Bərdədə 6 ildə 66 milyon hara xərclənib?

28-08-2015, 22:41           
Bərdədə 6 ildə 66 milyon hara xərclənib?
2010-cu ildə 7 dövlət qurumunun Bərdə rayonuna qoyuduğu 87 milyon 848.38 manat vəsait tender yolu ilə xərclənib. 2011-ci ildə təkcə Bərdə rayon İcra Hakimiyyəti 55 milyon 80.921 manat vəsaiti Satınalmalar Üzrə Dövlət Agentliyinin xətti ilə sərf edib və bu məlumatlar qurumun satınalmalar üzrə reyestrində əksini tapıb. Bundan 3 milyon 996.500 manat Alpout, Mustağaağalı, Qaratəpə, Nazırlı avtomobil yolunun təmir işlərinin satın alınması (28 saylı Yol İstismar İdarəsi), 4 milyon 68000 manat şəhər küçələrinin abadlaşdırılması (“Bərpa-11” MMC), 4 milyon 77000 manat küçələrin asfaltlanması (“Yol Abadlıq” MMC), 1 milyon 24600 manatın ərzağa istifadə olunduğu göstərilir, onun da 92700 manatı şəhərə, qalanı kəndlərə aiddir. Həmin il dəftərxana ləvazimatı “dəb”də olub, bu məqsədlə 83350 manat “silinib”. Abadlıq, cari təmir onsuz da həmişə var, xüsusi bir iş görməsələr də. Istər icra hakimiyyətləri olsun, istərsə də digər dövlət qurumları, təmir, abadlığa çox pul göstərirlər, tikintiyə hər zaman pul qoyulmur. Daim ayrılan ərzağın da dəqiq ünvanı bəlli deyil. Bu xərclərin ilbəil əhəmiyyətli şəkildə artması təəccüb doğurur. Təkcə “sair” xərclər 140.726 manat tutub. Rayonda qaz olduğu halda İH binasına 9350 manatlıq odun alındığı göstərilir. Bərdə camaatı buna inanmır, deyirlər “hələ Sovet dövründən rayonda qaz var, o qazdan əhaliyə çatmasa da icra həmişə qazlı olub, amma özlərini elə göstərirlər ki, guya odunu onlar işlədiblər, qazı da biz. Təzəlikcə qaz xətləri yenilənib”.
Həmin il Təhsil Nazirliyi (TN) rayona 1 milyon 840.31 manat xərcləyib. Xüsusi bir iş görülməyib, cari təmir, bərk inventar, yumşaq inventar, avadanlığa pul sərf olunub. Rayon təhsil şöbəsi 495.410 manatlıq bərk inventarı”Yusif-G” MMC-dən alıb. İrəlidə də görəcəksiz, bərk inventara yarım milyonluq vəsait hər il təkrarlanır. R.Musayev adına Şəhər İnkluziv Təhsil Komponentli orta məktəbə də 133.449 manat sərf olunub.
Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasına bir ildə 1079138 manat “sərmayə” yatırıb. Nazirlik ancaq mərkəzi xəstəxanaya diqqət yetirib, illər üzrə oraya iri məbləğlər xərcləyib, elə bil rayonda başqa tibb müəssisəsi yoxdur. Xəstəxanaya 250 min manatlıq dərman preparatı da alınıb. Korrupsiya ilə assosiasiya yaradan üç və dörd doqquzlar rayonun bütün sahələr üzrə xərcləmələrində yer alıb. Xəstəxanada isə lap irəli gedib beş doqquza çıxıblar – dərman preparatlarına bir dəfə 1 milyon 99999 manat (“Riyad-farm” MMC), sonra da 50000 manat (“Aysimed” MMC) vəsait ayrılıb.
Mədəniyyət və Turizm Nazirliyi Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi 682.365 manat istifadə edib. Meliorasiya və Su Təsərrüfatı ASC 249.630 manatı rayona xərcləyib. Digər dövlət qurumları da Bərdədə 1 milyon 497.253 manat sərf ediblər. Bir ildə rayona tenderlə xərclənən vəsaitin ümumi məbləği 10 milyon 173 min 338 manat təşkil edib.
2012-ci ildə rayon İH üst-üstə 4 milyon 829 min 802 manat tenderdə sərf edib. Biri 220 (1.535.000 manat), o biri 180 yerlik (1.455.000 manat) məktəbi”Çarbağ” MMC tikib. 1 40.744 manat küçələrin işıqlandırılmasına (Bərdə “RSR-3” MMC), 149.930 manat Bərdə şəhərinin Qəhrəmanlar parkında abadlıq işləri, 119944 manat küçələrin təmirinə sərf olunub, bu işləri “Elegant-CO” MMC görüb. Cari təmir işlərinə 72915 manat Bərdə “Alisa” MMC, əsaslı təmirə 103.247 manat “Bərdə RSR-4″ MMC, küçələrə asfalt çəkilməsi 480.713 manat Bərdə “Yol-Abadlıq” MMC-yə verilib. 564.372 manat dəyərində abadlıq işləri isə Bərdə “Bərpa-11” MMC-yə həvalə olunub. 152.292 manatlıq da ərzaq məhsulları alınıb, bunun 99.992 manatı rayonun özünə, 52300 manatının kəndlərə verildiyi göstərilir. Həmin il İH inzibati binasına dəftərxana xərcini iki dəfə artırıb – 18000 manat. Oduna da iki dəfə çox – 20145 manat yazılıb.
Təhsil Nazirliyi Bərdə Təhsil şöbəsinə 962188 manat ayırıb. Bunun təkcə 496.434 manatı bərk inventar (“Legenda-Co” MMC), 148.937 manatı da avadanlığa (“Tac-C” MMC) sərf olunub. Əvvəlki il bərk inventara 495.410 manat xərclənmişdi. Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasına 835.307 manat, nazirliyin Diaqnostika Mərkəzinə 119.541 manat, Mədəniyyət və Turizm Nazirliyi rayona 538.920 manat, Meliorasiya və Su Təsərrüfatı ASC 649.293 manat sərf edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də rayonda 4 mərtəbəli 36 mənzilli yaşayış binasının tikintisinə 3 milyon 134 min 808 manat (“Vafi-Region” MMC) ayırıb. Fond Bərdə rayon şöbəsində plastik kartlarla ödəniş sisteminin təşkilinə də 249.964 manat sərf edib, icraçı “Kapital Bank” ASC-dir.
“Aqrolizinq” ASCBərdə rayonunda heyvandarlıq kompleksi üçün avadanlıqlar və onların quraşdırılmasını “Milton Keynes Group” LTD-dən 2 milyon 680.000 manata satın alıb. Qurum 4000 ton tutumu olan soyuducu kameranın metal konstruksiyasının quraşdırılması və tikinti işlərini 911.234 manat (“Memar Servis A” MMC), soyuducu kamera avadanlıqlarını da 2 milyon 588.250 manata (“Gran Electric AS”) satın alıb. Həmin il rayona ümumilikdə17 milyon 379 min 766 manat sərf olunub.
2013-cü ildə Prezident Ehtiyat Fondundan Bərdə rayonun sosial-iqtisadi inkişafına 2 milyon manat ayırıb. Lakin bu pulun xərclənməsi üzrə tender baza məlumatlarında “görünmür”. Amma “xırda” işlərin haqq-hesabı var. Şəhər İH-ə 185 min manatlıq ərzaq “Maddi Təchizat Bazası” və “Mal Satış və Xidmət” təşkilatından alınıb, məbləğin iki təşkilat arasında necə bölündüyü bəlli deyil, rəqəm bir yerdə göstərilib. 102500 manatlıq ərzaq da kəndlərə verilib. Bu işi də adı “Bərdə Təmir Tikinti R-2” MMC olan müəssisəyə həvalə edib. Ərzağa ümumilikdə 287.500 manatvəsait xərclənib. Mənzil fondunun əsaslı təmir işləri144.919 manat, yolların əsaslı təmiri 529.894 manat, şəhərdə abadlıq işləri 579.905manat, küçələrin işıqlandırılması 144. 996 müqabilində “İnstal-Servis” MMC-yə tapşırılıb. Dəyəri 1 milyon 399 min 720 manat olan dörd fərqli iş bir şirkətə həvalə edilib. Dəftərxana ləvazimatı bu dəfə 31 minə qalxıb. Qazı olan bina üçün odun yanacağı da yenə 21770 manat tutub. Rayon İH bir ildə ümumilikdə 1 milyon 851 min 965 manatı tender yolu ilə sadalanan istiqamətlərə xərcləyib.
Səhiyyə Nazirliyi Bərdə Mərkəzi Xəstəxanasına 1 milyon 641 min 662 manat ayırıb. Əsasən də”Epidbiomed” MMC ilə işləyir, iri sifarişi ona verirlər. Hər il xəstəxanaya az qala şəhərin özü qədər pul sərf edirlər. Diaqnostika Mərkəzinə də 69900 manat xərclənib. Təhsil Nazirliyinin xətti ilə rayonda 1milyon 330 min 813 manat istifadə edilib. Yenə 491.322 manat bərk inventara, 296.244 manat da avadanlığa verilib. Vəsaitin təkcə 186.750 manatı R.Musayev adına orta məktəbə gedib. Meliorasiya və Su Təsərrüfatı ASC Bərdəyə bir ildə 289.274 manat, Mədəniyyət və Turizm Nazirliyi 697.740 manat vəsait “yatırıb”. Qurum təkcə oduna 44500 manat, dəftərxana ləvazimatları və təsərrüfat mallarına 114900 manat, “sair xərclər”ə də 75870 manat ayırıb. Bir ildə rayona 7 milyon 947 min 783 manat tenderlə sərf olunub. Müxtəlif nazirlik və təşkilatlar da illər üzrə regionlara milyonlar ayırıb, amma Bərdə onların içərisində yazılsa da payına düşən vəsaitin həcmi konkret göstərilmir.
2014-cü ildə Bərdə İH ümumilikdə 23 milyon 91 min 060 manatı tender yolu ilə istifadə edib. Bunun əsas hissəsi şəhərdə abadlıq işləri (621.997 manat) və yolların əsaslı təmirinə (593.804 manat) sərf olunub, üst-üstə 1 milyon 215 min 801 manatlıq iş “İnstal-Servis” MMC-dən satın alınıb.Ərzaq da xeyli pul tutub, 360.920 manat. İşıq dirəkləri“Xidmət-Servis” MMC-dən119.675 manata alınıb, 26224,88 manata quraşdırılıb. Faktiki rayonun mərkəzi küçələri istisna olmaqla digərləri işıqsızdır. 6 saylı məktəb də 299992 manata təmir olunub (“Techno-yol-inşaat” MMC).
Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasına bir ildə 1 milyon 447 min 073 manat, Müalicə Diaqnostika Mərkəzinə 99448 manat sərf edib. Rayonda səhiyyəyə xeyli pul ayırırlar, amma tibb işçilərinin gözü yenə camaatın əlindədir. Bunu Bərdədəki müşahidələrimə əsasən deyirəm. Təhsil Nazirliyi də 1 milyon 379 min 862 manat büdcə pulunu Bərdə üçün xərcləyib. Birdən elə bilərsiz məktəb tikiblər. Xeyr, cari təmir, avadanlıqlar, dəftərxana-filandır. Bu dəfə də bərk inventarın alınmasına 491.403 manat sərf olunub və bu illər üzrə təkrarlanıb. Nazirliyə lazım olmasa belə hər il bərk inventar üçün 490 min manat civarında vəsaiti bu yolla mütləq “silirlər”. İri sifarişləri də əsasən “İnstal-Servis” MMC-yə verirlər. Meliorasiya və Su Təsərrüfatı ASC rayonda 308.570 manat, Mədəniyyət və Turizm Nazirliyi 634.771 manat sərf edib. Nazirlik dəftərxana ləvazimatı və təsərrüfat mallarına109.940 manat (“Fuad-F” MMC) xərcləyib. Keçən il rayona 6 milyon 260 min 784 manat vəsait tender yolu ilə qoyulub.
2015-ci ildə Bərdə İH 383.520 manatı ərzağa sərf edib, onun 200 min manatı (“Bərdə RSR-4” MMC) şəhərə, yerdə qalan kəndlərə verilib. Yolların əsaslı təmiri 439.559 manat(“Tac-2014” MMC), abadlıq işləri 458.785 manat (“Tac-2014” MMC), mənzil fondunun əsaslı təmiri 119.879 manat (“Tac-2014” MMC), küçə işıq dirəklərinin alınmasına 109.508 manat (“Tac-2014” MMC) istifadə edilib. 77170 manat da cari təmir və dəftərxana ləvazimatlarına verilib. Üst-üstə 1588421 manat ərzaq, təmir, abadlığa xərclənib.
Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi və 17 yaşayış məntəqəsini birləşdirən yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədilə Bərdə rayon İcra Hakimiyyətinə 2015-ci ildə Prezidentin Ehtiyat Fondundan 5 milyon, o cümlədən mənzil fondunun əsaslı təmir işlərinin sürətləndirilməsi üçün ilkin olaraq 3 milyon, kəndlərarası avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 2 milyon manat ayrılıb. Lakin sadəcə mənzil fonduna nəzərdə tutulan vəsaitlər üzrə tender keçirilib. 2 milyon 999 min 863 manatlıq sifariş yenə “Tac-2014” MMC-yə verilib. 4 milyon 127 min 600 manat dəyərində irimiqyaslı sifarişlər adından da bəlli olduğu kimi yeni yaradılan bir şirkətə “etibar” edilib. İnternet resurslarında bu şirkətin fəaliyyəti şübhəyə alınır, onun keçən ilin sentyabrında Cavid Adıgözəl oğlu Əliyevin adına açıldığı qeyd edilir. O da deyilir ki, yeni yaradılan şirkətlər 5 il fəaliyyət göstərdikdən sonra tenderlərdə iştirak edə bilərlər. Yeni müəssisələrin bu şəkildə tenderə atılması ortada korrupsiyanın olduğundan xəbər verir. “Tac-2014” MMC-nin “xidmətləri”ndən digər dövlət qurumları da keçən il və bu il geninə-boluna istifadə ediblər. Şirkət eyni vaxtda paytaxtda və bölgələrdə sifariş alır. Odur ki, bu şirkətin potensialı, işçi qüvvəsi, avadanlıqları şəxsən mənə maraqlıdır. 2013-cü ildə heç bir tenderdə adı yoxdur.
Digər dövlət qurumları da Bərdədə böyük vəsaitlər sərf ediblər. Təkcə Meliorasiya və Su Təsərrüfatı ASC rayonda 1 milyon 259.881 manat, Səhiyyə Nazirliyi Bərdə Müalicə Diaqnostika Mərkəzi 132.989 manat, Mərkəzi Xəstəxana 993.740 manat, Mədəniyyət və Turizm Nazirliyi 582.631 manat, Təhsil Nazirliyi 1 milyon 008078 manat tenderdə xərcləyib. TN-də bu dəfə də ənənəni pozmayıb, 491.470 manatı (“SRS-Company” MMC) bərk inventarın ayağına yazıblar.5 ildə TN bərk inventara nə az nə çox düz 2 milyon 466 min 039 manat sərf edib.
Bu il hələlik rayona ümumilikdə qoyulan 15 milyon 565 min 740 manatın internet resurslarında təsdiqi var. 6 ildə rayona tender yolu ilə və Prezidentin Ehtiyat Fondundan xərclənən vəsaitin həcmi 66 milyon 112 min 249 manatdır, orta hesabla hər il rayona 11 milyon manat vəsait qoyulub. Həmin pulların rayonun sosial-iqtisadi durumuna təsiri barədə növbəti məqalədə yazacam….
Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.