"Aztelekom" internetin qiymətinə görə xidmətdən imtina edən abonentləri cərimələyir?

24-08-2024, 16:34           
"Aztelekom" internetin qiymətinə görə xidmətdən imtina edən abonentləri cərimələyir?
Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz aidiyyatı qurumları "Aztelekom"un bu qanunsuzluğu barədə tədbir görməyə səsləyib.
"Aztelekom" MMC internetin qiymətinin bahalaşmasından sonra internet xidmətindən imtina etmək istəyən abonentlərin cərimələndiyi barədə iddialara cavab verib. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir.
"Müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən ONT modemin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir".
Qurum Kütləvi İnformasiya Vasitələrində "Aztelekom" MMC tərəfindən təqdim edilən internet sürətinin müqavilə şərtlərinə uyğun olmadığı barədə məlumatlarla bağlı bildirib ki, internet xidmətinin təminatı abunəçilərlə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir. Lakin fərdi ev təsərrüfatlarında telekommunikasiya xidmətlərinin təminatında texniki nasazlığın baş verməsi mümkündür və belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqların aradan qaldırılması təmin edilir.

Qeyd edək ki, Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz aidiyyatı qurumları "Aztelekom"un bu qanunsuzluğu barədə tədbir görməyə səsləyib.
Ekspert bildirir ki, bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgiləyir.
""Aztelekom" MMC tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə ondan 130 manat cərimə tələb olunur. Həmçinin, bu vətəndaşlara bildirilir ki, aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlər də tezliklə qiymətləri qaldıracaqlar. Normalda isə, modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır".
Gündüz xatırladıb ki, "Aztelekom" dövlət şirkəti son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra, Huawei şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim etməklə, minimal 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıb. İndi isə 15 avqust tarixdən başlayaraq, "Aztelekom" minimal tarifləri 25 manata (100Mbit/s) qaldırıb. Bundan sonra, bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla "şərikli internet" seçimi etmələri haqqında sosial mediada məlumatlar açıqlanıb.

O. Gündüz onu da xatırladıb ki, Antiinhisar Dövlət Xidməti "Aztelekom" təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb.
İnternetin sürətinin zəif olması barədə şikayətlərə gəlincə, "Aztelekom" bu iddialara belə cavab verib:
"İnternetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur. Birinci səbəb cihazların uyğunluğudur. İnternet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur. İkinci səbən modem və marşrutlaşdırıcının konfiqurasiyasıdır.
Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz. Həmçinin Wi-Fi marşrutlaşdırıcılarının bəzi parametrləri (kanal seçimi, bant genişliyi) düzgün qurulmadıqda Wi-Fi üzərindən internet sürətinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.
Üçüncü səbəb isə dalğaların konfiqurasiya olunmamasıdır. Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. Məsələn, 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürətlər təqdim edir və müdaxilələrə daha həssasdır. 5 GHz bantı isə daha yüksək sürətlər təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər bu dalğalar düzgün konfiqurasiya olunmayıbsa, internet sürəti azalacaq. Yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda "Aztelekom" abunəçilərindən "170", "Bakıtelecom" abunəçilərindən isə "155" Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.