Abid Şərifovun "müəmmalı" ALABALA-sı tapıldı- “Azərqarartikinti” ASC-nin sahibi deputat Ağalar Vəliyev imiş
27-05-2015, 07:16
Videokadrlarda “Azərqarartikinti” ASC-nin sahibi olan deputat Ağalar Vəliyev baş nazirin müavinin yanındadır və gülümsəyir...
Binəqədi rayonunda yanan binanın təmiri Milli Məclisin deputatı, “Azəraqrartikinti” ASC-nin sədri Ağalar Vəliyevə həvalə olunub. Bununla bağlı azvision.az-a açıqlama verən millət vəkili Ağalar Vəliyev bildirib ki, binanın təmiri üçün hazırda layihə-smeta sənədləri hazırlanır.
Deputatın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin tədqiqat qrupu binanı tam müayinə etdikdən sonra üzlüyə vurulan material müəyyən ediləcək: “İki cür üzlük materialı fikirləşirik. Biri adi suvaq, digəri də makironaqrafit üzlük. Hələlik tam dəqiq deyil. Amma düşünürük ki, üzlük keyfiyyəli materialdan olsun. Layihə-smeta sənədləri tam hazır olduqdan sonra biz binanın hansı müddətə təmir olunacağını deyə bilərik. Ola bilsin ki, binada bərpa-gücləndirmə işlərinə ehtiyac oldu.
Qərar verilib ki, bina tam dayanıqlıdır. Amma bəzi yerlərdə əlavə müayinə işləri aparılır. Ola bilsin ki, bəzi birləşən hissələrdə gücləndirmə işləri aparılsın”.
Şirkət rəhbəri əlavə edib ki, yanan bina ən qısa müddətdə təmir olunaraq təhvil veriləcək.
Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb. Hadisə nəticəsində bina yararsız vəziyyətə düşüb. Ölkə başçısının sərəncamı ilə binanın təmiri üçün 3 milyon manat vəsait ayrılıb.
Xatırladaq ki, jurnalistlər yanğın baş verən binaya baş çəkən baş nazirin müavini Abid Şərifovdan təmir işlərinin hansı şirkətə taprşırılacağını soruşanda baş nazirin müavini belə cavab vermişdi: “Sənə nə dəxli var hansı şirkətə? Nə üçün bilməlisən kimdir? Alabala. Sonra? Sənə dəxli var kimdir? Kimdi, nədi, hansı şirkətdir... Mənəm, mənim şirkətimdir. Yaz”.
Abid Şərifovun jurnalistə bu kobud cavabı geniş rezonansa səbəb oldu və baş nazirin müavini kəskin tənqidlərə məruz qaldı.
İndi isə məlum olur ki, Abid Şərifov jurnalistlərlə belə danışanda həmin “Alabala” şirkətinin sahibi də onun yanında imiş.
Videokadrlarda “Azərqarartikinti” ASC-nin sahibi olan deputat Ağalar Vəliyev baş nazirin müavinin yanındadır və gülümsəyir...
“Azəraqrartikinti” ASC dövlət büdcəsindən maliyyələşdirilən tikinti layihələrini - məktəblərin, uşaq bağçalarının, inzibati binaların tikintisini həyata keçirir. Habelə yaşayış binaları inşa edir. Daha doğrusu, bu sifarişləri alır və tikinti işlərini podratçı şirkətlərə həvalə edir. “Azəraqrartikinti” ASC davamlı olaraq Bakı Şəhər İcra Hakimiyyətinin və Nazirlər Kabinetinin keçirdiyi tenderlərinin qalibi olur.