Satınalmalar üzrə Dövlət Agentliyində «Binəqədi müsibəti»nin izi - İsgəndər Çəndirli "Global Construction"un sahibinin ən yaxın dostu imiş və…

31-05-2015, 15:36           
Satınalmalar üzrə Dövlət Agentliyində «Binəqədi müsibəti»nin izi - İsgəndər Çəndirli "Global Construction"un sahibinin ən yaxın dostu imiş və…
…Binəqədi rayonu, Azadlıq prospektində 15 nəfərin faciəli ölümü, 50-dən çox insanın yaralanması, yüzlərlə ailənin ev-eşiyindən didərgin salınması, ağır mənəvi və maddi zərbəyə tuş gəlməsi ilə nəticələnmiş hadisənin «yeddisi» çıxdı. Amma bu sahədə problemlərin kökü daha dərinə gedib çıxır.
Bəli, Prezidentin sədrliyi ilə xüsusi komissiya yaradıldı, binalara uzun illərdir süni üzlük vurulmasını həyata keçirən bir qrup həbs edildi, bu işə «dabro» vermiş bir qrup məmur isə prezidentin «qara siyahısı»na salındı, onların da cəzalandırılacağı şübhə doğurmur… Az qala bütün dünyaya səs salmış bu hadisə Azərbaycan kimi iqtisadi inkişaf yolu tutmuş, bu yolda dönməz kurs götürmüş bir ölkənin tikinti sektorunda nə qədər zəif nöqtələrin olduğunu aşkarladı…

Azərbaycan iqtisadiyyatının «zəif nöqtəsi»-İsgəndər Çəndirlinin tenderi…

Bilməyən və ya özünü bilməzliyə vuran bəzi məmurların diqqətinə çatdırmağı vacib sayırıq ki, dövlət büdcəsindən ayrılan və 5 min manatdan yuxarı vəsaitlərin hamısı tenderə çıxarılır, kim görüləcək işin ən sərfəli qiymətini təklif edirsə, həmin pul vəsaiti də onun sərəncamına verilir… Lakin Azərbaycanın Azərbaycan iqtisadiyyatının ən zəif nöqtələrindən biri də tenderdir. Sadə dildə desək, kimin babat adamı və əlinin altında MMC-si varsa, bu tenderə girir, sənədləri göndərir Milli Məclisin Komitə sədri Ziyad Səmədzadənin bacısı oğlu İsgəndər Çəndirliyə… Və İ.Çəndirliyinin sədri olduğu Satınalmalar üzrə Dövlət Agentliyində Əsasnaməyə görə, İsgndər Çəndirlinin komandası tenderə girən MMC-lərin və ya şirkətllərin, necə deyərlər, yeddi arxa dönəni yoxlayıb araşdırmalıdır… Məsələn, Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli, 855 saylı Fərmanı ilə Agentliyin vəzifələri müəyyənləşdirilib, Əsasnaməsi təsdiq olunub. Əsasnamədə Satınalmalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi, həmçinin dövlət vəsaiti hesabına alınan malların, həmçinin işlərin və xidmətlərin müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət etməkdir. Təsəvvür edirsinizmi, hətta lazım gəldikdə İsgəndər Çəndirli satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldıra bilər. «Təzadlar»a zamanında daxil olmuş çoxsaylı şikayətlərdən bilirik ki, tenderdə qalib olmuş MMC-lər var ki, tikilmiş obyektlərdə, göstərilmiş xidmətlərdə… müqavilə şərtlərinə əməl etmirlər.

Dövlət maraqlarını gekf satın alan-Satınalmalar üzrə Dövlət Agentliyi!

Axı, yuxarıda Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifələrindən ən vacibini qeyd etdik. Binəqədidə baş vermiş dəhşətli hadisənin nümunəsində deyə bilərik ki, bu işlərin satınalınmasında İsgəndər Çəndirli məhz həmin, özü də çox vacib bir vəzifəsinin öhdəsindən gəlməyib, yerinə yetirməyib. Əgər cənab Çəndirli həmin vacib vəzifəsini yerinə yetirsəydi, yəni binalara süni üzlük vuran şirkətlərin işini araşdırıb nəticəsini yoxlasaydı, məlum hadisə də baş verməzdi… Deməli, Satınalmalar üzrə Dövlət Agentliyi Dövlət maraqlarını deyil, nə isə başqa maraqları güdüb… Bunu isə aşağıdakı araşdırma yazısında və rəsmi rəqəmlərdə axtarmaq kifayətdir. Məsələn, Satınalmalar Üzrə Dövlət Agentliyinin rəsmi saytında illər üzrə keçirilən tenderlərdə «Binəqədi müsibəti»nin «baş qəhrəman»larından olan "Global Construction" MMC-nin fasadların üzlənməsi ilə bağlı maraqlı məlumat var. Məlum olur ki, bu şirkət indiyədək cəmi iki tenderdən keçib… Biz bu şirkətin 2011, 2012 və 2013-cü illərdə «udduğu» tenderləri axtardıq. Məlum oldu ki, şirkət cəmi iki tenderdə iştirak edib. Doğrudanmı belədir??? Bəs dövlət büdcəsindən silinən yüz milyonlarla manat pul vəsaitləri necə çıxarılıb? Budur, "Global Construction" MMC 2013-cü ildə Mingəçevir İcra Hakimiyyətinin sifarişi ilə "şəhərdə yüksək mərtəbəli yaşayış binalarının fasad hissələrinin təmir və üzlənmə işinin satın alınmasına görə" 3 milyon 999 min 864,54 manat pul alıb. 2014-cü ildə yenə Mingəçevir şəhər İcra Hakimiyyətinin sifarişi ilə şirkət eyni məqsədlə, lakin bu dəfə 9 milyon 999 min 254,51 manatlıq sifariş alıb. «Bizim yol» qəzeti isə daha bir maraqlı məlumata aydınlıq gətirib: sən demə, şirkətin artıq bağlanmış rəsmi saytında bir ay əvvəl göstərilirmiş ki, Mingəçevirdə iki 3, iki 5, iki 9, iki 12 mərtəbəli yaşayış, orta məktəb binası, uşaq bağçasının fasadı dəyişdirilib. Beləliklə, 10 binaya 14 milyon manat verilibsə, deməli, bir binanın fasadı 1,4 milyon manata başa gəlib.

İsgəndər Çəndirlinin yalançı tender oyunu, bir də pula həris MMC-lər…

Başqa bir maraqlı və həm də korrupsiya iyi gələn bir məqam: Budur, Mingəçevir İcra Hakimiyyəti ilə bağlı Agentliyin saytında keçirilən müsabiqənin keçirildiyi barədə rəsmi məlumat var. Lakin, məşhur bir mahnıda deyildiyi kimi, kim bilir, görəsən kim bilir, belə bir tender həqiqətən keçirilibmi? Keçirilibsə, "Global Construction" MMC-dən başqa kimlər bu tenderə sənəd verib? Necə olub ki, digərləri uduzub? Yaxud, "Global Construction" MMC-ni qalib edən şərt hansı olub: keyfiyyətli üzlük materiallarından istifadə etməsi, yoxsa… Bir sözlə, məlum istintaq qrupu İsgəndər Çəndirlinin bu məsələdə rolunu araşdırsa, inanıram ki, yetərincə sensasiya doğuracaq faktlar üzə çıxacaq.

İsgəndər Çəndirli "Global Construction" MMC-nin sahibi Miryusif Mahmudovun ən yaxın dostu olub…


Beləliklə, Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar 4 nəfər həbs edildi. Baş Prokurorluğun Mətbuat Xidmətindən «Təzadlar»a verilən rəsmi məlumatda qeyd olunurdu ki, «Qqulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov həbs edilib. Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib».
Bundan əlavə, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin yaydıqları digər bir rəsmi açıqlamadan məlum olurdu ki, həmçinin istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparan “Global Construction” şirkətinin sahibi Miryusif Mahmudov da iş üzrə şübhəli şəxs qismində tutulub. Hansı ki, bizə verilən məlumata görə, Miryusif Mahmudov Satınalmalar üzrə Dövlət Ağentliyinin direktoru İsgəndər Çəndirlinin ən yaxın adamlarından olub. Elə ona görə də bu şirkətin tenderlərinin icrasına nəzarət etməli olan İsgəndər Çəndirli son ana qədər hər şeyə göz yumub və susub. Əksinə, İ.Çəndirli bu işlərə qanun və səlahiyyəti çərçivəsində yanaşmış olsaydı, məlum olardı ki, həmin üzlük materialı adi kibrit çöpü ilə alışıb yanır, odadavamlı deyil (Bu eksperimenti «Təzadlar»ın əməkdaşları redaksiyada apardılar və saytımızda videosu var). Və doğrudanmı İsgəndər Çəndirli bütün bunlardan xəbərsiz idi? Yaxud, “Global Construction” MMC-nin tender komissiyasına təqdim olunan sənədlərində həmin üzlük materialın odadavamlığı barədə hansı təsdiqləyici sənəd və real material olub??? Bunu ona görə xüsusi olaraq vurğulayırıq ki, "Global Construction” MMC tikinti şirkətinin bazasında sonradan “Global Stone” istehsal şirkəti yaradılıb. Bir sözlə, özləri istehsal edib özləri də fasadları üzlükləyirmiş…
Sosial şəbəkələrdən bir məlumat da əldə etdik. Belə ki, «Global Construction» MMC 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub.

İsgəndər Çəndirli "Global Construction" MMC-nin tender məlumatlarını gizli sayxlayırmış?

«Təzadlar» olaraq başqa bir maraqlı məlumat da diqqətimizi çəkdi. Məsələn, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında "Global Construction" MMC-nin 15 milyonluq tenderləri barədə vur-tut iki fakta rast gəlindi… Amma elə "Global Construction" MMC-nin rəsmi saytında görün nələrə rast gəldik: Şirkət Gəncədə Heydər Əliyev Park-Kompleksi, Ziya Bünyadov prospektində üç ədəd 9, iki 5, Bakıxanov qəsəbəsində bir 5 və yeddi 9, Bibiheybət qəsəbəsində 17, Heydər Əliyev prospektində 5 və 16, Atatürk prospektində 16, Təbriz küçəsində iki 9, Yusif Qasımov küçəsində 9, S.Orucova küçəsində 9, A.M.Cümə küçəsində 14, Həsənoğlu küçəsində 9, 13 və 16, Bayıl qəsəbəsində 16, Qaradağ rayonu Sahil qəsəbəsində beş 9, Mayakovski küçəsindəki 4, Buzovnada 9 mərtəbəli yaşayış binaları, Auditorlar Palatası, Azərbaycan Beynəlxalq Bankı, Bakı Klinikası, "Günəş" Şadlıq sarayı, F.Xoyski küçəsində 200 saylı bağça, Dövlət Sərhəd xidmətinin Akademiyası, Dövlət Miqrasiya xidmətinin inzibati binası, Sumqayıtda 5, Saatlı rayon İcra Hakimiyyəti və 10-larla digər yaşayış və inzibati binalarda fasadlara məlum keyfiyyətsiz süni üzlük örtüklərdən quraşdırılıb.
Qayıdırıq İsgəndər Çəndirlinin direktoru olduğu Agentliyin rəsmi internet səhifəsinə: nədən bu böyda böyük həcmli işlər məlumat bazasında yoxdur, gizlədilib?
Bir maraqlı vakt: fövqəladə hallar naziri K.Heydərov rəsmən açıqladı ki, təkcə Bakıda 263 binada üzləmə işləri görülüb. Hər bina orta hesabla dövlət büdcəsindən 1-1% milyon manat pul aparıb (yuxarıda qeyd olunub). Bəs bu binaların üzlənməsinə çəkilən maliyyə vəsaitləri niyə Agentliyin rəsmi məlumat bazasında olmasın?
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.