Həkimlər həyəcan təbili çalır — Elmi-Tədqiqat Pediatriya İnstitutunda nə baş verir? (FOTOLAR)
23-08-2024, 12:04
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxovaya qarşı ağır ittihamlar irəli sürülüb.
Demokrat.az-ın xəbərinə görə A.Poluxova tibb müəssisəsinə direktor təyin olunandan sonra institutda bir sıra qanunsuz əməlləri ilə gündəmə gəlib.
Tibb elmləri namizədi Yeganə Qasımovanın bununla bağlı iddialarını “Haqqın.az” saytına açıqlayıb.
O qeyd edib ki, uşaq ölümü ilə bağlı statistikanı azaltmaq üçün müəssisəyə ağır xəstələrin qəbuluna məhdudiyyətlər qoyulub.
Y.Qasımova bildirib ki, TƏBİB-in tabeliyindəki özəl klinikalardan və dövlət xəstəxanalarından gətirilən ağır vəziyyətdə olan körpələr çarpayı çatışmazlığı bəhanəsi ilə qəbul edilmir.
Direktorun bu göstərişi ilə razılaşmayan həkimlərə təzyiq göstərilib.
Bundan əlavə, xəstəxana bütün lazımi dərmanlar və tibbi ləvazimatlarla təmin olunsa da, valideynlər əlavə dərman almağa məcbur edilir.
İnstitut rəhbərliyinin müxtəlif bəhanələrlə həkimlərdən dəfələrlə pul yığdığı da iddia olunur:
“2017-ci ildə İnstitutun Elmi Şurasının keçirdiyi müsabiqənin nəticələri əsasında Anesteziologiya və reanimasiya elmi şöbəsinin müdiri vəzifəsinə təyin olundum. Hələ də bu vəzifədə çalışıram. 2001-ci ildən İnstitutda işləyirəm”, - deyə Y.Qasımova bildirib.
Y.Qasımova onun və bir neçə həmkarının adının institutun direktorunun “qara siyahı”sına salınmasından şikayətlənib. Buna səbəb onların Poluxovanın tələbləri ilə razılaşmamaları olub:
“2023-cü ilin sentyabr-oktyabr aylarında reanimasiya şöbəsində həkimlərlə şöbə müdiri Regina Nemətova arasında münaqişə yarandı. Çünki həkimlərə verilməli olan mükafatların bir hissəsi rəhbərlik tərəfindən mənimsənilmişdi. Bununla bağlı direktora şikayət edilsə də tədbir görülmədi”, - deyə Y.Qasımova söyləyib.
Y.Qasımova həmçinin əlavə edib ki, Poluxova barəsində şikayət edən həkimlərdən biri haqqında ondan mənfi rəy yazmağı tələb edib.
Həkimin vəfat edən pasientinin ölümün səbəbləri hərtərəfli araşdırılıb və heç bir tibbi səhv aşkar edilməyib. Lakin həkimin cəzalandırılmasını istəyən Poluxova Y.Qasımovanı mənfi rəy yazmağa məcbur edib.
O isə bundan imtina edib və nəticələrə uyğun obyektiv rəy yazıb.
Y.Qasımova onu da bildirib ki, xəstəxanadakı rüşvət halları barədə Səhiyyə Nazirliyinə sübutlar təqdim edilib:
“Pediatriya İnstitutu üçüncü dərəcəli tibb müəssisəsidir və bu o deməkdir ki, bizə ağır xəstələr göndərilir. Lakin Poluxova TƏBİB-in xəstəxanalarından ağır xəstələrin qəbul edilməməsi barədə göstəriş verib, çünki ölüm halları İnstitutun statistikasına mənfi təsir göstərir. Poluxova bu barədə həkimlərin votsap qrupunda xəbərdarlıq edib”.
Y.Qasımovanın sözlərinə görə təcili tibbi yardım maşını ilə gətirilən ağır xəstələr qəbul edilmir, halbuki belə hallarda hər saniyənin öz hökmü var:
“German Hospitaldan gətirilən yenicə dünyaya gələn və vəziyyəti ağır olan körpə ilk 24 saat ərzində xəstəxanaya buraxılmadı. Atası Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi ilə əlaqə saxladıqdan sonra uşağı qəbul etdilər. Lakin bundan sonra da direktor şifahi olaraq həkimlərdən xəstəyə köməklik göstərməməyi tələb etdi.
Əlbəttə ki, həkimlər direktorun göstərişinə əməl etməyib, ağır vəziyyətdə olan uşağı müalicə etmişdilər. Sağaldıqdan sonra baş verənlərdən xəbəri olmayan valideynlər institutun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və bununla da direktor məsələdən xəbər tutub. Ağır xəstələrdən birinə “Kursorf” və immunoterapiya dərmanı lazım idi. Poluxova isə bunları verməməyi tapşırmışdı, dedi ki, antibakterial və infuziya dərmanları kifayətdir. German Hospitaldan xəstə qəbul etməməyi tapşırdı”.
Y.Qasımova daha bir faktı bölüşüb:
“Bu il yanvarın 5-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsindən ağır vəziyyətdə olan yeni doğulmuş körpənin xəstəxanamıza köçürülməsi ilə bağlı müraciət daxil oldu.
Ertəsi gün təcili yardım maşını uşağı İnstituta aparıb. Lakin direktor dərhal reanimasiyaya başlamaq əvəzinə, qurumlar arasında koordinasiyanın olmadığını əsas gətirərək körpəni müalicə etməkdən imtina etdi. Körpənin sonrakı taleyi barədə heç nə bilmirik.
Eşitdiyimizə görə, o, Sumqayıt Perinatal Mərkəzinə aparılıb və bir müddət sonra orada dünyasını dəyişib. İstənilən halda reanimasiya şöbəsinə yerləşdirilən hər bir uşağa müvafiq yardım göstərilməlidir, yalnız bundan sonra növbəti prosedurlar mümkündür”.
Y.Qasımova bu faktları Baş Prokurorluğa təqdim etməyə hazır olduğunu vurğulayıb.
O, həmçinin əlavə edib ki, onun əmək müqaviləsi birtərəfli qaydada dəyişdirilib, yeni müqavilədə fərqli iş saatları göstərilib və maaş azaldılıb:
“Elmi bölmələrin adları dəyişdirildi və buna görə də bizimlə yeni əmək müqavilələri bağlandı. Mükafatlar qeyd edilmədi. Üstəlik, müqavilələr müvəqqəti oldu ki, istənilən vaxt işdən çıxarıla bilək. Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra bu sənədlərə yenidən baxıldı. Bütün işçilər işdən çıxıb, bircə mən qalmışam. Ağır vəziyyətdə olan körpəsinin xəstəxanaya qəbul edilməsi üçün valideyni yalvarırdı. Valideynlər niyə tibbi yardım üçün yalvarmalıdırlar?".
Y.Qasımova qeyd edib ki, pasientlərəqarşı qeyri-insani rəftar nəticəsində xəstələrin sayı azalıb. Buna görə də şöbə müdiri Regina Nemətova hər vasitə ilə xəstələrin sayını artırmaq məqsədilə bəzi addımlar atmağa başlayıb. Hətta, reanimasiyaya ehtiyacı olmayan ambulator xəstələr reanimasiya şöbəsinə yerləşdirilib, çünki əks təqdirdə İnstitutun maliyyələşdirilməsi azala bilərdi. Nemətova müxtəlif bəhanələrlə reanimasiya şöbəsinin həkimlərindən pul yığmaqda da ittiham edilir.
Qasımova ona təzyiq göstərildiyinə dair daha bir faktı açıqlayıb.
Bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin adından ona guya keçirilmiş yoxlamanın nəticələri barədə saxta arayış verilib. Hərçənd Xidmətdən bildirib ki, onların aktında belə bir bənd yoxdur:
"Ötən ayın 29-da məzuniyyətə çıxdım. Aynur Poluxova da məzuniyyətdə olduğu üçün ərizəmi institutun baş həkimi, direktor əvəzi Gündüz Ağayev imzalayıb. Lakin kadrlar şöbəsinin əməkdaşı Nərgiz Bəkirli və hüquqşünas Ziya Qəmbərov məni təhdid etdilər ki, Əmək Müfəttişliyinə verdiyim şikayətimdən imtina etməsəm, məzuniyyətə buraxılmayacağam”, - deyə Y.Qasımova bildirib.
Onun sözlərinə görə, N.Bəkirli və Z.Qəmbərov direktorla əlaqə saxlayıb, o isə Qasımovanın Səhiyyə Nazirliyinə, Əmək Müfəttişliyinə və Maliyyə Nazirliyinə göndərdiyi bütün ərizələrin geri götürülməsini istəyib. Məsələyə baş həkim müdaxilə etdikdən sonra əmr təsdiqlənib. Y.Qasımova institutun direktoru və Regina Nemətovanın törətdiyi qanun pozuntularının araşdırılmasını tələb edir.
Aynur Poluxova informasiya sorğusuna cavab olaraq bildirib ki, hazırda xaricdə müalicə alır.
Məsələ ilə bağlı xəstəxananın baş həkimi və direktor əvəzi Gündüz Ağayev sayta açıqlamasında bildirib ki, ağır xəstələrin özəl və dövlət xəstəxanalarına qəbuluna qadağa qoyulması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil:
“Yalnız bir məhdudiyyət var. Birincisi, uşağın vəziyyəti bir xəstəxandan digərinə təxliyə edilməsinə imkan verməlidir ki, xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişməsin. İkincisi, xəstəxanaya daxil olduqdan sonra uşağı qoşmaq üçün süni nəfəs aparatı olmalıdır. Boş aparat olarsa, xəstəni qəbul edirik, olmasa, təxliyə qrupuna bu barədə məlumat veririk”. Baş həkim onu da qeyd edib ki, aparata qoşulmaq növbə ilə həyata keçirilir:
“TƏBİB-in tabeliyindəki bəzi qurumlar təxliyə qrupuna qoşulmaq istəmir. Ağır xəstələrin hansı xəstəxanadan köçürüldüyünə fərq qoymuruq. Bəzən rayonlardan xəstəxanaya gətirilən uşaqlardan aparata qoşulmaöa ehtiyacı olmayanları dərhal qəbul edirik. Cihaza ehtiyacı olanlar isə bir-iki gün gözləməli olurlar”.
G.Ağayev xəstənin yaxınlarının dərman almağa məcbur edilməsi ilə bağlı ittihamlara da münasibət bildirib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi institutu hər cür lazımi dərman preparatları ilə təmin edir, lakin təcili vəziyyət yaranır və dərmanı gözləmək lazım gəlir:
“Bu zaman xəstənin yaxınları lazımi dərmanı özləri almalı olurlar. Bəzən dərman anbarda olmayanda biz ya gərək valideynləri qorxutmamaq üçün yalan danışaq, ya da uşağın müalicəsi üçün onları dərman almağa göndərək. Səhiyyə Nazirliyi bizi dərmanların 99 faiz dərmanla bizi təmin edir. Valideynlərin dərman aldığı hallar nadirən yaşanır”.
G.Ağayev qeyd edib ki, həkimlərin mükafatlarının mənimsənilməsi və ya qanunsuz işdən çıxarılması halları barədə heç bir məlumatı yoxdur:
“Təmir işləri üçün həkimlərin pul yığmasından xəbərim yoxdur. Xırda təmirlə bağlı Səhiyyə Nazirliyinə müraciət ehtiyac yoxdur. Hər xırda iş üçün nazirliyə müraciət etsək, məsələlərin həlli 4-5 ay çəkər. Ona görə də xırda təmir işləri İnstitutun daxilində həll olunur, lakin bunun üçün kollektivdən pul yığılmır. Aynur xanıma gəlincə, o, mən gələndən az sonra məzuniyyətə çıxıb, amma fikrimcə, həkimlərdən pul yığmaq halları yoxdur”, - deyə baş həkim bildirib.
Baş həkim bəzi həkimlərin yeni əmək müqaviləsindən narazılıq etdiyini də təsdiqləyib:
“Hər kəsin şikayət etmək hüququ var. Amma bu o demək deyil ki, hər şikayət edən haqlıdır. Əmək müqaviləsi bağlandıqdan sonra onun qanuniliyi yoxlanılır. Düzünü desəm, mən bu işə qarışmamışam”.
Törə Zeynallı
Demokrat.az