın sosila-iqtisadi inkşafına töhvəsi olan, mədəni-ictimai tədbirlərə aktiv dəstək verən və 120 nəfər işçi heyəti olan fabrik sahibi olaraq, Sizdən ictimai təhlükəli adam olan Ramalın dərhal saxlanılması üçün hüquq mühafizə orqanlarına göstəriş vermənizi və bu cinayət işinə məsuliyyətsiz yanaşan müvafiq şəxslərin cəzalandırılmasını xahiş edirəm”.
Hazırladı: Jalə FAMİLQIZI
Hurriyyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Qeyd: Fotoda iş adamı Prezidentlə yanaşı.