İlyas Səfərovun Yuxarı Qarabağ kanalından əldə etdiyi milyonlar

5-06-2015, 16:32           
İdarə müdiri dövlətin pulunu mənimsəyərək şəxsi bizensini çiçəkləndirib

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Yuxarı Qarabağ Kanal İstismar İdarəsinin müdiri İlyas Səfərov hər il dövlətdən ayrılan yüz min manatlarla vəsaitin hesabına özünə böyük sərvət toplayıb. İdarə müdirinin maxinasiyaları ilə bağlı məlumat verən mənbəmiz bildirir ki, İlyas Səfərovun əsas qazanc mənbələrindən biri idarəyə ayrılan vəsaitləri müxtəlif işlərin görülməsi adı altında mənimsənilməsidir.

Bildirək ki, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsi 1958-ci ildən fəaliyyət göstərir və idarənin əsas vəzifəsi kanal vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaqdan, kanalın daim işlək vəziyyətdə saxlanılmasından ibarətdir. Kanal mənbəyini Mingəçevir Su Anbarından öz axını ilə götürərək Mingəçevir , Yevlax, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Laçın, Beyləqan və İmişli rayonlarını suvarma suyu ilə təmin edir.

Bununla yanaşı, yay aylarında Araz çayında su çatışmazlığı olduqda Yuxarı Qarabağ Kanalı vasitəsilə Bəhramtəpə hidroqovşağına su verilir. Suyun Bəhramtəpə hidroqovşağına verilməsi İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının təsərrüfatlarını quraqlıqdan xilas edir. İnformasiya mənbəmiz bildirir ki, İlyas Səfərov hər il kanalın təmizlənməsi və yaxşı vəziyyətə gətirilməsi üçün büdcədən ayrılan vəsaiti müxtəlif işlərin görülməsi adı altında silərək mənimsəyir. Bu əməliyyatda idarə müdirinə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində şöbə müdirlərindən birinin havadarlıq etdiyi iddia olunur.

Son 4 ildə Yuxarı Qarabağ Kanal İstismar İdarəsinə üst-üstə 3 milyon manatdan çox vəsait ayrılıb və bu vəsaitin bir hissəsinin məhz İlyas Səfərov və “havadarı” tərəfindən mənimsənildiyi deyilir. İdarə müdiri sənədləşdirmədə kanalın təmizlənməsini qeyd etsə də, əslində Yuxarı Qarabağ kanalında vəziyyət çox biabırçı həddədir. Belə ki, kanalın Bərdə, Ağdam Ağcabədi və Beyləqan rayonu ərazisində ətrafını qamışlıq və yabanı bitkilər, içərisini isə lil basıb. Halbuki dövlət tərəfindən ayrılan vəsait məhz kanal ətrafının daim təmizlənməsi üçündür. Ancaq İlyas Səfərovun maliyyə sənədlərində göstərilir ki, hər il Yuxarı Qarabağ kanalı bütövlükdə təmizlənir və bu “təmizləmə” işinə yüz min manatlarla vəsait xərclənir.

İlyas Səfərovun Yuxarı Qarabağ kanalından əldə etdiyi milyonlar
Mənbəmiz bildirir ki, İlyas Səfərov idarənin balansında olan traktor və digər texnikaları əlavə qazanc qazanmaq məqsədi ilə müxtəlif şirkətlərin, təsərrüfat sahiblərinin işlərinə yönəldir. Bu isə ona ayda 3-5 min manat arasında qazanc gətirir. İdarə müdirinin digər qazanc yeri isə kanalın keçdiyi ərazilərdə təsərrüfat sahiblərinin kanaldan boru ilə su götürmələrinə şərait yaratmaqdan ibarətdir. Belə ki, iri təsərrüfat sahibləri özlərinin su problemini çözmək üçün Yuxarı Qarabağ kanalına boru ataraq ordan rahat şəkildə su götürürlər. Bu işin qiyməti isə 5 min manatdan başlayır. İdarə müdiri aldığı pulun bir hissəsini nazirliyə çatdığını deyir.

Mənbəmiz qeyd edir ki, İlyas Səfərov sahibkardan rüşvət alaraq Yuxarı Qarabağ kanalına boru atılmasına göz yummaqla cinayətə yol verir. Çünki iri su tutumulu və iti axan Yuxarı Qarabağ kanalının yarılması gələcəkdə ciddi fəsadlara səbəb ola bilər. Həmsöhbətimiz qeyd edir ki, İlyas Səfərov dövlət büdcəsindən ayrılan vəsaitləri şəxsi biznesinin çiçəklənməsinə yönəldərək özünə böyük biznes qurub. İdarə müdiri büdcədən oğurladığı pullar hesabına Yevlax rayonunda böyük təsərürfat sahəsi, tikinti matrealları, çayxana, mağazalar, Bakı şəhərində bir neçə ev, Şamaxı rayonunda dəbdəbəli villa, oğlanlarına qiyməti 100 min manatdan çox olan xarici avtomobillər alıb.

Bir neçə il əvvəlsə İ.Səfərovun oğlunun yol qəzası zamanı avtomobillə adam öldürdüyü və bu işi ört-basdır edərək oğlunu məsuliyyətdən yayındırdığı bildirilir.

Qeyd edək ki, İlyas Səfərovun idarəsi ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə Yuxarı Qarabağ Kanal İsitismar İdarəsinə hər il nə qədər vəsaitin ayrılması, adı çəkilən kanaldakı acınacaqlı vəziyyəti fotofaktlarla oxucularımıza təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Yazıda adı keçən şəxsin mövqeyini verməyə hazırıq. (azfakt.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.