İqtisad Universitetində rektorun “kassir”i kimdir? – ŞOK İDDİALAR
28-05-2015, 14:13

Azərbaycan Dövlət İqtisad Universitetindən şok məlumatlar var. TİA.AZ-a verilən xəbərdə bildirilir ki, rektor Ədalət Muradov hiylə işlədib. O, xələfi Şəmsəddin Hacıyevin yaxını bildiyi bir neçə dekan tutduğu vəzifələrdən uzaqlaşdırmaq üçün rüşvət qadağası qoyub. Həmin dekanlar tora düşür və rektor öz adamlarını onların yerinə təyin edir.
Rektor dekanların əvəzlənməsi zamanı bəzi həmyerliləri olan şəxsləri komandadan qovmur, onlardan bir neçəsini daha yüksək vəzifəyə çəkir. Məsələn, Kommersiya fakültəsinin dekanı, həmyerlisi Qabil Manafovun Magistratura Mərkəzinin direktoru Həsən İsrafilovun yerinə təyin edilməsi, Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynovu, Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanovu dekanlıqdan azad etməyib onlara yeni imkanlar yaratması ADİU-də müəllim və professor heyəti arasında ikrah hissi yaradıb.
Mənbə bildirir ki, ilk vaxtlarda bu idarəçilik davam edib. Şəmsəddin Hacıyevin özünə və çevrəsinə qarşı ögey münasibət bəslənib. Bunlar isə bir qrup əsl müəllim və professor heyətində narazılıq yaradıb. Elmi şurada bu qəbildən olan məsələlərə baxılması qəbahət sayılıb. Bu “kampaniya” Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov tərəfindən həyata keçirilib.
Mənbə TİA.AZ-a iddia edir ki, ADİU-də heç nə dəyişməyib. Əksinə, bu ildən tədricən universitet daxili semestr imtahanlarının kompüterlə götürülməsinə məhdudiyyətlər qoyulmağa başladı. I kurs tələbələri yazılı test imtahanı verməyə başladı ki, bununla da rüşvət daha geniş miqyas aldı. Hazırda Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən yay semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınmasını heç kim inkar edə bilməz.
Prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov bu işlərə rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır. Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür.
Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür.