Vətəndaşların “Elevan Park” müsibətləri - Evləri başlarına uça bilər
Bu gün, 10:29
Adı mütəmadi olaraq, mediada müxtəlif qalmaqallarda hallanan “Pilot 16” MMC ilə bağlı şikayətlər davam edir. Şirkətin “Elevan Park” yaşayış kompleksini inşa etdiyi Novruzov qardaşları küçəsinin (“Papanin” deyilən ərazi) bir qrup sakini Editor.az-a müraciət edərək, həyatlarının və əmlaklarının təhlükədə olduğunu bildirirlər. Onların sözlərinə görə, on illərdir yaşadıqları Nəsimi rayonu, Novruzov qardaşları küçəsində “Pilot 16” MMC inşaat işlərinə başladığı gündən ərazidə yaşayan sakinlər əsl cəhənnəmlə üz-üzədirlər:
““Pilot-16” şirkəti 4 ildir ki, nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur. Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, “Pilot-16″ şirkəti yüzlərlə insanın yaşadığı ərazidə gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda ağır tikinti və betonlama işlərini davam etdirir. Bu şirkətin əlindən insanların gecə evində yatması, istirahət etməsi mümkünsüz hala gəlib. İnsanların faktiki yaşadığı evlərin 5-10 metrliyində aparılan ağır qazıntı işləri mənzilləri ağır qəzalı vəziyyətə salıb”.
Sakinlərin sözlərinə görə, onlar illərdir ki, şirkətin ağır kranının altından hər gün ölüm qorxusu ilə keçməyə məcbur qalıb:
“Düzgün təşkil edilməyən tikinti meydançasından hər gün müxtəlif ağır tikinti materialları vətəndaşların və avtomobillərin keçdiyi yola, insanların avtomobillərinə, evlərinin damlarına və həyətlərinə tökülür. Bütün bu faktlar FHN-nin müxtəlif struktur qurumlarının ərazidə apardığı araşdırmalar zamanı təsdiq edilmiş və bizə rəsmi məktublar göndərilmişdir”.
Novruzov qardaşları küçəsinin sakinlərinin sözlərinə görə, əgər əvvəllər “Pilot 16” şirkəti evlərin 5-10 metrliyində ağır inşaat işləri aparırdısa, artıq bu işlər sakinlərin evlərinə bitişik mənzillərdə və həyətlərdə aparılır:
“Şirkət insanların faktiki yaşadığı evlərin divarlarının bitişik olduğu mənzil və həyətləri sökməklə evləri məqsədli şəkildə qəzalı vəziyyətə salmağa çalışır. Evlərin zəmin qatından torpaq sürüşməsi baş verir. “Pilot-16” MMC və onun direktoru Aslan Quliyevin birbaşa göstərişi ilə hazırda bizə qarşı xüsusi plan hazırlanmaqdadır. Onun qanunsuz əməllərinə göz yummadığımız üçün Aslan Quliyev və himayədarları evimizin zorla əlimizdən alınması, bu mümkün olmadıqda bilərəkdən dağıdılması üçün fəaliyyətə keçib. Artıq üç gündür ki, evimizin arxa divarına bitişik həyətdə ağır söküntü işlərinə start verib. Söküntü hələ yüngül alətlər vasitəsi ilə getməsinə baxmayaraq, artıq evin divarları və tavanı silkələnməyə başlayıb. Yaranmış dəhşətli səs-küy 2 yaşlı körpə başda olmaqla, bütün ailəmizi qorxu altında saxlayır.
“Pilot-16” MMC və onun direktoru Aslan Quliyev yaxın günlərdə evimizə bitişik həyətə ağır texnika yeritməyə və söküntü işləri aparmağa hazırlaşır. Bu baş verərsə, evimizin divarı üstümüzə uçacaq. Ən yaxşı halda isə evimizi çirkli qrunt suları basacaq. Aslan Quliyev bu formada fəaliyyəti dəfələrlə müxtəlif qonşulara qarşı tətbiq edib. O, ağır texnikanı əraziyə yeritmək və guya təsadüfən toxunmaqla əslində qəsdən evimizi dağıtmağa çalışır. Bu baş verərsə uçan divarın altında qalan ailəmiz fiziki məhv olmaq təhlükəsi ilə üz-üzədir. Məqsəd nə olursa olsun, zorla bizi yeganə ata-baba yurdumuzdan çıxarmaqdır. Özləri hər gün fərqli bahalı maşınlarda əraziyə gəlir, bizə göz dağı verirlər. Bu qədər vəsaiti hansı yolla, hansı imkanlarla əldə ediblər, bizə bəlli deyil. Biz isə üfunət içində, ölmək təhlükəsi ilə yaşayırıq. Buna baxmayaraq, şirkət bizi ədalətsiz formada şəhərin mərkəzindəki evimizdən didərgin salmaq istəyir”.
Sakinlər qeyd ediblər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı Baş prokurorluq, Fövqəladə Hallar Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət ediblər.
Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyevdir. Ancaq mediada yayılan və təkzib olunmayan xəbərlərə görə, şirkətin faktiki sahibi keçmiş oliqarx deputat Əsabil Qasımov və onun ailə üzvləridir.