Bakıdakı dendropark belə məhv edildi... - Foto
27-05-2015, 01:30
Bu park bir vaxtlar paytaxtın ən gözəgəlimli, səliqəli və yaşıl guşələrindən biri idi. Onu mikrorayonların arasındakı yaşıl vahə də sayırdılar.
Sovet vaxtından paytaxt sakinlərinin istifadəsinə verilmiş bu park bakılılara daha çox “Pitomnik” adı ilə tanışdır. Sonradan adını dəyişib “Dendropark” qoyublar.
Bu möcüzəvi “yaşıl ada”nı digər parklardan fərqləndirən əsas özəlliyi onun fərqli layihəsi və burada orijinal bitkilərin əkilməsi idi. Burada əsasən dekorativ ağac, kol və bitkilər əkilmişdi. Parkın ərazisində istilikxanalar vardı. Burada peşəkar bağbanlar və botanik-alimlər çalışırdı. Öz hovuzu, süni gölməçələri, şəlalələri və orijinal körpüləri olan bu bağda ekzotik quşlar da bəslənirdi. Bu park azyaşlıların ən sevimli əyləncə məkanlarından idi.
Lakin təəssüf ki, bütün bunlar artıq keçmişdə qalıb. Bir vaxtlar buradakı tikililərdə məcburi köçkünlər məskunlaşmışdı. Baxımsız qalan parkda sonralar çox hadisələr yaşandı. Gölməçələrin təmizliyini təmin edən qurğu və avadanlıqlar sıradan çıxdı, dağıdıldı, talan edildi. Gölməçələr qurudu, onların yerini qamışlıq basdı. Burada yaşayan köçkünlər ağaclara nə qədər qulluq göstərməyə çalışsalar da bağ öz gözəlliyini sürətlə itirməyə başladı.
İndi bu parkın ərazisində heç kəs yaşamır. Lakin vəziyyət daha acınacaqlıdır. Bir neçə il əvvəl bu parkən həndəvərində çoxmərtəbəli binalar tikməyə başlayıblar. Binalardan biri parkın ərazisində tikilib. Tikintidə istifadə olunan texnika parkın ərazisini tanınmaz hala gətirib. Ətrafı zibil basıb. Qupquru hovuzlar, qamış basmış süni gölməçələr, yanmış ağaclar... - bu kədərli mənzərəni görəndən sonra burada bir vaxtlar gözəl bir parkın olduğuna heç cür inanmağın gəlmir.
Halbuki akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri Klinikasının yaxınlığında olan bu parkı bu illər ərzində bərpa edib əvvəlki halına gətirmək olardı.
Virtualaz.org saytının fotoreportyorunun çəkdiyi dendroparkın son acınacaqlı vəziyyətini əks etdirən fotoları təqdim edirik.