Sahibi dəyişsədə MTk-nın firildağı əvvəlkidir

27-05-2015, 21:28           
Sahibi dəyişsədə MTk-nın firildağı əvvəlkidir
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində “Badü Kübə” MTK tərəfindən inşa olunan “13 M” saylı çoxmərtəbəli binanın payçıları musavat.com-a məktub yollayıb. Məktub müəllifləri yazır ki,
2006-2009-cu illər ərzində MTK tərəfindən inşa edilən binadan nağd ödəmə yolu ilə mənzillər alıblar. Mənzillərin dəyəri tam ödənildikdən sonra MTK-nın o vaxtkı sədri Telman Səfərovun imzası ilə müqavilə və maliyyə arayışları alıblar.
“Ödədiyimiz vəsait hesabına binanın 13 mərtəbəsi tam olaraq tikildi. Lakin 2010-cu ilin aprelindən MTK-nın yeni sədri biz payçıları binaya buraxmadı. Buna səbəb kimi sənədlərimizin saxta olduğunu göstərir. Sonralar MTK-nın yeni sədri Ədalət Qəmbərov və təsisçilər Nəsib Əliyev və kürəkəni Zaur Cabbarov arasında münaqişə yarandı. Nəticədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onlara qarşı cinayət işi başlandı” –deyə məktub müəllifləri yazır.
Şikayətçilər qeyd edirlər ki, cinayət işinin istintaqı 18 ay davam edib. 119 nəfər payçıdan cəmi 12 nəfər mənzillə təmin olunub. Bununla da, istintaq işini bitmiş sayıb: “Cinayət işinə xitam verərək işi arxivə göndəriblər. Lakin payçıların birgə səyi və Baş Prokurorluğun göstərişi ilə cinayət işi arxivdən qaldırılaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriblər. Mühüm işlər üzrə böyük müstəntiq, ədliyyə müşaviri Elxan Əbdülrəhimovun rəhbərlik etdiyi istintaq qrupu cinayət işini 4 yanvar 2012-ci ildən 13 fevral 2013-cü ilə kimi araşdırıldı. Nəticədə 2012- ci ilin fevral ayının 20-də Zaur Cabbarov və Nəsib Əliyev CM-nin 178.3.2 və 308.2 maddələri ilə təqsirli bilinərək barələrində həbs-qətimkan tətbiq edilib. Məlum olub ki, heç də Ədalət Qənbərovun iddia etdiyi kimi payçıların sənədləri saxta deyil, bütün 119 payçı zərər çəkmiş kimi tanınıb, onların sənədləri ekspertizadan keçirilib imza və möhürlər saxta deyil. N.Əliyev həbsdə olanda heç bir hüquqi sənəd olmadan Ədalət Qənbərov biz payçıların mənzillərini Nəsib Əliyevin borcu əvəzinə M.Manafova 19 mənzil, 4 qaraj, Firudin Əliyevə 17 mənzil, 3 qaraj, Eldar Hidayətzadəyə 9 mənzil, Zamin Sultanova 800 kvm qeyri-yaşayış sahəsi, Elçin Hidayətzadəyə 5 mənzil, Ceyhun Nağıyevə 6 mənzil sataraq külli miqdarda gəlir əldə edib. Cəmi 56 mənzil, 7 qaraj və 800 kvm qeyri-yaşayış sahəsi. Öz növbəsində həmin adamlar mənzilləri ayrı-ayrı adamlara satıblar. Bütün bu alqı-satqı əməliyyatını Ədalət Qənbərov edib. Nəticədə biz payçıların mənzilləri 3-cü dəfə satılıb. Bu haqda biz Baş Prokuror yanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dedik və nə üçün bu qanunsuzluğa yol verildiyini soruşduq. Əvəzində bizi sakitləşdirdilər və bunun məhkəmə yolu ilə həll edəcəyinə söz verdilər. Ədalət Qənbərovun 486 min manat məbləğində gəlir vergisi dövlət tərəfindən silinib, istintaq qrupunun rəisi E.Əbdulrəhimov dedi ki, bunu ona görə edirlər ki, o, binanı tikdirib payçıları evlə təmin etməyə söz verib. Lakin o, nəinki bizi evlə təmin etmədi, hətta Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə bizə verilən mənzilləri keçmiş şəriki Asif Əsədullazadəyə öz borcu əvəzinə verdi. İstintaq vaxtı daha 30 (otuz) payçı mənzillə təmin olundu. Məhkəmə baxışı 13 ay davam etdi. Nəticədə Zaur Cabbarov və Nəsib Əliyev təqsirli bilinərək 8 və 11 il həbs cəzasına məhkum edildilər. Məhkəmə vaxtı da 11 payçı mənzillə təmin olundu. Ümumi mənzillə təmin olunanların sayı 53 nəfər oldu. Mənzillə təmin olunanlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin göstərişi ilə Ağır Cinayətlər Məhkəməsinə və MTK-ya mülki iddialarının məhkəmə tərəfindən təmin olunduğu barədə ərizələrlə müraciət etdilər. Lakin sevincimiz uzun sürmədi. 2 fevral 2015-ci ildə bizim xəbərimiz olmadan məhkəmə icraçıların iştirakı ilə Ədalət Qənbərov bütün 53 mənzili keçmiş şəriki A.Əsədullazadəyə öz borcu əvəzinə verib. Asif Əsədullazadə bizim təmir etdirib seyf qapısı qoyduğumuz mənzillərin bütün qapılarını sındırıb yeni qapı və qıfıllar qoydurub. Ona görə də ev əşyalarımız olduğu mənzillərimizə daxil ola bilmirik”.

Məktub müəllifləri yazır ki, əllərindən alınmış 53 mənzilin hazırkı qiymətlərlə 3 milyondan çox qiyməti var: “Ədalət Qənbərov, Firidun Əliyev və Asif Əsədullazadə cinayət əlaqəsinə girərək bizim mənzillərimizi sataraq külli miqdarda gəlir əldə etmək istəyirlər. Əldə etdikləri bu gəliri havadarları ilə birlikdə öz aralarında bölmək istəyirlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə məhəl qoymurlar. Bizim ümidimiz prezident İlham Əliyevədir. Ondan xahiş edirik ki, mənzillərimizin özümüzə qaytarılması üçün müvafiq qurumlara göstəriş versin”.
vertikal.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.