Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllim əlavə dərs saatı tələb edə bilər?

Bu gün, 09:34           
Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllim əlavə dərs saatı tələb edə bilər?
2025-ci il üzrə təhsilverənlərin sertifikatlaşdırılma imtahanlarına başlanılıb. Artıq bir qrup müəllim prosesdə iştirak edib.

Yüksək nəticə əldə edən müəllimlər sosial şəbəkədə müzakirələr zamanı dərs saatlarının artırılmasının vacibliyini vurğulayıblar.

Maraqlıdır, bəs görəsən, sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərin əlavə dərs saatları tələb etməsi qanunidirmi?

TEREF xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, müəllimlərin bu istəyi, bir tərəfdən, onların peşəkarlığının tanınması və əməyinin daha yüksək qiymətləndirilməsi baxımından başadüşüləndir, digər tərəfdən isə mövcud hüquqi və inzibati çərçivədə bu tələbin nə qədər əsaslı olduğu mübahisəlidir:
"Təhlil göstərir ki, bu məsələyə təkcə emosional deyil, həm də normativ və sistemli yanaşmaq lazımdır.

Hazırkı qanunvericiliyə əsasən, müəllimlərin əməkhaqqılarına edilən əlavələr sertifikasiya nəticəsinə görə müəyyən olunur və bu əlavələr mövcud dərs saatına uyğun əməkhaqqının üzərinə gəlir. Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli 488 nömrəli qərarı ilə təsdiqlənmiş "Müəllimlərin sertifikatlaşdırılması Qaydası"na əsasən, 30-50 bal toplayan müəllimlərə əməkhaqqına 10%, 51 və daha çox bal toplayanlara isə 35% əlavə olunur. Bu artım mövcud dərs yükü əsasında hesablanan əməkhaqqının üzərinə tətbiq olunur. Yəni müəllim 12 saat dərs deyirsə, bu saat üçün aldığı ümumi məbləğə 35% əlavə olunur. Dərs saatının artırılması isə bu artımdan tamamilə fərqli və ayrıca idarəolunan prosedurdur".

O qeyd edib ki, müəllimlərin dərs saatları Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi "Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin dərs yükü norması"na əsasən müəyyən olunur:

"Bu norma məktəbdəki şagird sayı, fənn üzrə ümumi saat həcmi və müəllimlərin sayı nəzərə alınmaqla məktəb rəhbərliyi tərəfindən bölüşdürülür. Mövcud qanunvericilikdə sertifikasiya nəticəsinə əsasən dərs saatının avtomatik artırılması ilə bağlı heç bir mexanizm nəzərdə tutulmayıb. Əmək Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, əmək münasibətləri tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə tənzimlənir. Bu müqavilədə dərs yükü və öhdəliklər dəqiq göstərilir və dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilə bilər.

Sertifikasiya nəticəsinin müəllimin dərs saatına birbaşa təsir etməməsi, bəzən yüksək bal toplayan müəllimlərdə narazılıq yaradır. Onlar düşünürlər ki, yüksək nəticə onların peşəkarlığını sübut etdiyindən, bu, yalnız maddi deyil, funksional dəyişikliklərə də səbəb olmalıdır. Bu tələb ilk baxışdan motivasiyaedici və ədalətli görünə bilər, lakin praktikada bu yanaşma məktəblərdə dərs saatlarının balanslı və şəffaf bölüşdürülməsinə xələl gətirə bilər. Digər müəllimlərin dərs saatlarının azalması, vakansiyaların süni şəkildə dəyişdirilməsi və balanssızlıq yaranması təhlükəsi var.

Beynəlxalq təcrübədə isə fərqli yanaşmalar mövcuddur. Məsələn, Finlandiyada yüksək nəticə göstərmiş müəllimlərə əlavə dərs saatı deyil, mentor müəllim statusu, peşəkar inkişaf layihələrində iştirak hüququ, metodik rəhbərlik və məktəbdaxili qiymətləndirmə proseslərində rol verilir. ABŞ-də "teacher leadership" modeli əsasında yüksək nəticə göstərmiş müəllimlərə daha çox dərs deyil, daha çox məsuliyyət və rəhbərlik rolu təklif olunur. Bu zaman həm əməkhaqqı artırılır, həm də müəllim tədris keyfiyyətinə sistemli təsir göstərə bilir. Bu yanaşma yalnız miqdarı deyil, keyfiyyəti əsas götürür".

Kamran Əsədovun sözlərinə görə, bunun müsbət tərəfi odur ki, Azərbaycanda ilk dəfə olaraq müəllimlər yalnız maddi artım deyil, daha çox dərs, daha çox fəaliyyət, daha çox faydalılıq tələb edirlər:

"Bu, müəllim peşəsinin fəallıq səviyyəsinin və ictimai məsuliyyət hissinin artdığını göstərir. Eyni zamanda, bu yanaşma təhsil sistemində fərqləndirmə və səriştəyə əsaslanan idarəetmənin təşəkkül tapdığını göstərir. Müəllim artıq yalnız formal şəkildə vəzifəsini yerinə yetirmək yox, sistemdə daha çox rol almaq istəyir. Bu, təhsil üçün müsbət impuls yaradır.

Lakin tələbin hüquqi baxımdan hazırkı mərhələdə təmin olunması mümkün deyil və ehtiyac yoxdur. Çünki dərs saatı pedaqoji normaya əsasən tənzimlənir və bu norma dəyişmədiyi halda balans pozular. Əvəzində Elm və Təhsil Nazirliyi və yerli təhsil idarəetmə orqanları yüksək bal toplamış müəllimləri məktəbdaxili əlavə funksiyalara - dərnək rəhbərliyi, mentorluq, metodik şura, qiymətləndirmə qruplarında iştiraka cəlb edə və bu fəaliyyətə görə əlavə ödənişlər tətbiq edə bilər. Bu zaman həm keyfiyyətli müəllim dəstəklənər, həm də ümumi təhsil mühiti güclənər.

Gələcəkdə isə bu istiqamətdə daha çevik modelin tətbiqi məqsədəuyğun ola bilər. Məsələn, məktəbdə vakant saatlar olduqda onların ilk növbədə yüksək nəticə göstərmiş müəllimlərə təklif olunması hüquqi baza şəklində təsbit edilə bilər. Bu həm motivasiyanı artırar, həm də obyektiv bölgü üçün əsas yaradardı. Bununla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərin təlimçilik və təkmilləşdirmə proqramlarında iştirakını təşviq edən sistem formalaşdırıla bilər.

Nəticə etibarilə, sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin dərs saatlarının artırılması ilə bağlı tələbləri hüquqi baxımdan əsaslı olmasa da, psixoloji və motivasiya baxımından anlaşılandır. Bu tendensiyanı idarə etmək üçün mövcud qanunvericiliyə uyğun əlavə təşviq mexanizmləri qurulmalı, dərs bölgüsü isə yenə də obyektiv ehtiyac əsasında həyata keçirilməlidir. Təhsilin keyfiyyəti yalnız çoxlu dərs deyənlərlə deyil, dəyərli və məqsədli şəkildə fəaliyyət göstərən müəllimlərin sistemdə rol alması ilə mümkündür. Bu rolu isə sistem tanımalı və idarə etməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.