Səhiyyə Nazirliyində kütləvi həbslər - xəbərlər yayılıb

4-06-2015, 14:36           
Səhiyyə Nazirliyində kütləvi həbslər - xəbərlər yayılıb
Anar Qədirli: “Akif Əlibəyov və onunla birlikdə digər şəxslərin saxlanılması barədə yayılan məlumatlar əsassızdır”

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Qədirli, Mərkəzin rəhbəri Akif Əlibəyovun və digər əməkdaşlarının saxlanılması barədə “AzPolitika.info”-nun məlumatını təkzib edib.

“Akif Əlibəyov iş başındadır. Bizim heç bir əməkdaş saxlanılmayıb. Araşdırmalar aparılır. İstintaqa lazım olan materiallar təqdim olunub. Düşünürəm ki, bu adi hüquqi proseduradır”, deyə, A.Qədirli əməkdaşımıza bildirib.

A.Qədirli Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğınla bağlı istintaqa informasiya təqdim etdiklərini də sözlərinə əlavə edib.

A.Qədirlinin bu açıqlaması “AzPolitika.info”-nun məlumatını dəqiqləşdirmək ehtiyacı yaradır. Biz, Akif Əlibəyov və RGEM-in digər vəzifəli şəxslərinin dünən saatlarla Respublika Prokurorluğunda istintaqa ifadə verdikləri barədə məlumatımızı bir daha təsdiq edirik. Bunu, A.Qədirli də təkzib etməyib. O, RGEM-də araşdırmalar aparıldığı barədə məlumatı təsdiq edib. Lakin biz iddia etməmişik ki, A.Əlibəyova qarşı hansısa ittiham irəli sürülüb. Bu baxımdan, A.Əlibəyovun bu gün iş başında olması tamamilə mümkündür.

Bununla belə, Binəqədi rayonundakı yanğından dərhal sonra RGEM-də prokurorluğun başlatdığı yoxlamaların hələ də davam etməsi və dünən Mərkəz rəhbərliyinin saatlarla istintaqa ifadə verməsi onu göstərir ki, istintaqçıları bu Mərkəzin fəaliyyəti ilə bağlı düşündürən ciddi suallar var.

Xatırladaq ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 2012-ci ildə 15 nəfərin ölümü ilə nəticələnən faciəyə səbəb olmuş poliuretan üzlüklərə keyfiyyət sertifikatı verdiyi məlum olub.

***
trend_respublika_prokuroglugu_160513_01Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktoru Akif Əlibəyov bu gün səhər saatlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə aparılıb. Bu barədə AzPolitika.info-ya mötəbər mənbələrdən məlumat daxil olub.

Akif Əlibəyovla birlikdə Mərkəzin rəhbərliyinə daxil olan bir neçə şəxs və laboratoriya müdiri də saxlanılıblar.

Bizə verilən məlumata görə, iş günü sona çatsa da, Akif Əlibəyov və onunla birlikdə saxlanılanlar hələ də Baş Prokurorluqdadırlar.

Xatırladaq ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində prokurorluğun yoxlamaları Binəqədidə 16 mərtəbəli yaşayış binasında yanğından az sonra – mayın 21-də başlamışdı. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 2012-ci ildə 15 nəfərin ölümü ilə nəticələnən faciəyə səbəb olmuş poliuretan üzlüklərə keyfiyyət sertifikatı verdiyi məlum olub.

Yanğınla bağlı başlanan cinayət işi çərçivəsində həbslərin Respublika Gigiyena və Epidemiologiya Mərkəzini də əhatə edəcəyi istisna olunmurdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.