Şirvandakı 1 saylı "Qızılgül" uşaq bağçasında vəziyyət kritik həddədir
28-08-2015, 21:42
Bağça müdirəsi Soltanə xanım heç kimdən və heç nədən çəkinməyərək özbaşına əməllər törədir
Ölkə başçısının xəbərdarlığına baxmayaraq, o bu yaxınlarda qızına dəbdəbəli toy mərasimi keçirib
Ölkədə fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərinə son vaxtlar xüsusi diqqətin artırılması hər birimizə məlumdur. Ölkə rəhbərliyinin müvafiq göstərişinə əsasən bu istiqamətdə görülən uğurlu işlər mütəmadi olaraq yerli mətbuatda dolğun şəkildə işıqlandırılır.
Əsasən Bakı və paytaxta yaxın ərazilərdə fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərində aparılan yüksək səviyyəli əsaslı təmir işləri və onların müasir avadanlıqlarla təchiz olunması bir daha bu sahəyə ayrılan xüsusi diqqətdən xəbər verir. Azərbaycanın gələcəyi sayılan uşaqlarımızın təlim-tərbiyə məsələsi hər birimizin üzərinə düşən ciddi bir vətəndaşlıq borcudur. Bu həssas mövzuya toxunmağıma səbəb redaksiyamıza üz tutan şikayətçi anaların narahat və nisgil dolu baxışları oldu. Axı uğrunda hər birimizin canımızdan belə keçməyə hazır olduğumuz körpə balalardan-gələcək quruculardan gedir söhbət. Bağça ifadəsi ümumiyyətlə hər birimizin nəzərində kiçik və məişətimizlə sırf bağlı bir elementi xatırladır. Amma bağça anlamının bizə görünməyən tərəflərində olduqca maraqlı faktlar gizlənməkdədir.
Özbaşına işlərin cərəyan etdiyi məktəbəqədər təhsil müəssisələrindən biri də Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsində yerləşən 1 saylı "Qızılgül" uşaq bağçasıdır. Əldə etdiyimiz məlumatlara görə, bağçanın müdirəsi Soltanə xanım üzərinə düşən işləri layiqincə yerinə yetirə bilmir: "Ölkənin mövcud qanunlarına əsasən hər bir şəhər sakini belə tərbiyə ocaqlarından yararlanmaq hüququna malikdir. Lakin yerli sakinlərin vətəndaşlıq hüququ bu bağçada konkret olaraq məhdudlaşdırılır. Ona görə ki, Soltanə xanım uşaqları bağçaya qəbul etməmişdən əvvəl onların valideynləri ilə "fərdi söhbət" aparır və öz "tələb"lərini irəli sürür. Deyilənə görə, övladını bura qoymaq istəyən valideyn bağça rəhbərinə ən azı 150 dəfə minnətdarlıq etməlidir. Soltanə xanım ölkə qanunlarından, eləcə də şəhər rəhbərliyindən qəti şəkildə çəkinmir. "Pulun varsa irəli çıx, yoxdursa bağçamda yer qalmayıb" kimi fikirləri ilə "seçilən" bağça müdirəsi ciddi preyskurant da tərtib edib.
Məhz onun "şərtləri" ucbatından bu bağçanın qapıları Şirvanın aztəminatlı ailələrinin üzünə bağlıdır. Halbuki, 1 saylı "Qızılgül" uşaq bağçası qeyri-özəl kateqoriyaya aid olaraq dövlət bağçası hesab olunur. Hər bir valideyn məcburiyyət qarşısında qaldığı halda bağçalara müraciət edir. Soltanə xanım buranı şəxsi mülkü kimi idarə edir". Məlumatda qeyd olunur ki, 1 saylı "Qızılgül" uşaq bağçasında uşaqların qidalanma rejimi məktəbəqədər təhsil müəssisələri üçün nəzərdə tutulmuş standartlara cavab vermir: "Uşaqların qida rasionunu keyfiyyətsiz, müvafiq yararlılıq sertifikatı olmayan ərzaqlar təşkil edir. Azyaşlı uşaqlar qidalanma üçün yararsız olan ərzaq məhsullarının təşkil etdiyi yeməklərdən yeyir. Əgər buna yemək demək olarsa. Körpələr əzazil bağça müəllimələrinin qorxusundan bu yeməkləri qəbul etməyə məcbur olurlar. Nəticədə gözümüzdən kənarda qalan balalarımız körpə yaşından psixi travma almış hesab olunur və bu hal onun gələcək həyatında sağalmaz izlər qoyur. Bu fakta göz yuman Şirvan şəhərinin aidiyyəti qurumları susma mövqeyində dayanmağa üstünlük verirlər. "Qızılgül" uşaq bağçası dəfələrlə valideynlərin tənqid obyektinə çevrilib.
Dəfələrlə valideynlər Şirvan Şəhər Təhsil Şöbəsinə yazılı və şifahi müraciətlər edib. Amma hamısı nəticəsiz qalıb. Əlacsız qalan valideynlər şikayətlərini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə yollayıblar. Lakin bu müraciətlər sonda Soltanə xanımın cəld tərpənməsi nəticəsində cavabsız qalıb. Uzun çək-çevirdən sonra 2013 -cü ildə bu qurumun Salyan Ərazi İdarəsi tərəfindən 1 saylı "Qızılgül" uşaq bağçasına komissiya göndərildi. Komissiya, həqiqətən də uşaq bağçasındakı qidalanmanın müvafiq standart və tələblərə qətiyyən uyğun olmadığını aşkar edərək bağça rəhbərliyini cüzi cərimə ilə cəzalandırdı. Guya bununla vətəndaşların şikayətinə baxıldı. Görünür, yüngül cəza Soltanə xanımı daha da "əzmkar" etdi. Çünki o bu yoxlamadan sonra lap aqressivləşdi və bağçaya uşaq qəbulunun tarifində dəyişiklik etdi. Həmçinin o tərbiyəçiləri ilə əmək müqaviləsi bağlamadan onları işə qəbul edir.
Onların sağlamlığı barədə heç bir müvafiq sənəd-filan tələb etmir. Soltanə xanımı uşaqlarımızın taleyi qətiyyən maraqlandırmır. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının KİV-dəki çıxışlarında dövlət məmurlarının toy mərasimlərini dəbdəbəli keçirmələrinə qadağa qoymağına baxmayaraq, Soltanə xanım bağçadan əldə etdiyi pullarla bu yaxında qızına yüksək səviyyədə toy etdi. Maraqlıdır,görəsən bağça müdirəsində bu qədər pul haradandır? Təbii ki, bütün bunlar illərlə nəzarətsiz qalan fəaliyyətin sayəsindədir. Bağçaya ayrılan ərzaq məhsullarının taleyi araşdırılsa, məlum olar ki, həmin məhsulların bir hissəsi müxtəlif dükanlarda satışa çıxarılır. Soltanə xanım kimi bağça müdirələri özbaşınalıq və qanunsuzluq nümayiş etdirərək ölkənin müvafiq qanunlarına hörmətsizlik edirlər. Uşaqların bağçaya təmənna ilə qəbul olunmasından tutmuş qidalanma sahəsindəki ciddi pozuntularadək müxtəlif problemlərin yaşandığı 1 saylı "Qızılgül" uşaq bağçasının rəhbərliyinin fəaliyyətinə son qoyulmasının tam zamanıdır". İnanırıq ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov bu məsələləri araşdırıb bağça müdirəsini cəzalandıracaq. Xalqxeber.az
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.