“İlin Dörd Fəsli” MMC özünün armatur sexi olmasını inkar edir – FOTO, VİDEO
6-10-2016, 02:14

“Yeni Bakı”dakı çatlara səbəb inşaat materiallarıdır?
Sentyabrın 28-də Qafqaznews.az saytında “Baku Steel Company”nin baş direktor müavini Ramin Kərimovla img_2113müsahibə dərc olunmuşdu.
Müsahibə zamanı Ramin Kərimov inşaat armaturlarının istehsalı ilə məşğul olan kiçik sexlərlə bağlı münasibətini açıqlamışdı: “Məsələ ondadır ki, bu sexlərin çoxunda laboratoriya da yoxdur. Məhsulun kimyəvi tərkibi ilə bağlı orda araşdırmalar, tənzimlənmə işləri aparılmalıdır. Mexaniki sınaq laboratoriyası olmalıdır. Məhsul yoxlanılmalıdır, laboratoriyalar da ildə bir dəfə akkreditasiyadan keçməlidir. Lakin bu, o sexlərin sahibləri üçün maraqlı deyil. Biz isə istəyirik ki, ölkədə bazara standartlara uyğun məhsul çıxarılsın, sağlam rəqabət olsun”.
Bu günlərdə isə Qafqaz Xəbər Agentliyinə analoji sexlərlə bağlı bir məlumat daxil olub. Məlumata görə, Masazırdakı “Yeni Bakı” yaşayış kompleksini, eləcə də Bakının bir neçə yerində çoxmərtəbəli binaların inşaatı və satışıyla məşğul olan “İlin Dörd Fəsli” MMC şirkəti Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki yaşayış massivində (!) armatur istehsal edən sexə malikdir.
Əməkdaşlarımız məlumatda qeyd olunan Əhməd Rəcəbli 334 ünvanına baş çəkdilər və orda həqiqətən də armatur istehsalıyla məşğul olan sexlə üzləşdilər. Həmin sexdən videogörüntüləri də izləyə bilərsiniz. “İlin Dörd Fəsli” MMC-nin adını bildirmək istəməyən əməkdaşı Kavkaznews.az-a bildirib ki, şirkətin armatur istehsal edən sexi yoxdur.
Lakin Binəqədi RİH-in 1 saylı ərazi nümayəndəliyinin əməkdaşı Dilbər Şükürova sözügedən armatur sexinin “İlin dörd fəsli” şirkətinə məxsus olduğunu təsdiqlədi.
FHN-dən Qafqaz Xəbər Agentliyinə bildiriblər ki, armatur istehsal edən müəssisələr Dadaşov adına İnşaat Materialları Elmi-Tədqiqat İnstitutuna müraciət etməlidirlər. Lakin həmin institutun nümayəndəsi Samirə Süleymanova bildirib ki, “İlin Dörd Fəsli” MMC onlara öz məhsullarının ekspertizası üçün müraciət etməyib (Kavkaznews.az).
Oxuculara bir xatırlatma verək ki, sentyabrın 22-də Qafqaznews.az-da “Binalardakı çatlara səbəb keyfiyyətsiz armaturlardır?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza İdarəsinin sektor müdiri Mübariz Əliyevin açıqlamasını bir daha oxuculara təqdim edirik: “Mübariz Əliyev bildirdi ki, təxminən 15 il əvvəl nazirliyə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən bir sexdən şikayət daxil olmuşdu.
“Həmin sex zəhərli mazut tüstüsü ilə ətrafdakılara narahatlıq verirdi. Biz getdik, məlum oldu ki, onlar yerin altından çıxarılan köhnə, izolyasiyalı boruları yaxşı təmizləmədən əridirlər. Xəbərdarlıq etdik ki, belə olmaz. İndi bilmirəm… İki il müddətinə yoxlamalar qadağan olunub. Lakin kimin şikayəti olsa, İqtisadiyyat Nazirliyinə müraciət etsin, onlar da bizi dəvət edəcək və bir yerdə həmin ərazidə monitorinq aparacağıq.
“Qara metal” tullantılarından armatur emal edərkən, bir sıra sexlər lazımi prosedurlara əməl etmirlər, ətraf mühitə də ziyan vururlar. Həmçinin bu sexlər emalla məşğuldurlarsa, yaşayış yerlərindən 50-100 metr aralı olmalıdırlar. Yox, əgər soba varsa, o zaman bu məsafə 500-1000 metr arasında dəyişir”, – deyə ekoloq qeyd etdi”.
Eyni zamanda, ölkə mget_imgətbuatında son aylarda “İlin Dörd Fəsli” MMC, daha doğrusu, bu şirkətin inşa etdiyi və mənzil satışını həyata keçirdiyi “Yeni Bakı” yaşayış kompleksindəki binalarla bağlı müxtəlif məlumatlara rast gəlmək olar.
Məsələn, iyulun 19-da Azadliq.org saytında dərc olunan ““Yeni Bakı”nın sakinləri prezidentdən kömək istəyir” başlıqlı yazıda “Yeni Bakı” sakinlərindən sitat gətilir: “Hara gediriksə, deyirlər, “ağlınız olaydı, ordan ev almayaydınız”. Axı burdan ev alanların heç də hamısı bənna, mühəndis, rəngsaz, mütəxəssis deyil ki, aldığı evin divarlarının qısa müddətdən sonra çat verəcəyini əvvəldən bilsin. Sonuncu qəpiyimizə qədər xərcləyib ev alıb, təmir edib içərisinə girmişik. İndi binaların ayıbları üzə çıxmağa başlayıb”.
Toğrul Məcidov 3 il əvvəl Masazırdakı “Yeni Bakı” yaşayış kompleksindən mənzil alıb. Deyir, indi binanın divarlarındakı çatları görüb qorxuya düşüb.
“Sonradan bilmişəm ki, buranın yeri əvvəllər göl olub, binaların çökmə təhlükəsi var. Evi sata bilmirəm. Gələn müştəri binalardakı çatı görüb geri qayıdır”. Bina sakini Sabir Kazımov: “Ötən həftə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəldi, binalara baxış keçirdilər. Şifahi şəkildə bildirdilər ki, şəhərcikdəki 1-ci və 2-ci “P” şəkilli binaların, eləcə də bu binalarla üzbəüz səkkiz təkbloklu binanın Nazirlikdən istismara qəbul aktı var. Biz bunu ilk dəfə onlardan eşidirdik. Həm də şifahi… Tələb edirik ki, “Yeni Bakı”da istismara qəbul aktı olan binaların sayını və nömrələrini bizə yazılı şəkildə bildirsinlər. Həmin binaların sakinləri kimi həmin aktların bir nüsxəsi də bizdə olmalıdır. Əslində məqsəd bəllidir, biz binaların keyfiyyətsizliyindən məhkəməyə müraciət edəndə həmin aktları da məhkəməyə təqdim edə bilərik və FHN çıxılmaz durumda qalar. Ona görə də “istismara qəbul aktı var” deyib ötməklə kifayətlənirlər” (azadliq.org).
imagesQeyd edək ki, sözügedən şəhərcikdə çatlar barədə məlumat Marja.az və Sputnik.az saytlarında da yayımlanmışdı. Lakin bu günlərdə Marja.az saytında başqa bir məqalə ilə, bu məlumatların rəqiblərin sifarişiylə və təxribat məqsədiylə yayıldığı bildirilmişdi.
Binalardakı çatlarla bağlı foto və videogörüntüləri də sosial şəbəkələrdə yayılmış, sakinlərin FHN-in “Qaynar Xətt”inə müraciəti də olmuşdu.
Abşeron RİH-in baş memarı Akif Əliyev öz növbəsində mətbuata bildirib ki, sözügedən binalarda çatlar və çökmə əlamətləri var, lakin bunun yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-nin və ETSN-in ekspertizası müəyyən etməlidir. Ərazidə vizual baxış aparan FHN Tikintidə Təhlükəsizlik Agentliyindən isə “Yeni Bakı” rəhbərliyinə bildirilib ki, kipləşdirmə qatlarındakı çatlar binalar üçün ciddi təhlükə yaratmasa da, bu hallar tez bir zamanda aradan qaldırılmalıdır.
Araşdırmamız davam edir.




[media=https://www.youtube.com/watch?v=6vJFRVYOgwo]
[media=https://www.youtube.com/watch?v=NbUoPqvKRBI]