Abid Şərifovun şirkəti tam çökür - yanacaq tapmadı deyə yol çəkilişini tam dayandırdı

11-09-2015, 12:06           
Abid Şərifovun şirkəti tam çökür - yanacaq tapmadı deyə yol çəkilişini tam dayandırdı
Ələt-Astara avtomobil yolunun inşası yanacaq çatışmazlığı ucbatından dünəndən tamamilə dayandırılıb.

Bu məlumatı virtualaz.org saytının Şirvan bürosuna tikinti işlərini həyata keçirən EVRASCON şirkətinin əməkdaşları verib.

Şirkətin işçilərinin bildirdiyinə görə, işlərin dayandırılmasına səbəb yanacaq qıtlığıdır. İşçilər bu gün isə may ayının əməkhaqqının ödənilməsini gözləyirlər. Onların sözlərinə görə, şirkətin Direktorlar Şurasının sədri Manaf Şirinov onlara bu barədə bir neçə gün əvvəl vəd verib. İndi onlar bu vədin yerinə yetirilməsini gözləyirlər.

Xatırladaq ki, aylardır əməkhaqqı ala bilməyən EVRASCON işçiləri sentyabrın 9-da aksiya keçirərək maaşlarının verilməsini tələb etmişdilər. Manaf Şirinov həmin gün Salyanın Çuxanlı kəndindəki düşərgədə yol çəkənlərlə görüşmüş, onları “yola gətirməyə” çalışaraq vədlər vermişdi. Bildirmişdi ki, aksiya keçirmək “düzgün hərəkət” deyil, nəzərə almaq lazımdır ki, EVRASCON-un maliyyə vəziyyəti olduqca ağırdır, buna baxmayaraq may ayından yığılıb qalmış əməkhaqqı borclarının bir hissəsini - iki aylıq məvacibləri yaxın vaxtlarda, konkret olaraq sentyabrın 11-də ödəyəcəklər.

Qeyd edək ki, EVRASCON şirkətində hazırda 1200 nəfər işçi çalışır.

Ələt-Astara yolunun tikintisi Nəqliyyat Nazirliyinin sifarişi ilə həyata keçirilir və büdcədən maliyyələşir. Ona görə də podratçı şirkətin əmək haqlarını gecikdirməsinin səbəbləri aydın deyil.

Xatırladaq ki, EVRASCON baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Abid Şərifov şirkətin qardaşına məxsus olduğunu mətbuata aşıqlamasında özü də təsdiqləyib.

Virtualaz.org saytı hələ bir neçə ay öncə EVRASCON şirkətinin böhran keçirdiyi haqda yazmışdı. İyul ayında saytımızda dərc olunan məqalədə bildirilirdi ki, işçilər maaş tələbi ilə tətilə başlayacaqlar.

Bu firma Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-dir, adını dəyişib. Bildirilir ki, ASC-nin fəaliyyətində ciddi maliyyə maxinasiyalarına yol verilib, milyonlarla vəsait təyinatı üzrə xərclənməyib. Bu ilin əvvəlində “EVRASCON” ASC-nin 232,7 milyon manat kreditor borcu olub. Bunun 67,5 milyonu banklardan cəlb edilib.

Şirkətin fəaliyyəti Azərbaycanla məhdudlaşmır və ölkə hüdudlarından kənarda da, məsələn, Rusiya, Qazaxıstan, Özbəkistan və sair kimi ölkələrdə infrastruktur obyektlərinin inşası ilə məşğuldur. Şirkət 2013-cü ildə adını dəyişərək “Avro-Asiya İnşaat Korporasiyası” - “EVRASCON” ASC olub.

“EVRASCON” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də “EVRASCON” ASC-nin 16,89 faizinə nəzarət edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.