Yol polisinin rəisi iş vaxtı "Villa"da yaxalandı... - FOTO

4-06-2015, 15:14           
Yol polisinin rəisi iş vaxtı "Villa"da yaxalandı... - FOTO
Son illər yol polisi əməkdaşlarının sosial rifahının, eləcə də iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində bir sıra ciddi islahatlara imza atılıb. Belə ki, onların əməkhaqları nəzərəçarpacaq dərəcədə artıb, həmçinin Dövlət Yol Polisi (DYP) işçiləri ən müasir avtomobillərlə təmin olunub. Budur, bu ilin fevral ayında Bakıya gətirilən yeni Yol Patrul Xidməti (YPX) avtomobilləri artıq istismara verilib, yeniləri köhnələrlə əvəzlənib.

Qeyd edək ki, ümumilikdə yol polisi əməkdaşları üçün 400 avtomobil alınıb. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem YPX avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan "infrared" işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə həmçinin, daxili kompüter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompüterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir. Həmçinin YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Eyni zamanda, nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompüter qurğusuna ötürülür. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.

Gördüyünüz kimi, yol polisi əməkdaşları ən müasir texnologiya ilə təchiz edilmiş avtomobillərlə təmin edilib, onların sosial rifahı xeyli yaxşılaşdırılıb. Lakin buna baxmayaraq, DYP əməkdaşları arasında hələ də sürücülərlə normal rəftar etməyənlər var. Misal kimi, polis kapitanı Emin Məmmədovun rəisi olduğu Suraxanı rayon Dövlət Yol Polisi İdarəsini (DYPİ) göstərmək olar. Əldə etdiyimiz bilgilərə görə, Dövlət Yol Polisinin Suraxanı rayon şöbəsinin əməkdaşları ölkəmizdə birinci Avropa Oyunları kimi möhtəşəm tədbirin keçirildiyi ərəfədə vətəndaşlarla kobud davranır, sürücülərlə normal rəftar etmir, müxtəlif bəhanələrlə onları incidirlər. Bununla bağlı redaksiyamıza daxil olan şikayətlərdə bildirilir ki, Suraxanı rayon DYP əməkdaşları əksər hallarda özlərini təqdim etmir, ciddi qanun pozuntusu olmadan, saxlanma əmrinə tabe olan sürücülərin belə, avtomobillərindən çıxmalarını tələb edirlər. Halbuki müvafiq qanunvericiliyə görə, polis əməkdaşı sürücüyə yaxınlaşarkən ilk öncə özünü təqdim etməli və bu zaman sürücü avtomobildən düşməyə borclu deyil. Emin Məmmədovun rəisi olduğu Suraxanı rayon Dövlət Yol Polisi İdarəsinin işçiləri isə yeri gəldi-gəlmədi sürücüləri saxlayır, onlarla kobud rəftar edirlər. Etiraz etdikdə isə vətəndaşları cərimə yazacaqları ilə hədələyirlər…

Son zamanlar Suraxanı DYP əməkdaşlarının özbaşınalığından narazılıq edən sürücülərin sayının xeyli artdığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, əsas vəzifəsi sürücülərin yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarət etməkdən ibarət olan yol polisi işçiləri qaydaları pozmuş sürücülərə qarşı aqressiv münasibət sərgiləyirlər: "Elə buna görə də Suraxanı DYP əməkdaşlarının iş prinsipi sürücülərin etirazlarına səbəb olur. Deyilənlərə görə, Suraxanı rayon Dövlət Yol Polisi İdarəsinin müfəttişlərinin qayda pozuntusu zamanı sürücülərə təqdim etdiyi müvəqqəti talonlarda cərimələrin dəqiq məbləği göstərilmir. Bunun səbəbləri isə vətəndaşların özünə qaranlıq qalır. Bundan başqa, son zamanlar Suraxanı rayonunda yol polisi əməkdaşları tərəfindən vətəndaşlarla mədəni davranış qaydalarının pozulması halları da artıb. Eyni zamanda, rayon ərazisində gecə saatlarında "avtoş"ların da sayı artıb. Lakin nədənsə bütün bunlar Suraxanı DYP əməkdaşlarının diqqətindən yayınır".

Havaların istilənməsi ilə Suraxanı DYP əməkdaşlarının vəziyyətlərinin daha da yaxşılaşdığını qeyd edən məlumatlı şəxs bildirir ki, məhz bu mövsümdən başlayaraq sürücülərin əksəriyyəti nisbətən yüksək sürətlə hərəkət etməyə üstünlük verirlər: "Emin Məmmədovun tabeliyində çalışan yol polisləri isə vəziyyətdən yararlanaraq sürücüləri saxlayaraq, onları cərimələyir. Lakin bəzi sürücülər yol polislərinin dilini tapdıqları üçün canlarını qurtara bilirlər. Onu da qeyd edim ki, Suraxanı DYP əməkdaşları günün ən "səmərəli" vaxtını pik saatları hesab edirlər. Yəni insanların tezdən işə gedən və axşam işdən gələn vaxtları yol polisləri üçün çox səmərəli saatlar sayılır. Çünki məhz həmin saatlarda sıxlığın yaranması və bunun səbəbindən yol hərəkət qaydalarının pozulması, o cümlədən digər səbəblər yol polisi əməkdaşlarının kefini əməlli-başlı qaldırır. Deyilənlərə görə, Suraxanı rayon Dövlət Yol Polisi İdarəsinin rəisi işçilərinə gün ərzində müəyyən sayda cərimə gətirmək tapşırığı verir. Yol polisi əməkdaşları isə qoyulan planı yerinə yetirmək üçün yol hərəkəti qaydalarını pozan və pozmayan sürücüləri saxlayır, onları bal yazacağı ilə hədələyirlər. Belə olan halda isə sürücülər çarəsiz qalaraq nəyinsə müqabilində 151.1 cəriməsi ilə məsələni yoluna qoyurlar". Emin Məmmədovun 2012-ci ilin avqust ayında Suraxanı rayon Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyin olunduğunu deyən mənbənin sözlərinə görə, elə həmin gündən rayon ərazisindəki sürücülərə sanki qənim kəsilib: "Onun göstərişi ilə idarənin əməkdaşları sürücüləri müxtəlif bəhanələrlə saxlayaraq cərimələyirlər. Özünü işləyən rəis kimi göstərməyə çalışan Emin Məmmədov bir sıra neqativ hallara yol verir. Suraxanı DYP-nin köhnə rəisi Fəxrəddin Paşayevin zamanında da problemlər var idi. Lakin indi vəziyyət elə bir həddə gəlib çatıb ki, Suraxanıda sürücülər avtomobil idarə etməyə ehtiyatlanırlar…"

Bu arada, qeyd edək ki, Suraxanı DYP əməkdaşlarının əməllərindən şikayətlənən şəxslərdən biri də Masallı rayon sakini Cəlal Hamletlidir. Belə ki, o, bir müddət öncə kütləvi informasiya vasitələrinə ünvanladığı müraciətində Suraxanı rayonu ərazisində yeli DYP işçilərinin haqsızlığı ilə üzləşdiyini deyib. O bildirib ki, Yeni Günəşli qəsəbəsində şəxsi avtomobili ilə hərəkət edərkən heç bir səbəb olmadan Suraxanı DYP əməkdaşları tərəfindən saxlanılıb. Çavuşlardan biri onun yol hərəkət qaydalarını pozduğunu və buna görə cərimə yazacağını bildirib. Digər yol polisi əməkdaşı isə Cəlal Hamletlinin boynuna qaydaları pozduğunu qoymağa çalışıb: "Hər iki DYP əməkdaşı israr edirdilər ki, guya mən qoşa xəttin tələblərini pozmuşam. Halbuki belə bir şey olmamışdı. Onlardan qaydanı pozduğumu təsdiq edən görüntüləri ortaya qoymalarını tələb etdim. Bunu görəndən sonra mənimlə bazarlığa başladılar. Və dedilər ki, bunun yerinə "kəmər" yazaraq, işi 100 manata həll edə bilərlər. Mən də heç bir halda onların şərtlərini qəbul etmədim". Maraqlı məqam ondadır ki, Cəlal Hamletli məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə müraciət edəcəyini bildirdikdə DYP əməkdaşları ona "oğuldan ataya şikayət edəcəksən?", deyə cavab veriblər…

Suraxanı DYP rəisi Emin Məmmədovun daxili işlər nazirinin sabiq müavini, general-leytenant Əsgər Ələkbərovun oğulluğu olduğunu vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, Suraxanı rayon yol polisi əməkdaşları çox zaman dislokasiya qaydalarına məhəl qoymayaraq yol hərəkəti qaydalarının daha çox pozulduğu müşahidə olunan ərazilərdən kənara çıxırlar: "Qanunla, yol polisi avtomaşınlarının kafe və restoranların ərazisinə daxil olması qadağan olunsa da, Suraxanı DYP əməkdaşlarının iş vaxtı restoran-kafelərdə vaxt keçirdiklərini müşahidə etmək mümkündür. Məsələn, bu günlərdə 99 YP 287 dövlət nömrə nişanlı DYP avtomobili Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Villa" restoranının həyətində görüntülənib. Halbuki həmin vaxt bu avtomobilin Altay və Şamil adlı ekipaj üzvləri xidməti ərazilərində olmalı idilər. Görəsən, Emin Məmmədovun bundan xəbəri var?.." Suraxanı DYP rəisinə gəlincə, mənbə qeyd edir ki, Emin Məmmədov hələ də Əsgər Ələkbərovun daxili işlər orqanlarındakı nüfuzundan yararlanaraq bir sıra məsələləri yoluna qoymağa müvəffəq olur: "Əslən Qərbi Azərbaycanın Masis rayonundan olan Əsgər Ələkbərov 1994-2014-cü illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. Və o, bu müddət ərzində öz yaxın adamlarını polis orqanlarına yerləşdirməyə nail olub. Həmin şəxslərdən biri də Emin Məmmədovdur. Əsgər Ələkbərov uzun müddət əlində olan imkanlardan istifadə edərək oğulluğunu müdafiə etməyi bacarıb. Lakin artıq vəziyyət tamam dəyişib. Çünki bu gün Əsgər Ələkbərov nazir müavini yox, adi təqaüdçüdür. Odur ki, nazir müavini olduğu dövrdə Əsgər Ələkbərovun güc göstərdiyi şəxslər bu gün onun yaxınlarını açıq hədəf seçiblər. Həmin hədəflərdən biri də Suraxanı DYP rəisidir. Görünən odur ki, hazırda polis orqanlarında səlahiyyət sahibi olan bəzi şəxslər Emin Məmmədovun "vurulması"nda məhz Əsgər Ələkbərov kartından istifadə edə bilərlər. Çünki sabiq nazir müavini dövlət qulluqçusu ola-ola biznes imperiyası qurduğu üçün öz karyerasını bitirdi. Əsgər Ələkbərov uzun illərdir ki, bu sistemdə işləyib özünə kifayət qədər yer eləmişdi. Lakin son illərdə onun fəaliyyəti dövlət məmurunun fəaliyyəti ilə üst-üstə düşmürdü. Bütün gününü biznesini idarə etməklə keçirirdi. Onun Bakıda, xüsusən də Qaraçuxurda restoranları, Sabunçuda parket zavodu və digər obyektləri var ki, ümumilikdə qiyməti milyonlar dəyərindədir. O, bütün bunları kadrlar idarəsinə kuratorluq etdiyi dövrdə əldə edib. Sözsüz bu qədər əyintilərə yol verməsi cavabsız qala bilməzdi. Məhz bu və digər əməllərinə görə onun karyerasına son qoyuldu. İndi onun oğulluğu, Suraxanı DYP rəisi Emin Məmmədovu da eyni tale gözləyir. Yəni o da tezliklə tutduğu postdan uzaqlaşdırıla, hətta vaxtından əvvəl təqaüdə göndərilə bilər…"

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.