Şabran icra hakimiyyətinin başçısına şok ittihamlar - İş adamlarını müflis edir
2-06-2015, 11:46
Şabran (köhnə adı Dəvəçi-red) ölkəmizin ən qədim yaşayış məskənlərindən biri hesab edilir. Rayonun ərazisində qədim dövrə məxsus olan tarixi abidələrə rast gəlmək mümkündür. Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illər Şabranda da müxtəlif abadlıq-quruculuq işləri həyata keçirilib. Daha dəqiq desək, bu işlərin görülməsi məqsədilə dövlət büdcəsindən, həmçinin Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılıb.
Bildiyiniz kimi, ölkə başçısı rayonlara icra hakimi təyin edərkən həmin şəxslərə vətəndaşlarla mülayim davranmağı, onları incitməməyi, sahibkarlığın inkişafına təkan vermələrini və büdcə vəsaitlərini məqsədəuyğun şəkildə xərcləmələrini tapşırır. Təəssüf ki, bu gün bəzi məmurlar, o cümlədən Şabran Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Novruz Novruzov səlahiyyətlərini istənilən səviyyədə icra edə bilmir. Elə bunun nəticəsidir ki, hazırda rayonda müxtəlif problemlər hökm sürür. Bu özünü həm yerli əhalinin yaşayış səviyyəsində, həm də sahibkarların fəaliyyətində büruzə verir. Yadınızdadırsa, qəzetimizin ötən saylarından birində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əsədov Eldar Əsədulla oğlunun icra başçısının qanunsuz əməlləri barədə şikayətini dərc etmişdik. O bildirmişdi ki, Şabran İcra Hakimiyyətinin başçısı ilə qarşılıqlı anlaşma əsasında rayonda bir sıra işlər görüb. Amma buna baxmayaraq, gördüyü işlərin pulunu ala bilməyib: "Məni icra başçısı ilə keçmiş millət vəkili Mətləb Mütəllimli 2013-cü ildə tanışedib. Həmin il Mətləb müəllim məni və qardaşımı icra başçısının yanına çağıraraq rayonda görülən abadlıq işləri ilə bağlı gül və dekorativ ağac bitkilərinin lazım olduğunu bildirdi. Biz məhz bu işlə məşğul oluruq. Başçı rayona yaşıl ağac gətirməyimizi tapşırdı. Öz növbəmizdə ona ağacların qiyməti haqda məlumat verdik. Bununla razılaşdı və sifarişlərini gətirdik. Hər növ ağac var idi. Başçı ağacları bəyəndi. Birinci sifarişdə 7 ədəd palma ağacı gətirdim, onların hər birinin qiyməti 50 manat təşkil edirdi. Daha sonra 50 ədəd gətirməyi də tapşırdı. Yük maşınının boşalmasına icra hakimi şəxsən özü nəzarət edirdi. Hətta başqa yerə aparılmalı olan 36 ədəd Amerika tüyasını da yerə boşaltdırdı və deyəndə ki, bunlar başqa sifarişdir, bildirdi ki, mənə tədbiri yola vermək lazımdır. Həmin ərəfələrdə cənab prezident Şabrana səfər edəcəkdi. Novruz müəllim dedi ki, abadlıq işləri ilə əlaqədar olaraq hələlik büdcədə pul yoxdur, vəsait ayrılan kimi sizin pulunuzu verəcəm. Biz ona inandıq, borc-xərc edib yenə yük maşınında ağac gətirdik. Tədbir başa çatandan bir həftə sonra icra hakimiyyəti binasının həyətində Novruz Novruzov bizə öz təşəkkürünü bildirdi. Müavini Mehdi müəllimə isə tapşırdı ki, bunların pulunu hesabla ver. Mehdi müəllimin otağına keçib görülən işlərin pulunu hesabladıq. Hamısı bir yerdə 22 min 860 manat pul tutdu. Bizdən bir neçə gün gözləməyimizi xahiş etdilər. 3 gündən sonra başçının müavini ilə əlaqə saxladım, amma zəngimə cavab vermədi. Ertəsi gün qardaşımı da götürüb Şabrana yollandım. Orda Mehdi müəllimlə görüşdük, lakin o bizə etirazını bildirərək dedi ki, zəngimi gözləyin. Başçının müavini pulun hesaba təzə oturduğunu deyərək səbirli olmağımızı tələb etdi". Novruz Novruzov və müavini sahibkara pulu qaytaracaqlarına dair vəd versələr də, bu günə kimi sözlərinə əməl etməyiblər. İş adamının 19 370 dolları hələ də qaytarılmayıb. Bununla bağlı qəzetimizdə yazı dərc olunandan sonra nə icra başçısı, nə də müavini münasibət bildirdilər. Törətdiyi qanunsuz işlərin müqabilində cəzasız qalan məmur isə əməllərini davam etdirməkdədir. Ötən gün etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, yerli sahibkarlar başçı tərəfindən incidilir və onlara rahat iş imkanı yaradılmır: "Şabranda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün şəxslər - fərq etməz xırda, yaxud iri sahibkar- ciddi problemlə üz-üzə qalıblar. Hazırda respublikamızın əksər rayonlarında abadlıq işləri aparılır. Prezidentimiz dəfələrlə tapşırıb ki, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri sahibkarları məcburi qaydada tikinti layihələrinə cəlb etməsinlər. Yəni hansı sahibkar görülən quruculuq-abadlıq işlərinə könüllü olaraq yardım etmək istəyirsə, bu şans ona tanınmalıdır. Əks halda, icra başçılarının sahibkarları başqa işlərə cəlb etməyə və sıxışdırmağa haqqı yoxdur. Buna baxmayaraq, son illərdə Şabranda həyata keçirilən təmir-tikinti işlərinin böyük hissəsinin maliyyə vəsaiti yerli iş adamlarından tutulub. Rayonun sosial-iqtisadi inkişafına ayrılan büdcə vəsaitlərinin hara xərcləndiyi məlum deyil. Demək olar ki, hər ay yerli iş adamları müxtəlif yığımlara cəlb olunur. Əgər kimsə bundan yayınmağa çalışırsa, onun aqibəti yaxşı olmur. Belə ki, icra hakiminin tapşırığını yerinə yetirmək istəməyən sahibkarlara təzyiq edilir, əksər hallarda obyektlərinin fəaliyyətinə əngəl yaradılır". Məlumatlı mənbənin sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondu müəyyən vaxtlarda şabranlı sahibkarlara güzəştli kreditlər ayırır. İddiaya əsasən, iş adamları fonddan pulu götürən kimi onun bir hissəsini rayon rəhbərliyinə çatdırırlar: "Bu artıq ənənə halına çevrilib. Belə məsələlərə görə rayonda sahibkarlığın inkişafı istənilən səviyyədə getmir. Novruz Novruzov icra başçısı təyin olunan vaxtdan, yəni 2007-ci ildən bu yana Şabranda neçə-neçə sahibkar müflis olub. Dəhşətlisi odur ki, incidilən iş adamları icra başçısından yuxarılara şikayət edə bilmirlər. İcra hakiminin adamları mütəmadi olaraq sahibkarlara deyirlər ki, kim yuxarılara şikayət məktubu göndərsə, onun başına müsibət gələ bilər. Buna görə də haqsızlıqla üzləşən sahibkarlar sadəcə susmaqla kifayətlənirlər". Sonda Şabran RİH-in rəhbərinə prezidentin 2013-cü ildə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dediyi sözləri xatırlatmaq istəyirik: "Hər bir rayonun öz büdcəsi var. Hər bir rayona dövlət tərəfindən vəsait ayrılır. Prezidentin Ehtiyat Fondundan mütəmadi qaydada vəsait ayrılır. Bu vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir, kömək eləsin. Amma bəzi hallarda onları məcbur edirlər. Böyük həcmdə onlar xərc çəkirlər. Sonra da pulunu vermirlər. Belə olmaz! Kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir. Bütün məlumatlar çatır. Bir də deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq". Bəlkə də Novruz müəllim fikirləşə bilər ki, onun gördüyü qanuna zidd əməllərdən ölkə başçısına məlumat çatdırılmır. Amma o belə düşünürsə, yanılır. Hesab edirik ki, adıçəkilən məmur törətdiyi özbaşına əməllərə görə gec-tez cavab verməli olacaq. \\ gundelik-baku \\