Polietilen paketlər pulla satılanda ziyansız olur? - Hökumət məmurların cibini qoruyur, yoxsa...

27-08-2024, 17:28           
Polietilen paketlər pulla satılanda ziyansız olur? - Hökumət məmurların cibini qoruyur, yoxsa...
Polietilen paketlər pulla satılanda ziyansız olur?
Hökumət məmurların cibini qoruyur, yoxsa...
Sellofan paketlərin, plastik qabların insana, təbiətə ziyanından bütün
dünya ekoloqları “SOS”-həyacan təbili çalır. Azərbaycanda da “təbil çalma”
dövlət səviyyəsində nəticəsini verib. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, İqtisadiyyat Nazirliyinin (yanındakı Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidmətinin) ... hökumətə təklifi əsasında ətraf
mühiti və əhalini qorumaq ( yəqin redaktor bu sözü dırnaq içərisinə salar-
M.B.) adına Nazirlər Kabineti marketlərdə polietilen torbaların ayrıca
məhsul növü kimi PULLA satılmasına 02.02.2021-ci il tarixli, 25 nömrəli
qərar verib. Qərarın icrasına ortalıq iki ildən sonra başlanılsa da, artıq
bütün ölkə boyu marketlərin kassalarında müştərinin-istehlakçının fikri
soruşulmadan 3-5 qəpiklik qablaşdırma paketi məhsula əlavə olunur.
Halbuki, vurğuladığımız kimi, bu paketləri ayrıca məhsul növü kimi müştəri
özü seçə, pulla ala bilər, market onun yerinə qərar verə bilməz.
İnsanları düşündürən başqa “dərddir”. Bəyəm indiyədək pulsuz verilən
polietilen paketlər pulla satılanda təbiətə, insanlara ziyan dəymir? Bu ziyan
marketlərin torba satışından qazandığı milyonlarla kompensasiya olunur?
Axı bu torbalardan ziyan çəkən elə insanların özü, ətraf mühitdir!
Kompensasiya ziyan çəkən əhaliyə ödənməlidir, yoxsa ziyan vuran
marketlərə? Doğrudan ilginc qərardır, əhalinin , təbiətin qorunması adına
zibili pulla satmaq!(?) Bəyəm zəhər pulla satılanda təhlükəsiz olur?
COP29-BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının Bakıda keçirilməsinə iki aydan bir az çox
qalır. Bu Konfransın başlıca amalı ətraf mühitin qorunması, iqlim dəyişikliyi
böhranının aradan qaldırılmasına birgə çaba , maliyyə dəstəyi və s.
göstərməkdir. (COP- Conference of the Parties, Tərəflər Konfransı
anlamındadır) . Azərbaycan TƏRƏFdən sənədi Ekologiya və Təbii
Sərvətlər Nazir(liy)i imzalayıb. Polietilen paketlərin marketlərdə pullu
satılmasına məktub verən də bu nazirlikdir. İndi soruşmaq gərəkir,
polietilen paketlərin pulunu ödəyib təbiətə atılması ilə iqlim dəyişikliyi
böhranının qabağı alına bilər?
Fikrimizcə, ziyanlı paketlərin pulla satılmasındansa, daha ziyansız kağız,
parça paketlərlə əvəz olunması düz olardı. Paketlərin pulla satışı insanlara
daha çox ziyan vurur. Nədən bu paketlərə pul verməməkdən yana təkrar
istifadəsi daha böyük təhlükədir. Eyni zamanda məhsulun özü axı xırda
pulsuz paketdə qablaşdırılır. Heç olmasa, bu xırda paketləri kağız qablarla
əvəz etmək olmaz? Yoxsa bunu da 1-2 qəpiyə satmaqla “təhlükədən
yayınmaq” qüvvəyə minəcək? Bu hökumətdən nə desən gözləmək olar.
Necə deyərlər, sən fikirləşməyində ol, gör hökumət nə fikirləşir.
Məğrur Bədəlsoy
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.