Kredit milyonçuları təkcə həbs olunanlardımı?
28-05-2015, 14:49

Artıq bir neçə gündür ki, ölkə gündəmi, sözün həqiqi mənasında, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) həyata keçirdiyi kütləvi həbslərlə silkələnir. Rəsmi açıqlama verilməsə də, həbslərin Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimsənilməsi faktı ilə bağlı başlanan cinayət işi ilə əlaqədar olduğu məlumdur. İstintaqa cəlb olunanların bəzilərilə bağlı məhkəmələrdə dələduzluq və ictimai əmlakın mənimsənilməsi maddələrilə həbs qətimkan tədbirinin seçilməsi də bunu təsdiqləyir.
Həbs olunanlar, istintaqa cəlb edilənlər isə sıradan adamlar deyil. Bəziləri 100 milyonlara, hətta milyardlarla dollar kapitalı, sərvəti olan və yaxud olduğu haqda iddialarla çıxış edən tanınmış iş adamlarıdır. Hansı ki, onların arasında nazirlərin qardaşları və qohumları, sabiq və indiki deputatlar, icra başçıları, oliqarx məmurların ən yaxın adamları, Cahangir Hacıyevin dostları var. Bunlardan bəzilərinin həbsi və istintaq altında olması haqda məlumat verilsə də, əksəriyyətin kimliyi açıqlanmır.
Bununla belə hüquq-mühafizə orqanlarından mətbuata sızan məlumatlardan bəlli olur ki, bu işlə əlaqədar son günlər “Bandotdel”ə çağırılıb dindirilən iş adamları və onların yaxınlarının sayı yüzlərlədir.Məlumata görə, maxinasiyaların və subyektlərin dairəsi o qədər genişdir ki, müstəntiqlər işi aparmağa vaxt çatdıra bilmirlər. Hər gün isə yeni faktlar ortaya çıxır və dairə genişlənir…
Son məlumatlara görə, bu işlə bağlı 4-5 min arası şəxs dindirilib, 100-ə yaxın adam haqda həbs qətimkan tədbiri seçilib.
Həbslərin davam edəcəyi gözlənilir. Həbs olunanlar Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək fırıldaqçı sxemlər əsasında mənimsəyən, yaxud kreditləri alıb qaytarmayan iş adamlarıdır. Onların əksəriyyətinin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə əlaqələri var.
Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı həbs olunduğu məlumdur. Onlardan bəziləri "Bandotdel"də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında neft oliqarxı Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov, “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev, “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovdur.
Bildirilir ki, bununla yanaşı istinataqa cəlb edilənlər də var. Onların arasında Hacı İbrahim Nehrəmli birincidir. Onun Beynəlxalq Banka 70 milyon dollar borcu var.
Həmin banka saxlanılan “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyevin isə 200 milyon dollar borcu var.
“Azerenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev də istintaqa cəlb edilib. E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub. Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb. Yəni Pirverdiyevin 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu qətiləşib.
“Azərenerji” bu vəsaiti Beynəlxalq Banka qaytarmayıb. E.Pirverdiyev məhz bu borc məsələsinə görə istintaqa çağırılıb.
İri məbləğdə kredit dələduzluğu işi üzrə (“Beynəlxalq Bank işi” qalmaqalı) həbs edilən oliqarxlardan biri, “Qara polkovnik” kimi tanınan mərhum polis polkovniki Fətulla Hüseynovun oğlu Adil Hüseynovun şirkətinin hesabında hazırda 3 milyon funt-sterlinq var.
Həbs olunan “İnter Glass” şirkətinin prezidenti Fariz Muradovun isə 50 milyon dollarlıq mənimsəmədə ittiham olunur. Fariz Muradov Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevə yaxın şəxsdir.
Neft maqnatı, oliqarx Nizami Piriyev Beynəlxalq Bankdan 300 milyon dollar kredit götürüb qaytarmayıb.
Ümumilikdə hesabladıqda isə bu şəxslərin dövlətə 800 milyon dollara yaxın borcunun olduğu üzə çıxır. Tam olaraq rəsmi məlumat aşıqlanmadığından bu borc miqyasının daha da artacağı gözlənilir.
Bu cür hallarla bağlı məlumatlar zaman-zaman mətbuatda da işıqlandırılıb. Məsələn, hələ 4 il əvvəl mətbuatda Xəqani Bəşirov adlı iş adamının Beynəlxalq Bankdan müxtəlif şirkətlər vasitəsilə 185 milyon manat kredit götürdüyü və qaytarmadığına dair araşdırma dərc olunmuşdu. Hansı ki, Xəqani Bəşirovun Cahangir Hacıyevlə yaxın dost olduqları məlumdur.
Belə faktların sayı çoxdur. Hansı ki, bunun nəticəsində Beynəlxalq Bank həm vaxtı keçmiş kreditlərlə bağlı ölkədə ən böyük problem yaşayan, həm də maliyyə çətinliyi ilə qarşılaşan banka çevrilib.
analitik az