Alman filmində çəkilən azərbaycanlı uşaq: “1500 manat verdilər”
19-10-2018, 18:17
Şəkildə gördüyünüz balaca oğlan alman rejissor Veir Helmerin Azərbaycanda çəkdiyi filmdə rol alıb. Adı İsmayıl, familiyası Quluzadədir. Veir Helmer Azərbaycan tamaşaçısına “Absurdistan” filmindən tanışdır. Bu dəfəki film isə “The Bra” adlanır. İsmayıl bu filmdə “Əziz” obrazını canlandırıb.
Atası Əli ilə birlikdə redaksiyamıza qonaq olan 10 yaşlı İsmayıl təəssüratlarını AzNews.az-a danışıb.
- İsmayıl, necə oldu ki, filmə dəvət aldın?
- Bir gün kinoçəkənlər “Şanxay”a (Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi-M.A.) gəlmişdilər. Biz də uşaqlarla dəmir yolunun kənarında oynayırdıq. Aramızdan bir neçə uşaq seçdilər, yoxladılar. Rejissor məni bəyəndi. Hamıdan yaxşı mən oynadım. Rolum bundan ibarətdir ki, qatar gəlir, mən də fit çala-çala camaata deyirəm, yoldan çıxsın.
- Rejissor oynamağını görüb nə dedi?
İsmayıl: Bəyəndi, dedi yaxşıdır, aktyorluq qabiliyyətim var.
- Çəkilişlər harda olub?
Əli: Çəkilişlər Keşlədə, Qubanın Xınalıq kəndində aparılıb.
- Qonorar verdilər?
Əli: Bəli. 15 kadr var idi. 1500 manat verdilər.
- Kinoya çəkilməkdən xoşun gəldi?
İsmayıl: Bəli. Yenə çəkilmək istəyirəm.
- Çəkiliş vaxtı yorulmurdun?
İsmayıl: Yox.
- Böyüyəndə kim olacaqsan?
İsmayıl: Aktyor.
- Bəs kinoya çəkilməmişdən qabaq kim olmaq istəyirdin?
İsmayıl: Həkim olmaq istəyirdim.
- Filmə baxmısan?
İsmayıl: Yox. Filmin təqdimatı oktyabrın axırında Almaniyada keçiriləcək.
Əli: Bizi də dəvət ediblər. Sağlıq olsun, oktyabrın axırı Almaniyaya yola düşəcəyik, bütün sənədlər hazırdı, bircə bilet qalıb.
- Gəlin, bir də sizin də dilinizdən eşidək. Necə oldu, oğlunuzu filmə çəkdilər?
Əli: Leyla adlı bir azərbaycanlı qızla bir alman qız vardı, məhəlləyə gedib-gəlirdilər. Film çəkmək üçün ev axtarırdılar. Bizim camaat da mühafizəkar olduğuna görə alman filmlərinə çox da önəm vermirdi. Ondan qabaq da hansısa evdə kino çəkmişdilər, pis kino idi. Bir gün İsmayıl dedi ki, ata Leyla ilə o alman qız mənə alman filmində çəkilməyi təklif etdi. Hardasa otuz-qırx uşağın içindən İsmayılı seçiblər. İsmayıl orda çayçı işləyən yetim rolunda oynayırdı. Mənə dedilər ki, artıq bir neçə kadr çəkilib və rejissor oğlunuzun oyununu bəyənib, sizinlə görüşmək istəyir. Valtın (filmin rejissoru – M.A.) özü mənimlə danışdı. Dedi, uşağınız gözəl oynayır, aktyor təhsili alıb? Dedim ki, heç bir yerdə oxumur. Fəhlə babayam.
- Dediniz ki, qonorar da veriblər. Qonarar təklifi olmasaydı, uşağınızın çəkilməyinə razı olardınız?
Əli: Bəli.
- Filmin məzmunundan xəbəriniz var?
Əli: Onu bilirəm ki, bir dəmiryolçudan bəhs edir.
- Ümumi süjeti bilmirsiz?
Əli: Yox.
- Filmdə əxlaqsız səhnələrin olduğunu biləsiniz etiraz edərsiniz?
Əli: Bu, Valta baha başa gələr. Baxmaram, Almaniyadayıq, ya hardayıq. Oğlum filmə çəkilməmişdən qabaq da rejissora xəbərdarlıq etmişdim. Başqa nə kadrlar var bilmirəm, amma İsmayılla bağlı olan çəkilişlərin hamısında özüm iştirak etmişəm.
- Uşaqla rəftar necə idi?
Əli: Valtın rəftarı çox yaxşı idi. Mən bunu gözləməzdim. Xınalıqda çəkilişlər zamanı hava soyuq idi. İsmayıl da şortik geyinmişdi. Əyilib İsmayılın ayaqlarını massaj edirdi. Gödəkçəsini çıxarıb çiyninə atırdı, əllərini ovuşdururdu.
- Bu filmdə iştirakından sonra övladınız haqqında arzularınız dəyişib?
- Atam istəyirdi ki, hərbçi olum, təəssüf ki, alınmadı. Atamın bu arzusu yerinə yetsin deyə, İsmayılın general olmağını istəyirdim. Filmin çəkilişlərində başqa bir rejissor da vardı. O soruşdu ki, oğlun böyüyəndə kim olmağını istəyirsən? Dedim, general. O da cavab verdi ki, sənin oğlundan çox böyük aktyor olacaq. İndi düşünürəm ki, İsmayıl general yox, qoy elə aktyor olsun.
- Filmin çəkilişləri tamamilə yekunlaşıb?
İsmayıl: Bəli.
- Dilini bilmədiyin rejissorla ünsiyyət qurmaq sənə çətinlik yaratmırdı?
İsmayıl: Yaradırdı. Ancaq mənim üçün tərcüməçi ayırmışdılar. O, kömək edirdi.
- Hər kadr neçə dəfə çəkilirdi?
İsmayı: Hər kadr dörd-beş dəfə çəkilirdi.
Əli: Mən bir dəfə buna görə hirsləndim. Xanalıqda çəkilişlər zamanıydı: İsmayılın əynində şortik vardı. Uşaq üşüyürdü, çəkilişlərsə bitmirdi. Onda əsəbiləşdim, dedim ki, bir kadrı nə qədər çəkmək olar, bəsdirin. Hətta çəkilişləri yarımçıq saxlamaq istəyirdim. Onlar məni güclə sakitləşdirdilər.
- Çəkiliş dərslərinə mane olmurdu?
İsmayıl: Çəkiliş adətən günortadan sonra olurdu, bəzən də dərsdən qalırdım.
- Məktəb yoldaşların filmə çəkildiyini bilirlər?
İsmayıl: Bəli. Onlar da filmi görmək istəyirlər.
- Dərslərini necə oxuyursan?
İsmayıl: Yaxşı.
Əli: Sizə bir şey deyim. Qonşuluğumuzda müəyyən imkanlı adamlar vardı. Onlar istəyirdilər ki, öz uşaqları çəkilsin. Pul təklif edənlər də oldu. Ancaq rejissor razılaşmadı. Hətta çəkilişə mane olmaq istəyənlər var idi.
- Filmin çəkildiyi, “Şanxay” deyilən ərazi artıq sökülüb. Buna təəssüflənirsiz?
Əli: Bəli. O ərazi İsmayılın çəkildiyi filmlə yaddaşlara köçdü. İnandırım sizi, filmi o qədər səbirsizliklə gözləyirəm. Çünki mən orda doğulub-böyümüşəm. Xatirələrim ora ilə bağlıdır. Bəlkə İsmayıl uşaqdı, dərk etmir, amma mənim üçün oğlumun o filmdə çəkilməyinin böyük mənəvi əhəmiyyəti var.