Əridilmiş pendirlə bağlı TƏZADLI VƏZİYYƏT – Niyə gömrükdə 7, marketlərdə 22 manatdır?

10-10-2024, 15:11           
Əridilmiş pendirlə bağlı TƏZADLI VƏZİYYƏT –
Ölkəmizə idxal edilən bir çox məhsullar bazara çıxarılarkən gömrük rəsmiləşdirilməsindən 2-3 dəfə baha qiymətə satılır. Həmin məhsullardan biri də əridilmiş pendirdir. Nəzərə alaq ki, bu ilin yanvar-iyul aylar ərzində Azərbaycana xarici ölkələrdən 2 milyon 702 min dollar dəyərində 578,5 ton əridilmiş pendir idxal olunub.

Xaricdən idxal olunan əridilmiş pendirin bir kiloqramının orta gömrük dəyəri 4,7 dollar (7,9 manat) olub.

Əridilmiş pendir ən çox Rusiyadan gətirilib. Bu ilin ilk 7 ayında Rusiyadan ölkəmizə 316,7 ton əridilmiş pendir idxal edilib. Rusiydan gətirilən əridilmiş pendirin bir kiloqramının orta gömrük dəyəri 4,2 dollar (7,1 manat) olub. Rusiyadan sonra ən çox (89,3 ton) əridilmiş pendir Ukraynadan idxal olunub ki, bu ölkədən gətirilən pendirin də bir kiloqramının orta gömrük dəyəri 4,5 dollar (7,6 manat) olub.

Qeyd edək ki, idxal olunan əridilmiş pendirin marketlərdəki pərakəndə satış qiyməti isə 22,3 manat təşkil edib. Açıqlanan rəsmi məlumatlardan da göründyü kimi, xaricdən gətirilən əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır.

Bu qədər böyük fərqin olmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu gün təkcə pendirin yox, bir çox ərzaq məhsullarının gömrük rəsmiləşdirilməsi ilə bazar qiymətləri arasında kəskin fərqlər mövcuddur:

“Bu fərqin səbəblərini söyləmək üçün geniş araşdırmaya ehtiyac var. Çünki gömrük rəsmiləşdirilməsi zamanı və bazara çıxarılan məhsulların gömrükdən sonra keçdiyi yolda müəyyən xərclər olur. Bura daşınma xərcləri, əlavə dəyər vergisi, digər vergi ödəmələri və s. daxildir.

Bununla belə gömrükdəki qiymətlərlə bazardakı qiymətlər arasındakı böyük qiymət fərqi suallar yaradır. Belə vəziyyətdə iki ehtimal ortaya çıxır. Ya gömrük rəsmiləşdirilməsində qiymətlər qəsdən aşağı göstərilir ki, daha az gömrük rüsumu ödənilsin, ya da bazara çıxarılan məhsulun üzərinə qoyulan marja çox yüksəkdir. Bu da bütün hallarda rəqabətin zəif olmasından qaynaqlanır. Yəqin ki, bazarda daha çox oyunçu olsa, heç kim gətirdiyi malı 2-3 dəfə baha qiymətə sata bilməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.