Masallıda bələdiyə sədri nə ilə məşğuldur ?
28-08-2015, 10:23
Beləliklə, hadisə baş verir Masallı şəhərində. Mərkəzi küçələrin birində gecə ilə 15 ağac çıxarılaraq oğurlanır, həmin yer isə naməlum bir şəxsə satılır. Torpaq kimə satılıb, bu da gizlədilir. Həmin torpağa bitişik evi olan şəxsin nümayəndəsi Aydın Əliyev deyir ki, satırsan, evimin qabağını elə mənə sat. Bələdiyyə sədri Azər Baxşiyev isə deyir ki, sənin öz həyətinin qabağını başqasına, sənə isə başqasının evinin qabağını satıram. Beləliklə, aləm dəyir bir-birinə. Bələdiyyə sədri də, ona giley edənləri aşağılamaqla bildirir ki, heç kimi hərləmirəm.
(Heç kimi “hərləməyən” bələdiyyə sədri yəqin məlumatsızdır ki, nehrəmli milyarder Hacı İbrahimlərə “bandititdeli” süpürtdürülən məkanda Azər Baxşıyevkimilər “heç kimlər” siyahısındadır, yəni ona tənqid yazmağa da adam ərinir).
...Guya hərrac keçirilib. Harada, haçan, heç bələdiyyə üzvlərinin özlərinin bu hərracdan xəbəri yoxdur. Şikayətçi bildirir ki, torpaq alan düz adamdırsa, niyə adını gizlədirlər. Bəlkə həmin torpağı ermənilərə satıblar, xəbərimiz yoxdur?
Sirr deyil ki, bələdiyyənin hər bir əməliyyatı açıq olmalıdır – yəni kimə nə satdı, neçəyə satdı haradan nə aldı, neçəyə aldı və sair. Masallı şəhər bələdiyyəsi isə nəinki hesabat verir, heç özünün internet saytı, bloqu, sosial şəbəkədə səhifəsi də yoxdur ki, seçiciləri onun alıb-satdıqları barədə məlumat əldə etsinlər. Biz məcburuq ki, şəhər bələdiyyəsinə informasiya sorğusu verək ki, haradan nə qazanıb. 7 gün müddətinə cavablandırmaq istəməsə məhkəməyə müraciət ünvanlayaq.
Masallı şəhər bələdiyyəsinin sədri isə həm saxtakarlıqları, həm də kobud rəftarı ilə hamıya meydan oxuyur. Hələ 2 il öncə “Cənub xəbərləri” qəzetində çap olunmuş “Masallı bələdiyyəsində “zəlzələ” yazısında şəhər bələdiyyəsinin 11 üzvünün imzası ilə yazı dərc edərək bəyan etmişdik ki, sədr Azər Baxşıyev nəinki seçicilərinə heç bələdiyyə üzvlərinə alqı-satqı əməliyyatları barədə məlumat vermir.
Görəsən, Azər Baxşiyevdə bu güc haradandır?
Yayılan məlumatlara görə, o otağına gələnləri təhqir edir, kim torpaq istəyir, ona 15-20 min manat oxuyur və sair. Çoxları düşünür ki, ona dayaq duran olmasa, o nəninki 25 minlik Masallı şəhərinin bələdiyyə sədri, heç aşağı sinifə təmizkom da seçilə bilməzdi. Əvvəllər onun müdafiəçisi kimi millət vəkili Nəriman Əliyevin adı hallanırdı. Bir neçə mötəbər mənbədən aldığımız məlumata görə millət vəkili nəinki onu müdafiə edir, hətta onun əməllərində bezdiyi üçün Azər Baxşiyevin vəzifədən kənarlaşdırılmasında maraqlıdır.
(Digər məlumata görə A. Baxşiyev işdən çıxmaq üçün ərizzə verib)
Azər Baxşiyevin isə gülməşəkər əməllərinin sayı-hesabı yoxdur. Müəllim evində böyüyən bu adam, şəhərin ən tanınmış məktəbinin yolunu tanımır. Bir dəfə 1 saylı məktəbdə tədbir olub, onu da çağırırlar, gəl 1 saylı məktəbə, deyib, həmin məktəb rayonun hansı tərəfindədir?
Bu bələdiyyə haqqında əvvəllər qəzetimizdə yazdığımız bəzi məqamları da xatırlamaq yerinə düşər:
“Masallı şəhər bələdiyyəsinin yeni rəhbərliyi, bu quruma yeni seçilmiş sədri Azər Baxışovun ilk “işi” yəqin ki, oxucuların yadındadır. Şəhər bələdiyyəsinin yeni tərkibi 2010-cu ildə fəaliyyətə başlayan kimi Viləş çayının Musaküçə kəndi yaxınlığındakı sahilindən qum daşımağa başladı.
Əslində bu bir talana oxşayırdı. 3 ay gecə-gündüz həmin sahədən, Dadva kəndinin örüş yerindən hər gün 200-300 maşın qum (bir maşın qum orta hesabla 70 manat idi) daşınıb satılsa da, bu qum əməliyyatı demək olar ki, sənədləşdirilmədi.
Bu sahədəki qazanclar hamıdan gizlədilirdi. Bu fəaliyyətinə görə fəxri “Qum bələdiyyəsi” adı qazanan Masallı şəhər bələdiyyəsi sonrakı 3 ildə də “fövqəladə” fəaliyyətini uğurla davam etdirib.
Bu illərdə bələdiyyə hansı işləri gördü, nə qədər pul qazandı, onu necə xərclədi? Bunu bilən, məşhur mahnıda deyilən kimi, ya bir olar, ya iki. Bələdiyyə sədrinin işlərindən nəinki seçicilər, hətta 15 bələdiyyə üzvünün də əksəriyyəti xəbərdar olmur”.
Daha sonra iş o həddə çatdı ki, 15 bələdiyyə üzvündən 11-i onun istefasını tələb etdi.
Hamıya tanış olan dəvə misalı yenidən yada düşür. Deməli, dəvə öləndə sahibi ilə vidalaşarkən hər bir əziyyətini ona halal edir, amma bir dəfə çayı keçərkən onu eşşəyin quyruğuna bağladığın sahibinə bağışlamır.
Biz bir qəzetçi olaraq bu “dəvə əhvalatının” axtarışındayıq.
Azər Baxşiyevin bu günki, həqiqi müdafiəçisi kimdir?
Bir də maraqlıdır ki, görəsən bu rayonda nə vaxta qədər belələri xalqın boynuna minəcək?
Məhkəmə hakimi 15 yaşlı qıza təcavüz edəndən 2-3 min alıb istirahətə gedir-susuruq.
Hərbi komissar çağırışçıların 35 faizini xəstə çıxardır-susuruq.
Təhsil şöbə müdiri müəllimlikdən sərxoşluğa görə azad ediləni məktəb direktoru qoyur-susuruq.
Ağzı qatıq kəsməyənlər, tərcümeyi-halını düz yaza bilməyənlər icrada aparıcı vəzifə tutur – susuruq.
Bələdiyyə sədri də belə.
Yeri gəlmişkən şəhər bələdiyyəsinin bəzi iş təcrübələrini də oxucularımıza çatdıraq. Deməli, sədr qəbuluna gələnləri bilərəkdən əsəbləşdirir ki, o şəxs bir xoşagəlməz sözlə ona cavab qaytarsın, bu da yalançı şahidlərlə onu versin məhkəməyə.
İkincisi, bizim bəzi rəhbərlər təzə qazanc yolu tapıblar. Rayondakı boş torpaqları işçilərinin adına sənədləşdirib, sonra da 5 qat qiymətə satırlar. Şəhər bələdiyyəsi isə sadəcə onların sifarişlərini yerinə yetirir.
Belə şayiə də dolaşır ki, şəhər mərkəzində 15-30 minə satılan torpaqların pulu özgə ünvanlara gedir. Bələdiyyə sədrinə isə ayda 2000 min manata yaxın paket-əmək haqqı verilir.
Bir daha yuxarıdakı söhbətə qayıdaq. Vətəndaşın evinin qarşısındakı ağacları gecə ilə oğurlayırlar. O da bu barədə şikayət edir. Həmin şəxsi susdurmaq üçün isə onun sənədlərini məhkəməyə hazırlayırlar.
Belə məhkəmə oyunları isə bizə bəllidir. Payıbəlli torpaqlarda qanunsuz ev tikən 2200 nəfər, hamım-abidəni mühasirəyə alan iş adamına məhkəmədə nə cəza verdilər ki, haqqın tələb edənə nə cəza verələr.
Qarşıda məhərrəmlik ayı gəlir. Yəqin ki bu qədər ədalətsizlik edənlər, indi məscidlərə gedib haqdan-ədalətdən danışacaqlar.
Bu sahədə deyiləsi sözlər çoxdur. Yaxın vaxtlarda şəhər əhalisi arasında şəhər bələdiyyəsi ilə bağlı sorğu keçirdib onu sizə təqdim edəcəyik.
Oxuculardan da xahişimiz odur ki, bu barədə arzu və təkliflərini bizə bildirsinlər.
Mövzuya qayıdacağıq.\\Cənub Xəbərləri\\