Heydər Əsədov baytarlıq problemini bir türlü həll edə bilmədi... - NARAZILIQ
27-05-2015, 20:47
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasında bir sıra neqativ hallar yaşanmaqdadır. Qeyd edək ki, Respublika Baytarlıq Labaratoriyasının direktoru Füzuli Quliyevdir.
Bu şəxs vəzifəyə gətiriləndə ondan çox şey gözlənilirdi. Hesab edirdilər ki, bu sahədəki problemlərin həlli istiqamətində müəyyən işlər görüləcək. İşin səmərəliliyi artacaq. Lakin bu gözləntilər özünü doğrulda bilmədi. Əldə etdiyimiz məlumata görə, Füzuli Quliyev öz işində nösanlara yol verir. Müəyyən şərtlər altında ölkəyə daxil olan məhsullara yalançı möhürlər vurur. Bu birbaşa həm dövlətin, həm də istehlakçıların aldadılmasıdır.
O ölkəyə idxal olunan və ölkədən ixrac edilən ərzaq məhsulları, ət və ət məhsullarına nəzarət etməli olduğu halda, işində özbaşınalığa, qanunsuz əməllərə yol verir. Lakin əldə etdiyimiz məlumata görə laboratoriya müdiri müəyyən şərtlər qarşılığında möhür vurur. Hətta ərzaq məhsullarında, xüsusilə də ət və ət məhsullarında nəsə aşkarlanarsa, müəyyən yollarla bu işi yoluna qoyur.
Bu gün Dövlət Baytarlıq Xidmətinin qarşısında bir çox mühüm əhəmiyyətli məsələlərin həlli kimi vacib vəzifələr durur. Lakin Xidmətin strukturlarına rəhbərlik Füzuli Quliyev kimi kadrlar tərəfindən həyata keçirildikcə, bu vəzifələrin icrası hələ çox problemlərlə müşayiət olunacaq.
Bundan başqa ölkədə broyler toyuqlarının şişirdilməsi məsələsi gündəmə gəlmişdi. Hətta həmin prosesi əks etdirən video da saytlara yerləşdirilmişdi. Bütün bunlar onu göstərir ki, Respublika Baytarlıq Laboratoriyasının bu işə nəzarəti zəifdir. Əslində bu məsələ geniş kütlə qarşısına çıxmamış yerindəcə həll edilməli idi. Lakin sözügedən struktur işində məsuliyyətsizlik nümayiş etdirərək bu məsələyə biganə yanaşıb. Hətta deyilənə görə bu qurum fəaliyyətində şəffaflığa yol vermir. Yalnız və yalnız öz maraqları üçün çalışır. Ona görə də bu gün ölkədə xəstəliklərin sayı durmadan artır. Hətta toyuq ətindən dönərlərin hazırlanmasına icazə verilməməsinə baxmayaraq, hələ də satışda toyuq dönəri var. Baytarlıq Laboratoriyasının nəinki ölkədə istehsal olunan, hətta xaricdən idxal olunan quş ətinə olan nəzarəti sıfıra bərabərdir. Füzuli Quliyevin bu yarıtmaz fəaliyyəti cəmiyyətin xəstəliklərə tutulmasına şərait yaradır. Belə şəxslərin fəaliyyətinə nəzarət demək olar ki, yoxdur. Əgər nəzarət olsaydı, bu cür qurumlar öz işlərində məsuliyyətli olardılar. Əgər vəziyyət belə davam edərsə, insanlar səhhətlərini qoruya bilməyəcəklər və Quliyev kimi məmurların qurbanı olacaqlar. Bu cür şəxslər nəzarətsizlikdən istifadə edib, öz maraqları üçün çalışacaqlar. \\ "Gündəlik Bakı" \\