ASTARADA 540 AİLƏYƏ QARŞI DƏLƏDUZLUQ – Bank əməkdaşlarının milyonluq fırıldağı…
28-03-2025, 12:14

Astara rayonu, Şiyəkəran kənd sakini Fətəliyeva Şəlalə Zöhrab qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 2014-2015-ci illərdə qonşuluqda yaşayan Elnur adlı şəxs Tacirə Orucəli qızı və tanışları Talıbov Elşən Talıb oğlu ilə birgə onları aldadaraq, bankdan adlarına külli miqdarda kredit götürüblər:
“Mən, Fətəliyeva Şəlalə Zöhrab qızı yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, uşaqlarımı atasız böyütmüşəm. Çox əziyyətlər çəkmişəm. Ali savadım yoxdur. Oğlumun biri xaricdə yaşayır, xəstədir. Digəri hazırda əsgərlikdədir. Üçüncü oğlumun isə beli sınıb, əlildir.
Məlumat verim ki, yuxarıda adlarını çəkdiyim dələduzların toruna təkcə mən düşməmişəm, mənim kimi 540 ailə də onların fırıldaqçılığının əziyyətini çəkir. Hansı ki, bu şəxslər “Bank Respublika”dan adımıza külli miqdarda pullar götürüblər, bizim isə bundan xəbərimiz olmayıb.
Həmin şəxslərdən biri ölüb, biri isə tutulub. Digərləri isə hazırda kənddə yaşayırlar.
Qeyd edim ki, başımıza gələnlərin hamısı kasıbçılıqdandır. Deməli, 2014-2015-ci illərdə qonşum Elnur və Tacirə bizə təklif etdilər ki, bir yer var, gedək ora, siz sadəcə sənədə qol çəkəcəksiniz, bunun qarşılığında hərənizə 100 manat veriləcək.
Ağlımıza gəlməyən başımıza gəldi. Gedib qol çəkdik, çıxdıq. Amma hər birimizə, söz verildiyi kimi 100 manat yox, 50 manat verildi. Həmin vaxtı başa düşmədik ki, bu dələduzlar bizim adımıza bankdan pul götürür. Biz soruşanda isə bank əməkdaşı dedi ki, müştəri yığmaq üçün sizin adlarınızı qeyd edirik. Biz də inandıq.
Sonradan pullar ödənilmədiyi üçün bank bizi məhkəməyə verib. Heç bu məhkəmələrdən də xəbərimiz olmayıb. Sadəcə, kim kartla dövlətdən maaş, pensiya və müavinət alırdısa, həmin şəxslərin puluna bank əl qoymuşdu.
Mən də uşaqlarımı atasız böyütdüyüm üçün dövlət tərəfindən verilən yardımın bir hissəsini hazırda bank tutur. Kimlərinsə dələduzluqla alıb yediyi pulu hazırda bank mənə ödətdirir. Kimə, hara müraciət edəcəyimi bilmirəm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.