Oliqarx Fətiyev 5 illik fasilədən sonra yenə siyahıda – YAP biznesmeni dəstəklədi…
18-07-2024, 07:54
Biznesi ilə hər zaman tanınan Xanlar Fətiyevin deputatlığa namizədliyi bir çağırış seçki sonrası yenidən dəstəklənib. Maraqlıdır ki, o, 98 saylı Bərdə-Tərtər seçki dairəsindən namizəd olaraq irəli sürülüb.
Xatırladaq ki, Xanlar Fətiyev daha əvvəl 4 və 5-ci çağırış seçkilərdə deputat olub, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputat adı qazanıb. Amma 6-cı çağırış seçkidə deputat olmayıb. Bu dəfə ona yenidən şans verilib. Xanlar Fətiyev hazırda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədridir.
Bir müddət əvvəl jurnalist Cavanşir Həsənli Xanlar Fətiyevin Avropanın bir sıra ölkələrində qurduğu şirkətlər barəsində sənədləri açıqlamışdı.
Berlində, Ştutqartda şirkətlər açıb, nə az-nə çox 3 milyon avrodan artıq yatırım edib.
Gəncə Avtomobil Zavodunun rəhbərinə məxsus avtomobillərin icarəsi ilə məşğul olan AZNUR GMBH şirkətinə məxsusdur.
Şirkət 2010-cu il iyunun 15-də Charlottenburg (Berlin) ədliyyəsində nizamnamə kapitalı 25 min avro olmaqla HRB 127288 B saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Müxtəlif vaxtlarda Sona Osmanova, Murad Süleymanov, Fəxri Həsənov tərəfindən idarə olunub. Berlinin AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərən şirkətin hazırki direktoru Elvira Şahbazovadır. Elvira Şahbazova bir müddət həm də Berlində Fətiyevə məxsus, 2006-cı ilin fevralından fəaliyyət göstərən, dövriyyəsi 1 milyon avrodan yuxarı olan BRASIL GASTRO GMBH adlı şirkəti və eyni adlı restoranı idarə edib.
Xanlar Fətiyev bir müddət adıçəkilən restoranı tanıdığını və orada olduğunu etiraf etsə də, “Brasil Brasileiro”nun ona məxsus olduğunu təkzib etmişdi.
Deputatın Almaniyadakı daha bir şirkəti 2010-cu ilin oktyabr ayında Ştuttqart şəhərində AZNUR STUTTGART GMBH adı ilə 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. 2016-cı ilin aprelin 20-də şirkət yenidən Charlottenburg (Berlin) ədliyyəsində HRB 176094 B saylı lisenziya ilə qeydiyyatdan keçirilib və AZNUR TRAVEL GMBH adı ilə Berlində Fətiyevin avtomobillərinin kirayəsi ilə məşğul olan AZNUR GMBH-nin ofisində, AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərməyə başlayıb, yeni nizamnaməyə uyğun olaraq turizm xidmətləri göstərir.
AZNUR adı altında Fətiyevin Gəncə Avtomobil Zavodundan şaxələnən biznesi Maltaya, İspaniyaya qədər uzanıb. İspaniyanln Ciudad aeroportunda da AZNUR-un kirayə avtomobilləri xidmət göstərir.
Deputatın Belarusiya paytaxtındakı taksi xidməti ilə məşğul olan digər şirkəti AZNUR TAKSİ (Прыватнае ўнітарнае прадпрыемства па аказаннi паслуг “АЗНУР Таксі”) 2015-ci ilin sentyabrın 14-dən fəaliyyətə başlayıb.
Moskva və Kiyevdə də şirkətin avtomobillərin icarəsi xidməti göstərən filialları var.
“Belaruski” supermarketi də ona məxsusdur.
Buna qədər Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.
1. Tbilisi, 10 I. Abashidze St.
2. Tbilisi, 34 Ts. Dadiani St, B. 5
3. Tbilisi, 4/2 Gulia Sq.
4. Tbilisi, Gldani, II M/D, 1 Pore Mosulishvili St.
Marketlər Fətiyevin Gürcüstandakı AZNURGEORGIA şirkəti tərəfindən idarə olunur.(tribunainfo)