General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait YOXA ÇIXIB
28-08-2024, 08:28
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyevin fəaliyyətinin yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edilib.
Gununsesi.info-nun nazirlikdəki mənbəyə istinadən verdiyi məlumata görə, yeni ədliyyə naziri Fərid Əhmədovun bir müddət əvvəl işdən çıxardığı Rəfail Mehdiyevlə bağlı daxili yoxlamalar aparılıb.
Bildirilir ki, Rəfail Mehdiyevin idarə rəisi olduğu bir neçə il ərzində təcridxana və cəzaçəkmə müəssisələrindəki məhbusların tibbi təminatı ilə bağlı milyonlarla manatlıq vəsait yoxa çıxıb. Xüsusilə, məhkumların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının böyük bir hissəsi Bakıda müxtəlif apteklərdə satılıb.
Bundan başqa, cəzaçəkmə müəssisələrindəki tibb məntəqələrinin avadanlıqlarının yenilənməsi üçün ayrılan vəsaitlər də yalnız sənədlərdə əks olunub.
Eyni zamanda, məlum olub ki, cəzaçəkmə müəssisələrinə sağlam vəziyyətdə daxil olan bəzi şəxslər sonrakı illərdə Hepatit və vərəm xəstəliklərinə yoluxublar.
Lakin nazirin Rəfail Mehdiyevlə bağlı aşkar edilən bu faktları Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib-etməyəcəyi hələlik məlum deyil.