Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi
27-08-2024, 07:03
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin (birinci mərhələ) satın alınması üzrə keçirdiyi açıq tenderə yekun vurub. Bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderdə “İnşaatçı 3” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və tərəflər arasında 15.084.799,04 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı barədə məlumat 15.08.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalında dərc edilib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi bundan bir həftə əvvəl, yəni 08.08.2024-cü ildə “İnşaatçı 3” MMC ilə bir satınalma müqaviləsi də bağlayıb. Olimpiya hərəkatı və İdman Muzeyi kimi tikintisinə başlanmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin satın alınması üzrə keçirilmiş bu tender isə 1.999.730,06 manat dəyərində qiymətləndirilib.
Aktualinfo.org bir həftə ərzində Gənclər və İdman Nazirliyindən 17 milyon manat dəyəri olan iki tender üzrə dövlət sifarişi almış bu şirkət ətrafında araşdırma aparmışdır.
Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “İNŞAATÇI 3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.07.2006-cı il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TƏLƏT ŞIXƏLİYEV, ev 20, QAPI 1,2,3, qanuni təmsilçisi kimi isə Siraclı Qeys Məmməd oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin adı ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ SADIXOV AKİF ƏNVƏR OĞLUNUN TAM ORTAQLI İNŞAATÇI ŞİRKƏTİ olub. 2011-2013-cü illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ ƏLİYEV YAŞAR ŞAMİL OĞLUNUN TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ SİRACLI QEYS MƏMMƏD OĞLUNUN TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ, 2015-2016-cı illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ ORTAQLARININ TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ, 2016-cı ildən bu günə kimi “İNŞAATÇI 3” MMC-kimi fəaliyyətini davam etdirir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Əliyev Yaşar Şamil oğlu olub. 2014-cü ildən qanuni təmsilçilik Siraclı Qeys Məmməd oğluna keçib.
MMC-nin ilk qanuni təmsilçisi Əliyev Yaşar Şamil oğlu prezident İlham Əliyevin 09 aprel 2015-ci il tarixli Sərəncəmı ilə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında 3 iyun 2019-cu il tarixli Sərəncamı ilə Siraclı Qeys Məmməd oğlu da “Tərəqqi” medalı ilə təltif edilib.
MMC haqqında rəsmi mənbələrdə olan məlumat bu qədərdir. Bəs qeyri rəsmi mənbələrdə MMC və onun qanuni təmsilçiləri haqqında nə kimi məlumatlar var. Elektron medianın yazdıqlarına görə MMC-nin qanuni təmsilçisi Siraclı Qeys Məmməd oğlu həm də “DDLAR Group” MMC-nin qanuni təmsilçisidir. Məlumatlara görə MMC Əliyev Şamil Əli oğlu ilə Siraclı Qeys Məmməd oğlunun 1999-cu ildə təsis etdikləri “Tam Ortaqlı İnşaatçı” tikinti şirkətinin bazasında, 2011-ci ildə yaradılıb. Hazırda “DDLAR Group”a “İnşaatçı” şirkəti, “Mega Design” MMC, “Monolit Beton” MMC və “Yeni İnşaat” MMC daxildir. “DDLAR Group” şirkətinin əsl sahibinin mərhum Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olduğu bildirilir.
“DDLAR Group” şirkətinin bir sıra rayonlarda da tikinti işləri apardığı haqda məlumatlar var. Məsələn, Mingəçevirdə 2012-ci ildən sonra 3 məktəbin tikintisi və əsaslı təmiri ilə bağlı keçirilən tenderlərin hər birində “DDLAR Group” qalib gəlib. Daha doğrusu, Mingəçevir şəhər İcra Hakimiyyəti 1 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999899,19 manat), 7 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999639,92 manat) və 9 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (999869,56 manat) “Tam Ortaqlı İnşaatçı” şirkətinə həvalə edib.
Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz “DDLAR GROUP” tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Həm də hər bir kompleksin dəyərindən bir neçə dəfə artıq qiymətə başa gəldiyi iddia olunur. Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib.
Meiada gedən məlumata görə, Qeys Siraclı Məmməd oğlu mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun biznes ortağıdır. Mətbuatda gedən digər məlumata (“BakuNews”) görə, isə iş adamı Siraclı Qeys vəhhabilərin Azərbaycandakı ən böyük dəstəkçilərindən biridir.
Daha maraqlı məlumatlar isə MMC-nin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla bağlılığıdır. Mediada yazılanlara görə “Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğlərlə müşaiyət olunan sifarişləri məhz Niyazi Müzəffər oğlu Bayramov 2012-ci ildə icra başçısı təyin edildikdən sonra almağa başlayıb. Bu isə heç də təsadüfi deyil. Çünki Niyazi Bayramovun mərhum nazir Azad Rəhimovla quda olduğu haqda məlumatlar var. İddia olunur ki, bu baxımdanda Mingəçevir icra başçısının milyonluq layihələri məhz nazir oğlunun sahibi olduğu “DDLAR Group”a verib.
Qeyd edək ki, avqustun 28-də Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsinin altı ili tamam olur. Bu dövr ərzində onun başçılıq etdiyi Gəncədə nə kimi yeniliklər olub, göz qabağındadır. Təkcə Gəncədə yeni İdman Sarayının tikintisinə 5o milyon manatdan çox dövlət vəsaitinin ayrılması barədə məlumatlar var. Niyazi Bayramova bağlılığı olan “Rövşən Oğuz Qrup” MMC-nin 4-5 ilə başa çatdırdığı İdman Sarayının tikintisinə ayrılan pulların çox hissəsinin mənimsənildiyi barədə də geniş məlumatlar var. Hətta sosial şəbəkələrdə Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasının olduğu yayıldı. Araşdırma yazıda müəllif İcra başçısının oğluna məxsus, Bakının mərkəzində – “Hilton” otelinin yaxınlığında yerləşən dəbdəbəli “D’lite” restoranını ortaya çıxarmışdı. Sözügedən yazıda həmin restoranın yaxınlığındakı qarajda Bəhram Bayramova məxsus dəyəri milyonlarla manat olan lüks avtomobillərdən də bəhs edilirdi.
Məlum olduğu kimi Azad Rəhimov artıq bir neçə ildir ki dünyasını dəyişib. Görsənən odur ki, onun oğlu Arif Rəhimov Gənclər və İdman Nazirliyinə təsir etmək gücünü hələ özündə saxlayır. Burada onun 2021-ci ildən Gənclər və İdman naziri vəzifəsinə gətirilmiş Fərid Qayıbovla köhnə ilişkiləri də rol oynaya bilər. Amma Gənclər və İdman Nazirliyinin Gəncə şəhər stadionunun yenidən qurulması işlərini “İnşaatçı 3” MMC-yə həvale etməsində də şübhəsiz Niyazi Bayramov faktoru da mühüm rol oynayıb.
Aktualinfo.org