“Gəncəbank” rəhbəri Azərbaycan məhkəməsini saymır
13-06-2015, 20:44
Natalya Kərimova: “Pərvanə Novruzova malımı alıb, indi də canımı almağa çalışır”
“”Gəncəbank"ın rəhbəri Pərvanə Novruzova Kəpəz Rayon Məhkəməsinin çıxardığı qərarı saya salmır, icra etmir. Məlumdur ki, məhkəmə qərarları, qətnamələri, hökmləri Azərbaycan Respublikası adından çıxarılır". Bunu P.Novruzova ilə məhkəmə çəkişməsi olan Natalya Kərimovanın vəkili deyir.
Məsələ burasındadır ki, P.Novruzovanın iddiası əsasında 2002-ci ildə Kəpəz Rayon Məhkəməsi Natalya Kərimovanın gözəllik salonu və 2 mənzilinin iddiaçının həyat yoldaşının adına keçirilməsi haqda qiyabi qətnamə çıxarıb. 2015-ci ilin mayında isə N.Kərimovanın vəkilləri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək qiyabi məhkəmə qətnaməsinin ləğvinə nail olublar. Bundan sonra Pərvanə Novruzova Natalya Kərimovanın əmlaklarını - gözəllik salonunu və 2 mənzilini ona qaytarmalı olsa da, bundan müxtəlif bəhanələrlə yayınır.
N.Kərimovanın vəkili C.Yusifov deyir ki, qiyabi qətnamənin ləğvindən sonra tərəflər ilkin mövqelərinə qayıdıblar: “Pərvanə Novruzova Natalya Kərimovanın əmlaklarını özünə qaytarmaqdan yayınır. Kəpəz Rayon Məhkəməsində qiyabi qətnamənin ləğvindən sonra ilk məhkəmə baxışı təyin olundu. Lakin ”Gəncəbank" əsassız bəhanə ilə iclasa qatılmadı, iclas təxirə salındı. Məqsədləri həmin əmlakın ələ keçirilməsinə hüquqi əsas verən qətnamənin ləğvindən sonra tərəflərin əvvəlki vəziyyətə gətirilməsi - yəni həmin daşınmaz əmlakların gözəllik salonu və mənzillərin Natalya Kərimovanın mülkiyyətinə keçirilməsinin baş tutmasını əngəlləməkdir. Buna görə də bu cür süni bəhanələrlə Natalya Kərimovanın hüquqlarının bəpasına maneçilik törədirlər".
Natalya Kərimova özü isə bildirir ki, məhkəmənin əmlakların onun mülkiyyətinə keçməsi haqda məlum qərarından sonra onu təqib edirlər: “Mən Azərbaycana qayıdandan sonra hüquq-mühafizə orqanlarına təhlükəsizliyimin təmin olunması üçün müraciət emişəm. Amma Pərvanə Novruzova məndən əl çəkmir. Qohumlarıma təzyiqlər olunur, mənim yerimi aydınlaşdırmağa çalışırlar. Qohumlarıma hədə-qorxu gəlirlər ki, məni tapsalar vəziyyətim pis olacaq. Malımı alıblar, indi də canımı almaq istəyirlər”.
N.Kərimova prezidentdən kömək istədiyini də açıqlayıb.
Qeyd edək ki, 2002-ci ildə “Gəncəbank” ASC Natalya Kərimovaya qarşı iddia qaldırıb. Lakin həmin vaxt N.Kərimova P.Novruzova tərəfindən ölkədən çıxarıldığına görə o, həmin iddiaya baxılarkən məhkəmədə iştirak edə bilməyib. Buna görə də məhkəmə N.Kərimovaya məxsus əmlakların - “Nataşa” salonunun, Gəncə şəhərində 2 mənzilin bankın sərəncamına keçməsi haqda qiyabi qərar çıxarıb. 2015-ci il mayın 19-da çıxarılan qərarla “Gəncəbank” ASC-nin Natalya Kərimovaya qarşı iddiasının təmin edilməsi haqda 2002-ci ildə çıxarılan qiyabi qərar ləğv olunub. Həmin qiyabi qərarda N.Kərimovaya məlum olmayan və ondan xəbərsiz tərtib olunan müqaviləyə istinad olunub.
Müqavilədə yazılıb ki, guya öhdəliyin təminatı kimi “Nataşa” salonu girov qoyulub və guya Natalya Kərimova ödəmə həyata keçirmədiyindən girov “öhdəliyin” təminatına yönəldilib. Bu, faktiki olaraq N.Kərimovaya məxsus salonun məhkəmə aktı ilə qanunsuz olaraq ələ keçirilməsi olub. Çıxarılan qətnamə ilə Natalya Kərimovaya məxsus olan və “Gəncəbank” İdarə Heyətinin sədri Pərvanə Novruzovaya keçməsinə dair hüquqi əsas yaratmış Kəpəz Məhkəməsinin 2002-ci il tarixli qiyabi qətnaməsi şikayətimiz əsasında ləğv olunub. Bununla da həmin hüquqların pozulmasına əsas verən qətnamə hüquqi qüvvəsini itirib.
Qeyd edək ki, “Gəncəbank”da baş verən qanunsuzluqlar haqda dəfələrlə yazmışıq. Bank rəhbəri P.Novruzovanın banka yolu düşmüş Natalya Kərimovaya məxsus əmlakları mənimsəməsi, Gəncə sakini Şahin Bağırlının almadığı kreditə görə 85 min manat borcla yüklənməsi, evinin əlindən alınması, mərhum prezident Heydər Əliyevin fədakar əməyinə və çoxuşaqlı ata olduğu üçün Gəncə sakini Əli Əliyevə verdiyi mənzilin onun oğlundan saxtakarlıqla alınması, Samux rayon sakini İltimas Əliyevanın torpağının qanunsuz yollarla əlindən alınması da bankda baş verən qanunsuzluqların çox cüzi hissəsidir.
P.S. Yazıda adı hallanan hər kəsin, “Gəncəbank”ın mövqeyini dərc etməyə hazırıq.///musavat.com