Beyləqanda Kərbəla müsibəti - Su idarəsinin müdürünə qarşı ittihamlar
5-06-2015, 16:47
Beyləqan rayon sakinləri yayın qızmarında susuzluqdan əziyyət çəkir.
Bu barədə “Gundelik-baku.com”-a şikayət edən sakinlər bildirirlər ki, Beyləqan rayon Su İdarəsi onlara zülm edir. Belə ki, rayonun bir qrup sakinləri hara kimə şikayət edəcəklərini bilmirlər.
Səbəb isə, onların şikayətinə baxılmaması, həmçinin məsələ ilə bağlı rayon Su İdarəsinin bir əncam çəkməməsidir. Həmin şikayətdə qeyd olunur ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rayonda fəaliyyət göstərən yerli idarəsinin işçiləri bir aydan çoxdur ki, vətəndaşları su sınağına çəkirlər.
Beyləqan şəhərinə çəkilən su xətlərinin xeyli hissəsinə heç bir səbəb göstərilmədən su verilmir. Şikayətçilər iddia edirlər ki, rayon Su İdarəsinin müdiri Novruz Şirinov və işçiləri sayğac olmayan evlərdən hər ay beş manat yığırlar və suyu da həmin küçələrə verirlər. Sayğacı olan vətəndaşlara su verilmir.
Rayonun bir hissəsi susuzluqdan dad edir, bir hissəsində isə içməli su ilə bostan suvarılır. Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə “Azərsu” nun qaynar xəttinə şikayət ediblər. Ancaq su idarəsinin işçiləri hər dəfə müxtəlif bəhanələr gətirərək vəziyyətdən çıxmağa çalışıblar. Sakinlər bildirirlər ki, əslində idarə işçilərinin bəhanələri sayğac olmayan evlərdən yığdıqları beş manatdır. Su idarəsinin hər ay sayğac olmayan evlərdən yığdığı su pulunun məbləği ay ərzində 7-8 min manat arasında dəyişir. Rayon Su İdarəsinin müdiri Novruz Şirinov və bəzi əməkdaşları bu qanun pozuntusunu davam etdirirlər.