Qazinin müalicəsində yardımını əsirgəyən NAMİZƏD: Ülviyyə Ağayevanın Milli Məclisdəki passivlik fəaliyyəti

27-08-2024, 17:04           
Qazinin müalicəsində yardımını əsirgəyən NAMİZƏD:
Azərbaycan parlamentinə seçkilərə artıq 1 həftə qaldı. Bu 1 həftə ərzində bir çox namizədlər seçicilərin ətəklərindən yapışaraq, onlardan səs istəyib, deputatlıq kreslosunu ələ keçirməyə çalışacaq.

Sözsüz ki, mandat əldə etmək bu şəxslər üçün çox ülvi bir hissdir. Ən azından, bəzi deputatlar 30 ildir artıq kreslosu ilə bir bütün olub. Hətta bəziləri o qədər kreslolarını sevirlər ki, estafeti övladlarına belə ötürürlər.

Avqustun 9-dan bəri bir çox namizədin sosial şəbəkə hesablarına baxmışıq. Çoxları əli qabar tutmuş, beli bükülmüş kəndlilərlə görüşündə özünü elə ağayana aparır ki, sanki alçaq dağları bu adam yaradıb. Hətta elələri də var ki, əlacı olsa, o adamların üzünə deyər ki, “burada mənəm, Bağdadda isə kor xəlifə”. Düzdür, onsuz da seçkilərdən sonra öz xəlifəlik həyatını bu adamların bəziləri Milli Məclisin deputat kreslosunda yaşayırlar.
Parlament çox qəribə bir yerdir. Orada susan-danışan, dinən-dinməyən, alovlu və pafoslu çıxışlar edənlərlə yanaşı, mandatını bərkidib altına mal-mülk yığanlar da çoxdur. Biz onların mal-dövlətindən yazmaqdan yorulsaq da, görünən odur ki, onlar var-dövlətlərinə var-dövlət qatmaqdan heç yorulmurlar.

Parlamentdə danışanların əksi olaraq, fəaliyyəti dövründə susan deputatlar da çoxluq təşkil edir. Onlardan biri də parlamentin VI çağırış deputatı olan Ülviyyə Ağayevadır.
Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə məqalələr çərçivəsində bu gün də Ülviyyə xanımı “qonaq etmək” istədik.

Namizədliyini 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən bitərəf şəkildə verən xanım Ağayeva ilə bağlı apardığımız araşdırmalardan məlum olur ki, Tovuzun deputatı sayılan Ülviyyə Ağayevanın fəaliyyətindən Tovuz camaatı heç də razı qalmayıb. Belə ki, seçicilər onun parlamentdə hansısa problemi qaldırmasını, onların müraciətlərinə həssas yanaşmasını demək olar ki, görməyiblər. Ona görə seçicilərin əksəriyyəti Ü.Ağayevadan əlini üzüb.

Amma ondan narazı qalan təkcə sadə insanlar olmayıb. Hətta Vətən müharibəsinin qəhrəmanları da Ülviyyə xanımın Tovuza və tovuzlulara olan laqeydliyindən şikayət ediblər.

2021-ci ildə Tovuzun Aşağı Quşçu kəndindən olan qazi Tağıyev Aslan Varis oğlu da deputatdan şikayət edənlərdən olub. Yerli mətbuatda onun şikayəti ilə bağlı yazılan yazıdan bəlli olub ki, Qarabağ qazisi imkanı olmadığı üçün dərmanlarını almaq məqsədi ilə Tovuzun deputatı Ülviyyə Ağayevaya müraciət edib:

“Maddi vəziyyətim pisdir, dərmanlar alınmalıdır. Köməkçisi dedi ki, xəbər verəcəm, cavab çıxmadı. Sonra bir xeyriyyəçi dostumuz var, Yeganə xanım, sağ olsun, mənə yardım etdi. Sonra Ülviyyə Ağayeva açıqlama yayıb ki, ondan dərman yox, pul istəyib. Əgər istəmişəmsə, vəziyyətim pisdir ki, istəmişəm”.

Göründüyü kimi, qazini vadar ediblər ki, Tovuzdan Bakıya gəlsin, Prezidentə müraciət etsin. Halbuki, deputat öz dairəsinin ərazisində yaşayan qazinin müalicəsinə hərtərəfli dəstək olmalıydı. Amma seçicilərinə yaramayan Ü.Ağayevanın qaziyə yardımçı olmaması təəccübləndirmədi.

Çünki bir deputat olaraq bu illər ərzində Ü.Ağayevanın hansısa vətəndaşın, tovuzlunun probleminə ürək qızdırması praktikada yoxdur. Özü isə həmin illərdə sosial şəbəkə hesabında açıqlama yayıb, bildirmişdi ki, TƏBİB-in rəhbərliyi ilə əlaqə saxlayıb və Tovuz rayon İcra Hakimiyyətinə də müraciəti əsasında dərhal qazinin Qazax Rayonlararası Psixiatriya Xəstəxanasına yola salınması üçün maşın ayrılıb, müayinə olunub, ona müalicəsi üçün dərmanlar yazılıb.

Deputat demişdi ki, köməkçisi Arzu Musayeva qazinin evində yaşadığı əmisi oğluna dərmanların onlara səhər tezdən çatdırılacağını bildirib. Cavab olaraq isə dərmanlara ehtiyacın olmadığını, Tovuz rayonunda yaşayan xeyriyyəçi xanımların köməklik edəcəyi bildirilmişdi. Qısacası, deputat və köməkçisi bir xeyriyyəçinin A.Tağıyevə yardım etdiyini biləndə öz dəstəklərini əsirgəyiblər. Qısacası, qazisinə laqeyd davranan deputat digər seçicilərinə niyə yaxşı davransın ki?

Ülviyyə xanımla bağlı etirazlar bununla da bitməyib. 2020-ci il parlament seçkilərində onun seçki təbliğatı zamanı bəzi qanunların pozması ilə bağlı dövri mətbuatda gedən yazını qısaca təqdim edirik:

“Ü.Ağayeva inzibati resurslardan, administrastiv imkanlardan istifadə edərək seçki təbliğatını aparır. Xanım namizədin sosial mediada yayılan fotoları ilə bağlı məlumat verilib ki, seçicilərlə görüşlərə məktəb direktorları, onların müavinləri ilə gedir. Tovuzun təhsil ictimaiyyətini özünün təbliğat kampaniyasına cəlb edən Ü.Ağayeva bununla seçki qanunu pozub.

Məktəb direktorları, müavinlər və müəllimlər təbliğat kampaniyasında hansısa namizədin ruporu, dəstəkçisi rolunu oynaya bilməz. Lakin heç bir elektoratı, seçici dəstəyi ala bilməyən Ü. Ağayeva təzədən bu dairədən deputat olmaq üçün onların imkanlarından yararlanır. Çünki nə seçki komandası var, nə də seçicilər onunla görüşlərdə iştirak edirlər.

V çağırış üzrə deputat olmuş Ü. Ağayeva 5 il ərzində heç bir fəaliyyəti, seçicilərlə görüşü, onların problemlərinə ürək qızdırması, qanu

n layihələrinin irəli sürülməsində təşəbbüskarlığı ilə seçilməyib.

Bu dairədə BDU-nun dosenti Vüsalə Dadaşova, ATU-da şöbə müdiri Nurlana Əliyeva, işsiz Sadiq Əsgərov, BDU dosenti Turqay Hüseynov, kredit mütəxəssisi Elvin İsmayılov, “42-ci paralel” jurnalının baş redaktoru Mehriban Məmmədova, 2 saylı uşaq bağçasının müdiri Günay Seyidovadır. YAP-ın namizədi isə Tovuz Statistika İdarəsinin rəisi Niyazi Tağıyevdir. Bu siyahı hər şeyi ifadə edir və Ü.Ağayevanın deputatlıq yolunda “yaşıl işıq” yandırılır.

Ü.Ağayevanın bu günə qədər nəzərə çarpan bir fəaliyyəti, hətta bir müsahibəsi, bir açıqlaması belə yoxdur. İllərdir mətbuatdayıq, amma bu deputatın bir dəfə də olsun fəaliyyəti ilə bağlı xəbər oxumamışıq. Deputat olan şəxsi heç olmazsa, öz xalqı, seçiciləri və mətbuat tanımalıdır. Amma təəssüf…

Bəlkə də Ülviyyə xanım reklamı çox sevmədiyindən mətbuata çıxmır. Ancaq heç olmasa belə bir deputatın var olmasını bilmək lazımdır”.
Yazıdan da göründüyü kimi, 9 ildən çoxdur deputat olan xanım Ağayeva bu illər ərzində 1 dəfə də olsun seçildiyi dairəyə xeyir verməyib. Milli Məclisin ən passiv deputatlarından olan Ülviyyə xanım bu il də seçilmək eşqinə düşüb.

Mövzunu davam etdirəcəyik…













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.