Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi

25-10-2024, 08:24           
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi
Ağdaş rayon İcra Hakimiyyəti Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində yol kənarında aparılacaq abadlıq işlərinin satınalınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderdə “Simmetriya” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib və 29.08.2024-cü ildə 602.988,26 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Ağdaş rayon İcra Hakimiyyətinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Ağdaş rayon İcra Hakimiyyəti analoji işlərinaparılmasında heç bir xüsusi hüquqlara malik olmayan MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da əsaslı şübhələrə yol açır.
Şübhələrə keçməzdən əvvəl qeyd edək ki, “SİMMETRİYA” (VÖEN 8500147721) Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsində 18.11.2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 39439.00 manat olan şirkətin hüquqi ünvanı Şəmkir rayonu, Dəllər ştq-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Ağa Xaqani oğludur.
“”Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.

Bəs Ağdaş rayon İcra Hakimiyyətini lisenziyası barədə, satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə, satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki baza, işçi qüvvəsi meyarları ilə bağlı tələblərə uyğun olmayan “Simmetriya” MMC ilə bir mənbədən satınalma müqaviləsi bağlamağa nə vadar edib?

Qeyd edək ki, Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi işlərinin satın alınması üzrə keçirdiyi tenderdə də “Simmetriya” MMC-ni qalib seçib. Bu satınalma müqaviləsi 07.10.2020-ci ildə bağlanılıb. Dəyəri isə 2.340.195,12 manat təşkil edib.

Elektron mediada 9 Oktyabr 2023-cü ildə yayılan xəbərdə Ağdaş rayon İcra Hakimiyyətinin məhkəməyə verildiyi bildirilir. Məlumata görə, iş adamı Ağayev Ağa Xəqani oğlu tərəfindən yerli icra hakimimiyyəti orqanı barəsində Şəki Kommersiya Məhkəməsinə müraciət olunub. RİH-in barəsində məhkəməyə müraciət edilməsi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr ilə bağlı olduğu bildirilir. Məhkəmə işinə hakim Mübariz Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmənin kimi xeyrinə qərar çıxarması barədə məlumat yoxdu.

Bu məlumatlarda adı keçən Ağa Ağayev “Simmetriya” MMC-nin qanuni təmsilçisidir. Şirkətin indiyə qədər Ağdaş RİH-in elan etdiyi milyonluq tenderlərin dəfələrlə qalibi olması bardə elektron mediada məlumatlar var. Amma sonradan rayon rəhbərliyi ilə aralarında mübahisələr yaranıb.

Bu müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən sonra “Simmetriya” MMC -nin bir daha Ağdaş rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olması şübhə doğurmurmu? Göründüyü kimi müqavilə birbaşa, bir mənbədən satınalma adı altında bağlanıb. Əslində isə İcra Hakimiyyəti 602 min manat dəyəri olan açıq tenderi “Simmetriya” MMC-yə verməklə mübahisələri sonlandırmış olub.

Xatırladaq ki, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov olub. O, 12 ilə yaxın bu rayonun başçısı vəzifəsində çalışıb. Prezidentin 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Hazırda rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə müvəqqəti icra edir.

Aktualinfo.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.