“Azərcell” düzəlmirki düzəlmir - “Azərcell Telecom” kartları nominaldan baha satır
2-06-2015, 13:05

Bu ilin mart ayında Qafqaz Xəbər Agentliyinə “Bir qrup sahibkar” imzası ilə məktub daxil olmuşdu. Məktubun məzmunundan bəlli olurdu ki, müəlliflər sim-kart satışı ilə məşğul olan sahibkarlardır. Məktubda milli manatın devalvasiyasından sonra yaranan problemdən bəhs olunur.
“Manatın devalvasiyasından sonra qiymətlər artmağa başladı. Bəzi işbazlar süni şəkildə qiymətləri artırmağa başladı. Ancaq ölkə başçısı İlham Əliyev cənabları süni qiymət artımı yaradanlara kəskin münasibətini bildirsə də, bəzi iri monopolist şirkətlər yenə də özbaşınalıq edirlər. Belə şirkətlərdən biri də “Azərcell Telecom”dur.
Məktub müəllifləri yazır ki, şirkət sim-kartların özünün və nömrəsinin satışını üst distrübüter adlanan “Axundoff”, “ABC” və “Inteqral” arasında bölüb.
Bu şirkətlər isə öz növbəsində aldıqları sim-kartları və nömrələri aşağı distrübüterlərə və diler mağazalarına satırlar. Yəni ortada praktiki olaraq heç bir iş görmədən üst distrübüterlər milyonlar qazanır.
Agentliyimizə daxil olan bu məktubu araşdırmaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Antiinhisar Dövlət Xidmətinə və “Azərcell Telekom” şirkətinə göndərdik.
4 apreldə “Azərcell Telekom”un prezidenti Vahid Mürsəliyevin imzası ilə məktub aldıq: “ Sizə bildiririk ki, bizim sim-kartların qiyməti dəyişməyib. Onlar nominalda göstərilən qiymətə satılır. “Azərcell Telekom” öz müştərilərinə məsləhət bilir ki, kartları bizim rəsmi dilerlərdən və nominala uyğun qiymətə alsınlar”.
8 mayda İqtisadiyyat və Sənaye Nazirliyi ( İSN ) bizim müraciətimizə cavab verdi: “ Məktubunuzda göstərilən məsələlər “Azərcell”in nümayəndəsi ilə birgə müzakirə edilmiş və şirkətdən alınmış məlumatlar əsasında araşdırılmışdır. Əlavə məlumat üçün bildiririk ki, İSN-nin yanında Antiinhisar Dövlət Xidməti tərəfindən mobil operatorlara ödəmə kartlarının nominal dəyərinə satılması və baha qiymətə satılmasının qarşısının alınması barədə müvafiq tarşırıqlar verilib”.
Məsələ ilə bağlı İstehlakçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. Komitə sədri Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki: “İqtisadiyyat və Sənaye Nazirliyi həmişəki kimi standart cavab verməklə məşğuldur. Mən dəfələrlə bu nazirlikdən oxşar məzmunda cavablar almışam”.
Hüseynovun sözlərinə görə, mobil operatorlarla bağlı ona həmişə şikayətlər daxil olur: “ İki ay əvvəl “Azərcell”in kartlarının nominal qiymətdən baha satıldığı barədə məlumat aldıq. Bu kartlar köşklərdə satılır və alıcılara kassa çeki verilmir. Ona görə də köşklər kartları istədikləri qiymətə satırlar”.