Mərdan Camalov nədən binaların təhlükəli materiallarla üzlənməsinə göz yumub?
28-05-2015, 01:42
Həbslər Şirvan şəhər İcra Hakimiyyətindəki səlahiyyət sahiblərinə qədər gedib çıxacaq
Bir neçə gün öncə Binəqədi rayonunda baş verən yanğın hadisəsi binalara vurulan poliuretan üzlüklərin nə qədər təhlükəli olduğunu və hər an ciddi insan tələfatı ilə nəticələnə biləcəyini bir daha sübuta yetirdi. Halbuki bu hadisədən öncə əksər mətbuat orqanları sözügedən məsələyə toxunmuş və bu cür üzlüklərin acı nəticə verə biləcəyini bəyan etmişdi. Lakin nədənsə o zaman aidiyyəti qurumlar, əsasən də rayon icra başçıları deyilənlərə əhəmiyyət vermədilər. Halbuki, vaxtında müvafiq tədbir görülsəydi, o zaman bu olay baş verməyəcəkdi.
Xatırlayırsınızsa, təxminən ay yarım öncə Xətai rayonu, Zığ şossesində 9 mərtəbəli yaşayış binasında məhz poliuretan üzlüklərin alışması nəticəsində yanğın baş vermişdi. Belə ki, ev sahiblərinin gözü qarşısında mənzilləri yanıb kül oldu, binanın poliuretan materialla üzlənməsi səbəbindən alovu tez bir zamanda söndürmək mümkün olmadı. Biz elə o zaman şəhər və rayon İcra Hakimiyyətlərinin başçısılarına rayon ərazisindəki binaların oda həssas üzlüklərdən təmizlənməsini tövsiyə etmişdik. Lakin nədənsə qarşı tərəf heç nə olmamış kimi öz işinə davam etdi. Beləliklə də Mərdan Camalov Şirvan sakinlərinin taleyinə biganə qaldığını sərgiləmiş oldu. Bundan sonra mövzu ilə bağlı ciddi araşdırma apardıq və məlum oldu ki, şəhər ərazisindəki binalar keyfiyyətsiz materiallarla üzlənib. Yəni binaların əksəriyyətinin üzlükləri polimerlər əsasında hazırlanıb. Bu üzlük binaya xüsusi gözəllik versə də yanmağa meyllidir. Ancaq buna əhəmiyyət verən olmadı…
Mövzu ilə bağlı apardığımız araşdırma nəticəsində o da bəlli oldu ki, şəhər ərazisindəki binaların üzlükləri ətraf mühitə qarşı dözümlü olmamaqla yanaşı, tibbi və ekoloji baxımdan tələblərə də cavab vermir. Qeyd edək ki, hazırda Şirvan şəhərində 10-dan çox belə bina var. Dünənə qədər hələ də adıçəkilən şəhərdəkiı binalara üzlük vurulurdu. Lakin artıq təmir işləri dayandırılaraq üzlüklər sökülməyə başlanılıb. Odur ki, hazırda sözügedən binaların hamısında qızğın işlər gedir. Söküntü işləri icra hakimiyyəti nümayəndələri, Şirvan polis şöbəsinin əməkdaşlarının iştirakı ilə bina sakinləri tərəfindən aparılır. Bu, bir daha onu təsdiqləyir ki, Mərdan Camalov rəhbərlik etdiyi şəhərin ərazisindəki binaların insan həyatı üçün təhlükəli olan materiallarla üzlənməsinə göz yumub. Görəsən niyə?..
Bu arada, nəzərinizə çatdıraq ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən binada baş vermiş yanğınla əlaqədar kütləvi həbslər başlayıb. Onlar arasında sözügedən binanın poliuretanla üzlənməsini həyata keçirmiş şirkətin rəhbəri, icra hakimiyyətinin rəsmisi var. Onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Maraqlı məqam ondadır ki, Binəqədi rayonu ərazisində baş vermiş yanğınla əlaqədar istintaq aparılır, amma indiyədək Şirvan şəhər icra hakimiyyətindən heç kim məsuliyyətə cəlb edilməyib. Deyilənlərə görə, həbslər Şirvan şəhər İcra Hakimiyyətindəki səlahiyyət sahiblərinə qədər gedib çıxacaq…
Xalqxeber.Az