“Avis” Tibbi Marketlər şəbəkəsi ölkə qanunlarına hörmətlə yanaşmır

4-06-2015, 14:37           
“Avis” Tibbi Marketlər şəbəkəsi ölkə qanunlarına hörmətlə yanaşmır

“Olimp” şöbəsində eyni dərman preparatları nədən digər apteklərdən baha qiymətə satılır?

Aptek rəhbərliyi anlamalıdır ki, alınan malın geri qaytarılmaması istehlakçı hüquqlarının pozulmasından başqa bir şey deyil

Artıq hər kəsə bəllidir ki, bu gün həm paytaxtda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən bir sıra apteklərdə eyni dərmanlar fərqli qiymətlərə satılır. Bu isə aidiyyəti qurumların dərman bazarına lazımınca nəzarət etməməsindən xəbər verir. Əgər belə olmasaydı, o zaman “Avis” Tibbi Marketlər şəbəkəsi eyni dərman preparatlarını digər apteklərdən baha qiymətə satmağa cürət etməzdi.

Əldə etdiyimiz bilgilərə görə, sözügedən apteklər şəbəkəsinin “Olimp”, “İstanbul”, “Tusi” və digər şöbələrində “Lebel” adlı dərman preparatı müştərilərə qat-qat baha qiymətə təqdim olunur. “Avis”in “Olimp” şöbəsinin Yasamal rayonu, Haqverdiyev 11 ünvanında yerləşdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, müştərilərdən biri 03.06.2015-ci il tarixdə saat 16:07-də adıçəkilən şöbənin satıcısı Əjdər Kərimovdan 750MGN7 seriyalı “Lebel” dərmanı alıb: “Müştəri həmin dərmana görə 34 manat 80 qəpik ödəyib. Lakin bir qədər sonra müştəriyə məlum olub ki, eyni dərman şəhərin digər apteklərində xeyli ucuz qiymətə satılır. Və bu səbəbdən o, həmin dərmanı geri qaytarmaq üçün “Avis” Tibbi Marketlər şəbəkəsinin “Olimp” şöbəsinə yollanıb. Lakin satıcı dərmanı geri götürməkdən imtina edib və bildirib ki, aptekdən alınan mallar geri qaytarılmır. Halbuki bu, qanuna ziddir. Çünki bütün hallarda, əgər istehlakçının tələblərinə uyğun gəlməyibsə, mal qaytarıla və dəyişdirilə bilər. İstehlakçıya bu haqqı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun verir. Belə ki, həmin qanunun 15-ci maddəsinin 1-ci bəndində deyilir ki, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər”.

Onu da əlavə edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsində qeyd edilir ki, istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. Yəni əgər mağazada və ya aptekdə qanunla nəzərdə tutulmuş qaydalara uyğun olaraq mal qaytarılmırsa, obyekt sahibinin 1500 manata qədər cərimələnməsi nəzərdə tutulur. Görünür, “Avis” Tibbi Marketlər şəbəkəsinin sahib(lər)i müştərinin aldığı dərman preparatını geri qaytarmamaqla ölkə qanunlarına zidd addım atmış olduğundan xəbərsizdir. Aptek rəhbərliyi anlamalıdır ki, bu istehlakçı hüquqlarının pozulmasından başqa bir şey deyil və buna görə qanun qarşısında cavab vermək lazım olacaq…

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

P.S. Növbəti sayımızda “Avis” Tibbi Marketlər şəbəkəsinin nurçularla əlaqələrinin, olub-olmamasından eləcə də adıçəkilən apteklər zəncirində müşahidə olunan qanundankənar əməllərdən bəhs edəcəyik.

gundelik-baku.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.