Zaur Mikayılov seçki ərəfəsi hakimiyyəti sabotaj edir - 120 minlik maşın alır, 5 milyonluq şəhəri susuz qoyur...

27-08-2024, 00:05           
Zaur Mikayılov seçki ərəfəsi hakimiyyəti sabotaj edir - 120 minlik maşın alır, 5 milyonluq şəhəri susuz qoyur...
Adı acı bağırsaq kimi uzun, fəaliyyəti adından uzaq olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi 10 gündən çoxdur ki, Bakıya su məşəqqəti yaşatmağa davam edir. Paytaxt ərazisində suyun verilişi hələ də tam bərpa olmayıb və əksər yerlərdə yüzminlərlə insan su yoxluğundan olmazın işgəncə çəkir. İndiyə qədər Bakıda belə rüsvayçılıq olmamışdı. Ən pis halda şəhərin hansısa ərazilərində bir sutka su olmazdı, amma az qala 5 milyon insanın yaşadığı bir paytaxt bu qədər uzunmüddətli du üzünə həsrət qalmamışdı. Ən dəhşətlisi odur ki, ölkənin birinci şəhərində su yoxdur və bu problem artıq təhlükəsizlik məsələsinə çevrilib, amma nə
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ətraflı izahat verir, nə sədri Zaur Mikayılov brifinq keçirib aydınlıq gətirir, nə bir üzrxahlıq var, nə geniş açıqlama...
Sanki belə də olmalı imiş. Hərçənd, belə fövqəladə şəraitdə Zaur Mikayılov və müavinləri ən azı iki gündən bir mətbuat konfransı keçirib ictimaiyyəti məlumatlandırmalı idi. Amma Zaur Mikayılov xalqı vecinə də almır və keçmiş "Azərsu" sədri Qorxmaz Hüseynova şükür etdirir. Axı bu qədər saymazlıq, bu dərəcədə məsuliyyətsizlik olmaz?! Əgər prezident onu bu vəzifəyə məsul edibsə, xalqa xidmət etmək və izahat vermək də onun borcudur. Ancaq sosial mediada yayılan görüntü və fakt onsuz da əsəbləri tarıma çəkilmiş Bakı camaatını daha da qızışdırdı: Zaur Mikayılov susuz şəhərdə
özünə təzə, dəyəri 15 milyon manatlıq yeni bina tikdirir, üstəlik, özünə 120 min dollarlıq son model "Toyota Land Cruiser" alır. Sosial şəbəkələrdə geniş paylaşılan həmin fakt əhalidə böyük qəzəb doğurmaya bilməzdi - milləti yayın istisində 10 gündən çox susuz qoy, özünə 120 minlik maşın al. Hansı pulla? Hansı maaşla? 120 min dollarlıq maşını bir məmur aldığı məvaciblə necə əldə edə bilər? Xalqa nağıl danışmayın, bu maşın da korrupsiya pullarının nəticəsidir, suyun 10 gündən çox olmaması, Oğuz-Qəbələ-Bakı su kəmərinin təmiri də elə həmin korrupsiyanın, maliyyə cinayətlərinin nəticələridir. Bunun başqa izahı ola bilməz. Əgər məsələ qəza və təmirdirsə, bu qədər müddət çəkə bilməzdi. Hətta çox böyük qəzadırsa, o zaman xalqa açıq şəkildə bildirilməlidir. Və deyilməlidir ki, su kəmərinə nə olub - partlayışdır, hər nədir... Ən biabırçı tərəfi budur ki, Zaur Mikayılov və komandası alternativ barədə fikirləşmir. Şəhəri təmir adı ilə susuz qoy və alternativ təklif eləmə..., bunun adı tam özbaşınalıq və xalqa hörmətsizlikdir.
Artıq sosial şəbəkələrə açmaq mümkün deyil: tik-tok, feysbuk, yutub...Millət üsyan edir, su probleminə görə düşdükləri vəziyyəti çəkib yayır, bir neçə gün sonra seçki keçiriləcək ölkədə xalq hakimiyyətdən narazı salınır...
Ümumiyyətlə, Zaur Mikayılovun siftəsi bərbad oldu. Faktiki olaraq Agentlik sədri su problemi ilə hakimiyyəti sabotaj elədi və seçki ərəfəsində xalq qarşısında pis vəziyyətdə qoydu. Belə səriştəsizliyin və yarıtmazlığın cəzası yalnız Zaur Mikayılovun vəzifəsindən çıxarılması olmalıdır. Çünki COP29 keçiriləcək ölkədə, su, iqlim, ekoloji təmizlik kimi məsələlərin müzakirə olunacağı bir paytaxtda su gəlmir. Rəzalətdir! Çünki Prezident su ehtiyatlarımız, su infrastrukturumuz, bu sahənin inkişafı haqda danışır, Zaur Mikayılov isə dövlətin bu siyasətini sözün əsl mənasında şantaj edir. Eyni zamanda, təkcə şəhərin susuz qalması deyil, adi vaxtlarda da vətəndaşların şikayətlərinə, müraciətlərinə normal baxılmır, problemləri həll olunmur, amma qapını döyüb su pulu ödənişi tələb edə bilirlər. Misal üçün Yeni Günəşlidə "Sahil - S İnşaat" MTK sakinləri, düz 165 ailə dəfələrlə quruma müraciət edib, I Vitse-Prezident sakinləri su probleminin həlli üçün tapşırıq verib, amma Zaur Mikayılov məhəl qoymur. Ona görə də şəhərin su təsərrüfatına cavabdeh olan Agentlik sədri bu bağışlanmaz fəaliyyətinə görə adekvat cavab almalıdır.
Ən dəhşətlisi budur ki, Oğuz-Qəbələ su kəmərinə 1 milyarda yaxın vəsait xərclənib. Daha doğrusu, büdcədən bu layihəyə o qədər vəsait silinib. 2010-da istifadəyə verilib, cəmi 14 il işlədi, 15-ci ilinə keçməmiş başlayıb problemlər...
Azər Talıbov

Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.