Daha bir şirkətin qoçu dəstəsi - Heç bir qanunu saymayan “Qafqaz Lizinq”

27-05-2015, 21:09           
Daha bir şirkətin qoçu dəstəsi - Heç bir qanunu saymayan “Qafqaz Lizinq”
Bir müddət bundan əvvəl əsasən “Baku Electronics”in filial şəbəkələrində brend məhsulların istehlak kreditlərini həyata keçirən “Qafqaz Lizinq” ASC haqda ölkə mətbuatında tez-tez materiallar dərc olunmaqda idi. Həmin materiallarda isə daha çox “Qafqaz Lizinq”in borclu müştərilərinə qarşı son dərəcə amansız və haqsız rəftarından bəhs olunurdu. Məsələ bundadır ki, ASC borclu müştəriləri barədə məhkəmə iddiası qaldırarkən hər dəfə cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və dəymiş zərərin ödənilməsini tələblərini irəli sürür. Borclu müştərilərin etirazlarına səbəb olan məqam isə hər dəfə bu olub ki, ASC cavabdeh tərəfindən iddia qaldırılan tarixədək ödənilən məbləğlərlə bağlı qeydləri məhkəməyə təqdim etmir. Yəni belə çıxır ki, ASC həm məhkəmə tarixinə qədər ödənilən vəsaitlərə sahiblənir, həm də sonradan lizinq obyektini (bura müxtəlif növ avtomobillər də daxildir) geri alır. Həmçinin geri alınan avadanlığın sonradan başqa bir müştəriyə təzə avadanlıq kimi təkrar satılması da faktdır. Məlumat üçün bildirək ki, “Qafqaz Lizinq” ASC əsası 30 oktyabr 2007-ci ildə qoyulan bir lizinq şirkətidir. Şirkətin rəsmi saytında ASC-nin fəaliyyəti belə təqdim olunur: “Şirkət iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Şirkətin əsas müştəri hədəfi kiçik və orta sahibkarlar, o cümlədən az təminatlı insanlar qrupu olduğundan təqdim etdiyi məhsullar da bu təbəqə üçün uyğunlaşdırılmışdır. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir. “Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikrolizinq məhsulları təqdim edən lizinq şirkətidir. ” Maraqlıdır ki, saytın “rəhbərlik” bölməsində ASC-nin rəhbərlərinin kimliyinə dair heç bir məlumat yerləşdirilməmişdir. Lakin müştərilər üçün təbii ki, ilk növbədə şirkətin fəaliyyəti əhəmiyyət kəsb edir. “Qafqaz Lizinq” isə daha çox borclu müştərilərinə çətin həll olunan problemlər yaratmaqla tanınır. Digər tərəfdən isə, əgər əvvəllər ASC bu problemləri az-çox ölkə qanunları çərçivəsində hərəkət etməklə, yəni məhkəmələrə müraciət edərək yaradırdısa, bu gün artıq şirkət rəhbərləri buna da lüzum görmürlər. Bu xüsusda aldığımız məlumatlardan məlum olur ki, artıq “Qafqaz Lizinq” ASC-nin əməkdaşları özləri həm məhkəmə, həm də icra orqanlarının səlahiyyətlərini yerinə yetirirlər.Redaksiyamıza müraciət etmiş Qaradağ rayon sakini Niftəliyev Hacıağa Əli oğlu öz ərizəsində bildirir ki, o, bir müddət bundan əvvəl “Qafqaz Lizinq” ASC-nin Naxçıvani küçəsində yerləşən filialinda 5 (beş) nəqliyyat vasitəsi girov qoyaraq, 92 000 (doxsan iki min) manat məbləğində müqaviləyə imza atıb. Məqsəd qoşqulu yük avtomobilinin alınması olub. Ərizədə yazılır: “Sonra məndən pullar hazır olana kimi aşağıda çayxanada gözləməyimi xahiş ediblər. Yarım saat sonra zəng vurub yuxarı dəvət edərək, kassadan kənarda, dəhlizdə 81300 AZN pul təqdim ediblər. Soruşanda ki, 10700 AZN hanı? Bildiriblər ki, komitə sədri olaraq Xalid müəllimin bu işdə icazəsi olduğu üçün onun və bir neçə nəfərin payı var bu pulda. Ramil, Renat, Zaur və Aydının. Mən də məcbur olaraq 81300 AZN-i götürüb getdim. Pulu aldıqdan sonra 36 ay ərzində 121 476 AZN həmin Lizinq şirkətinə pul ödəmişəm. Faiz dərəcəsi ilə birgə 128000 AZN həmin şirkət pul ödəməli idim. Həmin şirkətə 6756 AZN borcum qalıb. 20.05.2015-ci il tarixdə Ramil, Renat, Zaur, və Rövşən aldığım qoşqulu yük avtomobilinə basqın edərək mənə 21000 AZN borcum olduğunu bildirib, maşını zor gücü ilə əlimdən aldılar...”Göründüyü kimi “Qafqaz Lizinq” ASC artıq problemlərin həlli üçün nə məhkəmə qərarlarının alınmasına, nə də ümumiyyətlə hər hansı qanunni addımların atılmasına ehtiyac belə duymur. Hacıağa Niftəliyev isə düşdüyü vəziyyətdən yeganə çıxış yolunu ölkə rəhbərliyinə müraciət etməkdə görür.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.