Bakı Texniki Kollecinin bir hissəsi kimlərə və nə üçün icarəyə verilib?

4-06-2015, 14:52           
Bakı Texniki Kollecinin bir hissəsi kimlərə və nə üçün icarəyə verilib?
Təhsil Nazirliyi nədən bu təhsil ocağında olub-bitənlərə seyirçi mövqe sərgiləyir?

Paytaxtın Nizami rayonu Q.Qarayev prospekti 2b ünvanında yerləşən Bakı Texniki Kolleci ilə bağlı bir sıra maraqlı bilgilər əldə etdiyimizdən onları sizlərin diqqətinə çatdırmaq istərdik.

Beləliklə, adıçəkilən kollecdə dizayn, mühasibat uçotu, gömrük işi, neft və qaz yataqlarının istismarı, nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə), nəqliyyatda daşımaların təşkili, yol hərəkətinin təşkili və metrologiya ixtisasları üzrə mütəxəssislərin hazırlandığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, təhsil müəssisəsinin rəhbərliyi kollecin bir hissəsini qanunsuz şəkildə icarəyə verib.

İcarə verilən ərazidə avtomobillərin təmiri və yuyulması ilə məşğul olan obyektlərin fəaliyyət göstərdiyini deyən mənbə iddia edir ki, Bakı Texniki Kolleci ölkə təhsilinin üz qarasıdır: “Biabırçılıqdır, belə şey olmaz. İndi də təhsil ocaqlarını obyektə çevirib, ciblərini doldururlar. Hər şeydən pul qazanmağı bacarırlar. İndi binanın bir hissəsini obyektə çevirənlər sabah tələbələri binadan çıxarıb binanı tamamilə satsalar təəccüblənmək lazım deyil. Halbuki dövlətə məxsus təhsil ocağının başqa məqsədlərlə icarəyə verilməsi və ya satılması qanunsuzdur. Bakı Texniki Kolleci dövlətə məxsus olduğundan onu heç kəs bir başqasına istər tam, istər bir qismini icarəyə verə bilməz. Kollec rəhbərliyi buna əhəmiyyət vermədən öz bildiyini etməkdədir”.

Bu arada, məlumatlı şəxsin bildirdiyinə görə, kollecin direktoru Ramazan Məmmədov səhhətindəki problemlərlə əlaqədar olaraq işə çıxmadığı üçün onun funksiyalarını müavini Fərrux Məmmədov həyata keçirir: “Beləliklə, direktor əvəzi təyin olunmuş Fərrux Məmmədov artıq bir müddətdir ki, faktiki olaraq Bakı Texniki Kollecini idarə edir və təhsil müəssisəsində cərəyan edən bütün prosesləri tam nəzarətdə saxlayır. Kənardan müşahidə olunan mənzərə isə məhz kollec rəhbərliyinin ssenarisi əsasında reallaşır. Deyilənlərə görə, təhsil müəssisəsində baş verən neqativ halların kökündə sessiya ərəfəsində tələbələrin əlavə xərcə düşməsi ilə bağlı məsələlər durur. Bildiyiniz kimi, artıq əksər təhsil ocaqlarında yay sessiyası başa çatmaq üzrədir. Konkret olaraq Bakı Texniki Kollecinə gəlincə, bu təhsil müəssisəsində imtahan sessiyaları hələ də şəffaf deyil, bu sahədə vəziyyət həddindən artıq acınacaqlıdır. Çünki bu kollec uzun müddətdir ki, bir qayda ilə çalışır. Yəni tələbənin savadının olub-olmamasından asılı olmayaraq hər bir tələbə imtahanlar zamanı uğurlu nəticə əldə etmək üçün rəhbərlik tərəfindən irəli sürülən “şərt”lərlə razılaşmalıdır. Görünür, rəhbərlik Bakı Texniki Kollecinin təhsil müəssisəsi olduğunu unutduğundan onu sanki biznes obyekti kimi idarə edir”. Nədənsə Təhsil Nazirliyinin Bakı Texniki Kollecində olub-bitənlərə seyirçi mövqe sərgilədiyini vurğulayan məlumatlı şəxsin iddiasına görə, son semestr imtahanları tələbələrə ötən ilə nisbətən baha başa gəlib: “Görünür, kollec rəhbərliyi bunu devalvasiya ilə əlaqələndirib. Bu vəziyyət isə tələbəlrin canını boğaza yığıb. İş o yerə çatıb ki, artıq tələbələr bir-biri ilə dərslərdən danışmaq əvəzinə, hansı imtahanda, hansı müəllimlə necə yola gedəcəklərini müzakirə edirlər. Bu arada, kollec tələbələri bildirirlər ki, şöbə müdirlərinin “şərt”lərinə əməl edənlərə əvvəllcədən imtahan sualları verilir və onlar da hazır blanklara cavabları yazaraq müəllimlərə verirlər. Yəni Bakı Texniki Kollecində imtahanlar iki dəfə keçirilir. Əslində isə əsas imtahan irəli sürülən “tələb”lərlə razılaşan tələbələr üçün formal xarakter daşıyır. Çünki onların test blankları hazır yazılmış vəziyyətdə olur, hətta imtahanlara nəzarət edən Təhsil Nazirliyindən göndərilmiş nümayəndə heyəti belə, vəziyyətdən xəbərsiz olur. Bu gün Bakı Texniki Kollecində yaşanan durumun təməli sabiq təhsil naziri Misir Mərdanovun zamanında qoyulsa da bu gün də davam etməkdədir. Kim bilir, bəlkə də keçmiş nazirin “ənənə”sini davam etdirmək Mikayıl Cabbarovun maraqlarına cavab verir…”

gundelik-baku.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.