Erməni idmançılarını əzişdirən çempionlarımız niyə pərt oldular - Xaçmaz RİH başçısının birinci müavini Yetkin Mehmanovun cavabı idmançıları şoka saldı
26-12-2016, 20:20

Erməni idmançılarını əzişdirən çempionlarımız niyə pərt oldular
Xaçmaz RİH başçısının birinci müavini Yetkin Mehmanovun cavabı idmançıları şoka saldı
Qələmə aldığım hadisənin üstündən təxminən altı ay keçib. Yazmaq da olardı, yazmamaq da. Amma yazmamaq üçün gərək insanın vicdanı olmaya. Çünki vaxt ötsə də, məsələnin aktuallığı itməyib. Xülasə, altı ay öncə Azərbaycanın 25 kiqboksçusundan ibarət yığma komandası Rusiya Federasiyasının Anapa şəhərinin Sukov qəsəbəsində keçirilən qarışıq döyüş növləri üzrə dünya kubokunda iştirak edib. Yığmamıza Jui-Boksinq Jitsu Federasiyasının prezidenti Sənan Ağakişiyev rəhbərlik edib. Müxtəlif yaş qrupu və çəki dərəcələrində olan azərbaycanlı idmançılar qarışıq döyüş növlərində güclərini sınayıblar. Uğur qazananlar da az olmayıb. Amma məsələ bunda deyil. Həmin yarışa Xaçmaz rayonunun kiqboks üzrə baş məşqçisi, “Azad” idman klubunun prezidenti Ramin Nəcəfov beş nəfər idmançı aparıb. Özü də ən yaxşılarını – müxtəlif yarışlarda birincilik əldə edənləri seçib. İş belə gətirib ki, təxminən on iki ölkənin qatıldığı dünya kubokunda iki xaçmazlı jui-boksinq jitsu döyüş növünün jui-kiq versiyasında(qaydasız döyüş də deyilir) qəfəs döyüşündə rusiyalı idmançılarla qarşılaşıb. Gözlənilmədən məlum olub ki, rəqiblərin hər ikisi milliyətcə ermənidir. Məlumat üçün bildirək ki, Anapa şəhərində çoxlu erməni yaşayır və buna görə də tamaşaçıların arasında onların sayı həddindən artıq çox olub. Təbii ki, erməni və azərbaycanlı döyüşçülərin mübarizəsi ciddi maraqla qarşılanıb. Sonda erməni tamaşaçılar dəhşətli dərəcədə pərt vəziyyətə düşüblər. Xaçmazlı idmançılar – 65 kiloqram çəki dərəcəsində Kərəm Veysov və 45 kiloqram çəki dərəcəsində Nazim Cəfərov erməni rəqiblərini möhkəm əzişdirərək dünya kubokuna sahib çıxıblar. Üçrəngli bayrağımız erməni tamaşaçıların gözünü deşib. Ramin Nəcəfov deyir: “Çox sevinmişdik. Ermənilər üzərindəki qələbə asan başa gəlməmişdi. Hər iki idmançı bütün qüvvələrini sərf edərək çoxsaylı erməni tamaşaçısının gözü qarşısında rəqiblərini rüsvay etdilər. ”
Çempionatdan qayıdan kimi ertəsi gün xaçmazlı idmançılar ruh yüksəkliyi ilə baş məşqçinin rəhbərliyi altında Xaçmaz rayon icra hakimiyyətinə gedirlər. Erməniləri məğlub edən idmançılarımız alnı açıq, üzü ağ rayon icra hakimiyyəti başçısının birinci müavini Yetkin Mehmanovun qəbuluna girirlər. Birinci növbədə seviclərini bölüşmək üçün. Özləri ilə kamera da aparıb göstərdikləri şücaəti tam nümayiş etdirmək istəyirlər. Baş məşqçi ermənilər üzərindəki qələbədən xüsusi həvəslə danışır. Yetkin müəllim idmançıları dilucu təbrik edib deyir: “Gedib şıllaq-təpik atıb gəlmisiz də”. Hamı pərt olur. Heç bir söz demədən əllərində qazandıqları medallar və diplomlarla birinci müavinin kabinetini tərk edirlər.
“Erməni rəqibimlə qarşılaşmazdan əvvəl iki döyüş keçirdim. Son görüş çətin oldu. Lakin erməni rəqibimi böyük üstünlüklə məğlub etdim. Üçrəngli bayrağımızı götürüb qəfəs boyu qaçmağa başladım. Erməni tamaşaçılar kədər içində idilər. Xaçmaza sevinclə qayıtdım. Biz mükafat gözləyirdik, lakin olmadı. Bizimlə maraqlanmadılar.” – Kərəm Veysov belə deyir.

Bəs idmançılar nə gözləyirdilər? Onlar ümid edirdilər ki, birinci müavin Yetkin Mehmanov onların hər birini, xüsusilə də ermənilərə divan tutan iki idmançını bağrına basacaq. Onlar ümid edirdilər ki, geniş ictimaiyyət qarşısında mükafatlandırılacaqlar. Lakin sən saydığını say, gör fələk nə sayır. Maraqlı sual yaranır: Niyə idmançılarımızın çətin döyüşdə ermənilərə qalib gəlməsi birinci müavini sevindirməyib? Anapada yüzlərlə ermənini pərt edən iki xaçmazlı idmançını Y. Mehmanov nə üçün pərt edib? Düzü, bu sualları Yetkin müəllimin özünə vermək lazımdır. Çünki o, deyə bilər ki, rayonda daha böyük “işlərlə” məşğuldur və ona görə də erməni-filan yadına düşmür. Sonra da deyirlər ki, gənclərimizin vətənpərvərlik ruhu azdır, idmana maraqları yoxdur və s. Uzun sözün qısası, Kərəmlə Nazimin ermənilərə atdığı “şıllaq və təpik” də Y. Mehmanovu ayıltmayıb. Yadına düşməyib ki, bu iki yeniyetmə və gənc torpaqlarımızı işğal edən, ərazilərimizdə “Böyük Ermənistan” yaratmaq xülyasına düşən bir millətin nümayəndələri ilə ölkə xaricində idman döyüşündə böyül uğur qazanıb. Nə fərqi var, döyüş elə döyüşdür, erməni də erməni. Bu döyüş istər səngərdə olsun, istərsə də qəfəsdə. Qalib olmalıyıq. Qalib olanımıza isə sahib çıxmalıyıq. Onu sındırmamalıyıq. Müharibə şəraitində yaşayan dövlətimizin və minlərlə oğlunu şəhid verən millətimizin naminə.
Müqəddəs Mehdiyev
“Şimal xəbərləri” qəzetinin baş redaktoru