Oliqarxlar üçün yeni təhlükə - Yeni həbslər gözələnilir
29-05-2015, 10:37
Ölkə gündəmini məşğul edən əsas hadisə iri iş adamlarının həbsi və bunun səbəbləridir. İndiyədək onlarla oliqarxın tutulmasına, istintaqa cəlb edilməsinə, dindirilməsinə dair məlumat yayılıb.
Şərti olaraq KİV-də “Cahangir Hacıyev işi”, yaxud “Milyardlıq xəyanət” kimi təqdim edilən Beynəlxalq Bankla bağlı qaytarılmayan külli miqdarda kredit ətrafında sensasion gəlişmələr davam edir. Həbs edilən iş adamlarının sırası sürətlə genişlənməkdədir. Bir çox nüfuzlu oliqarxlara isə böyük rəqəmlərlə ifadə olunan kreditlərini qaytarmaq üçün möhlət verilib, onların ölkədən çıxışı yasaqlanıb və s.
İndi isə qaytarılmayan kredit borclarına görə həbslərin ardınca iri vergi borcları səbəbi ilə də hökumətin sərt addımlar atmağa hazırlaşdığı yönündə xəbərlər gəlməkdədir. Belə ki, Vergilər Nazirliyi vergi borcları ilə bağlı ənənəvi hesabatını açıqlayandan dərhal sonra borcluların da cinayət məsuliyyətinə cəlb ediləcəyinin anonsu verilib.
Ekspertlər bildirirlər ki, oliqarxlara məxsus şirkətlərin vergi borcları zaman-zaman yığılıb qalır. Onlar vergi borclarını ödəmək istəmirlər. Problem ciddi olmaqla bərabər, dövlət büdcəsi ilə bağlı kritik məqamda daha da aktualdır.
Qeyd edək ki, Vergilər Nazirliyinin vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə yaydığı məlumatda xeyli fiziki və hüquqi şəxsin adı var. Ekspertlərə görə, neftin qiymətinin ucuzlaşmasından sonra dövlət büdcəsinin icrasında yaranan problemlər bu məsələyə diqqəti artırıb. Böyük şirkətlərin isə büdcəyə külli miqdarda borcu olduğu vurğulanır.
Hazırda dövlətə iri vergi ödəyicilərinin 2,2 milyard manat borcu olduğu bildirilir. Əldə etdiyimiz məlumata görə, məsələn, "Azərenerji" ASC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərbaycan Hava Yolları"nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin yalnız adları "iri vergi" ödəyicisi olaraq qalır, reallıqda isə onların dövlətə borcları kifayət qədər fantastik rəqəmlərlə ifadə olunur.
Qeyd edək ki, hələ bu ilin fevralında KİV yazırdı ki, Vergilər Nazirliyinə vergilərin toplanması ilə bağlı fövqəladə səlahiyyətlər verilib. Nazir Fazil Məmmədova tapşırılıb ki, istisnasız olaraq məmur-oliqarxların nəzarətində olan bütün istehsal müəssisələri - fabrik-zavodlar, restoranlar, hətta qaçqın və məcburi köçkünlərin adına rəsmiləşdirdikləri köşklər belə vergiyə cəlb edilsin. Bu vergitoplama oliqarxların nəzarətində olan səhiyyə sahələrindən tutmuş iaşə obyektlərinədək tətbiq edilir. Üstəlik, əvvəllər əlbəttə ki, daha yuxarıların razılığı ilə iri müəssisələrini külli miqdarda vergidən yayındıran oliqarxlara deyilib ki, qapılarını və ciblərini vergi müfəttişlərinin üzünə açsınlar, əks təqdirdə, onları pis aqibət gözləyə bilər. Yeri gəlmişkən, xarici neft şirkətlərinin ödənişlərini çıxmaq şərti ilə büdcə daxilolmalarının əhəmiyyətli hissəsi iri dövlət və özəl müəssisələrin payına düşür.
Borclu dövlət müəssisələri ilə bağlı da xüsusi tədbirlər planı işə düşüb. Dövlətə külli miqdarda borcu olan qurumlara xəbərdarlıq edilib ki, yaxın vaxtlarda maliyyə toplanması ilə bağlı vəziyyəti düzəldə bilməsələr, onların rəhbərlik etdikləri qurumları da müvafiq nazirliklərin içərisində “əridəcəklər”. Həmin vaxt mətbuat onu da iddia edirdi ki, ləğv edilən və ya səlahiyyətləri məhdudlaşdırılan məmurlar bununla canlarını qurtarmır, onlar da illərdir yığdıqları pullardan “əlavə ödənək” verməyə cəlb edilirlər...
Vergi borcları ictimai rəyin o qədər diqqət yetirmədiyi, ancaq yetərincə nəhəng bir korrupsiya layihəsidir. Oliqarxlar nəinki dövlət vəsaitini və əmlakını mənimsəyir, hətta dövlətin büdcəsinə çatacaq pulu belə oğurlayırlar.
Bundan başqa, bir çox iri məmurların himayəsində olan iş adamları vergi borclarının ödənilməsinə dırnaqarası münasibət bəsləyiblər. Onlar arxalarındakı “güclü əl”ə güvənərək vergilərin ödənilməsində daim “tənbəllik”, laqeydlik nümayiş etdiriblər.
Gələn siqnallar o yöndədir ki, artıq oliqarxların illərdir yığılıb qalan və nəhəng rəqəmlərlə ifadə olunan vergi borclarına görə də başlarının ağrımağa başlayacağı gün uzaqda deyil. Bir çox iri məmurların və iş adamlarının da məhz bu səbəbdən həbs təhlükəsi yaşaya biləcəyi qətiyyən istisna edilmir.
Bir sözlə, qarşıdakı qızmar yay günlərinin əvvəlki illərlə müqayisədə daha isti keçəcəyi artıq indidən şübhə doğurmur.