Aldadılan şəxsin harayı: Qardaşım ev üçün "BMW X6" verdi…
8-06-2018, 19:27

Prosesdə 52 nəfər zərərçəkmiş qismində tanınıb
Sputnik. Azərbaycanda tikinti bumu start götürəndən, vətəndaşların aldadılması halları da başlayıb. Son bir neçə ildə isə bəzi tikinti şirkətlərinin vətəndaşları aldatması xüsusilə geniş miqyas alıb. Bu, çox zaman klassik üsulla həyata keçirilir: binanın tikintisi başa çatır və bölgü zamanı məlum olur ki, bir mənzil eyni zamanda 3-4 vətəndaşa satılıb.
Bundan sonra isə vətəndaşla və şirkət səlahiyyətliləri arasında məhkəmə çəkişmələri başlayır. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Xudafərin" MTK-nın vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Proses dövlət ittihamçısı Fərid Nağıyevin iştirakı və təqsirləndirilən Xudafərin MMC–nın (MTK bu MMC-yə daxildir) rəhbəri Abdulla Abdullayevin (Amay Abdulla) vəkili Şahin Rəfiyevin iştirakı ilə keçirilib.
Prosesdə dinlənilən şəxslərin çoxu evi Xudafərin MTK-nın təmsilçisi Azər Xəlilov adlı şəxsdən aldıqlarını və ev üçün ödədikləri məbləği ya pul ya da dəyişmə yolu ilə avtomobil şəklində ona verdiklərini bildiriblər.
Zərəçəkmiş qismində dinlənilən Sevil Atakişiyevanın sözlərinə görə, qardaşı ev üçün 100 min manat dəyərində olan "BMW X6" markalı avtomobili verib: "Azər bizi "AMAY" ticarət mərkəzinə apardı, orada müqavilə bağladıq. Daha sonra avtomobili DYP-yə aparıb, rəsmi qaydada alqı-satqı etdik".
S. Atakişiyevanın sözlərinə görə, sonradan mənzilin bir neçə nəfər satılması halı ilə qaşrılaşıb. Binəqədi Rayon Məhkəməsi onların xeyrinə qərar çıxarıb. Sonradan qarşı tərəf məsələ ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət edib və qərar qüvvədə saxlanılıb. Ancaq Xudafərin MTK zəzərçəkmişi mənzil ilə təmin etməyib.
Digər zərərçəkmişlər də oxşar yollarla Azər Xəlilova ev üçün avtomobil və pul verdiklərini dedilər.
Prosesdə 52 nəfər zərərçəkmiş qismində tanınıb.
Məhkəmənin növbəti prosesi iyun ayının 21-nə təyin edilib.