3 dəfə erməni mühasirəsini yaran Dönməz Həsənov: “Müharibə başlasa, biz yenə öndə olacağıq”

8-10-2015, 23:16           
3 dəfə erməni mühasirəsini yaran Dönməz Həsənov: “Müharibə başlasa, biz yenə öndə olacağıq”
3 dəfə erməni mühasirəsini yaran Dönməz Həsənov: “Müharibə başlasa, biz yenə öndə olacağıq”

“Vurduğum tanklardan üçünün ekipajı ruslar idi”

Birinci Qarabağ müharibəsinin iştirakçıları fərqli bir insanlardır desək, yanılmarıq. Onlar mübarizdir, gerçək vətənpərvərdir, əyilməzdir, istənilən bir məsələdə haqq-ədalətin carçılarıdır. Sanki onların dünyası bir başqadır. Ötən illər ərzində Qarabağ qazilərinə kifayət qədər diqqət yetirilməsə də, xeylisi işsiz-gücsüz qalsa da, bəziləri müalicəsizlikdən dünyasını dəyişsə də, bu onların içindəki vətən eşqini azaltmayıb.

Hansı ki, digər zümrələrin təmsilçilərinə bir balaca təzyiq olan kimi ölkəni tərk edir, vətəndaşlıqdan imtina edəcəyi haqda bəyanatlar verir və sair. Döyüşçülər isə bütün çətinliklərə, diqqətsizliyə rəğmən yenə də DÖYÜŞ əhval-ruhiyyəsindədir...
Zaman-zaman rastımıza çıxan, tanıdığımız, eşitdiyimiz, dostluq etdiyimiz döyüşçülərin həyat hekayəsini oxucuların, xüsusi ilə gənc nəslin diqqətinə çatdırmağa çalışmışıq.
Qarabağ savaşında – Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə şücaətlər göstərən döyüşçülərdən biri də dostumuz Dönməz Həsənovdur...

8 oktyabrda 47 yaşına qədəm qoyan Dönməzlə onun ad gününü təbrik etmək üçün görüşdük. Döyüşçülərlə üzbəüz olanda istər-istəməz ondan müharibədən danışmasını istəyir adam. Əslən Bərdədən olan Dönməz Həsənov müharibənin qızğın vaxtlarında – 1992-ci ildə Özbəkistanda iqtisadiyyat ixtisasi üzrə təhsil alarkən ölkəyə dönüb: “1992-ci ilin noyabrında könüllü olaraq Azərbaycana qayıdıb birbaşa döyüş bölgəsinə getdim. Könüllülər batalyonunun tərkibində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərə atıldım. Sovet ordusunda qulluq edərkən qrantamyot atan olmuşam və daim təlim atışı zamanı 5+ qiymət almışam. 2 aylıq təlimdən sonra qrantamyotçu kimi döyüşlərə atıldım. Biz hücumçu batalyon idik və hansı cəbhədə vəziyyət çətinləşirdisə, bir o istiqamətdən hücuma keçirdik. Hücumçu bölük kimi Ağdama, Kəlbəcərə də göndərilmişik. İlk dəfə döyüşə 1993-cü ilin yanvarında girdim. Qarabağ müharibəsində ən çox döyüşlər Tərtər-Ağdərə istiqamətində gedib. Tərtər istiqamətində hər qarış uğrunda gerçək döyüş gedib. 1993-cü fevralında Ağdərə istiqamətində döyüşlər gedərkən ölkədə siyasi qarşıdurmalar başladı, bu zaman Ağdərə istiqamətində geri çəkilmə baş verdi. Əgər həmin o hadisələr olmasaydı, Ağdərə də Tərtər kimi işğal olunmayacaqdı”.

Dönməz Həsənov müharibə xatirələrindən danışarkən çox ciddi bir məqam da üzə çıxdı. Bildirdi ki, döyüşlərdə 4 erməni tankını məhv edib və onlardan üçünün ekipajı ruslar olub: “Birinci dəfə düşmən texnikasını 1993-cü il yanvarın 9-da Ağdərədə Malakanlar kəndi ərazisində vurmuşam. Onun ekipaj üzvləri desant yerindən qaçıb çıxarkən güllənlənmişdilər və onlar rus idi. 1993-cü ilin aprelin 23-də Ağdam uğrunda gedən döyüşlərdə hücumçu rota kimi iştirak edərkən İlxıçılar kəndi ərazisində düşmənin daha bir tankını – “T 72” tipli texnikanı vurmuşam. İlxıçılar kəndində tankı vuranda mərmi kabinəni partlatmışdı və lyuk açıq olduğuna görə ekipaj üzvləri zərbədən kabinədən çölə çıxmışdılar. İkisi dərhal ölmüşdü, biri isə ağır kontuziyalı vəziyyətdə idi, əlini yerə dayayıb ayağa qalxmaq istəyirdi. Ona yaxınlaşanda gördük ki, bu rusa bənzəyir. Üstündən bir sənəd tapdıq, məlum oldu ki, bu gerçəkdən rusdur, Don bölgəsində doğulmuşdu. Muzdlu döyüşçü idi. Bu zaman atəş gücləndi və mən onu elə hadisə yerində güllələyib getdim. Təsəvvür edin, onu güllələyib 15-20 metr aralanmışdım ki, vurduğum tankın atəş mərmiləri alışıb partlamağa başladı. Yaxınlıqda olsaydım, orada həlak olacaqdım... Ermənilər hücumu davam etdirirdi deyə, mən və Tərtərdən olan Duman adlı döyüşçü ilə geri dönəndə təxminən təxminən 100-150 metrliyimizdən bir BMP bizim mövqelərə doğru irəliləməyə başladı. Mənim qrantamoyta qoyub atmağa bir mərmim olmadı ki, onu da vurum. Dumanla birlikdə bizimlə birgə adını unutduğum döyüşçü vardı, o, əlindəki pulemyotla BMP-yə atəş açmağa başladı. Bu zaman BMP dayandı və ekipaj üzləri müşahidə aparmağa başladılar ki, yan tərəfdən atəşi kim açıb bunlara. Biz mövqe tutub gizlənmişdik, onlar texnikadan düşüb ətrafa göz gəzdirməyə başlayanda gördük ki, bunlar da rusa oxşayır. Onlar açıqlığa çıxan kimi avtomatla onlara atəş açıb yerə sərildiklərini görəndən sonra öz mövqelərimizə doğru qaçmağa başladıq. Səngərimizə yaxınlaşanda öz əsgərlərimiz bizi tanımadılar, elə bildilər ermənidir gələn, atəşə başladılar. Çox çətinliklə, “Allahu Əkbər” qışqırmağımız sayəsində başa sala bildik ki, düşmən əsgəri deyilik... Qapanlı kəndinə gəlib çıxanda - onda orada komandir Nəcməddin Sadıkov idi - ona yaxınlaşıb düşmənin texnikasını vurmağımızı məruzə etməli idim. Düzü, həmin günlər o qədər mərmi atmışdım ki, yarıkontuziyalı, key kimi idim, qulaqlarımdan qan axırdı. Gəlib əlim cibimdə dayanıb Nəcməddin Sadıkova tankı vurmağımı və içindən ruslar çıxdığını dedim. O da məruzəni qəbul etdi və yaxınlaşıb əllərimi cibimdən çıxarıb dedi ki, başa düşürəm siz qəhrəmansınız, amma unutma ki, komandan qarşısında belə dayanmızlar. (Gülür-red.)”...

Ondan 3 gün sonra – Ağdərə-Ağdam istiqamətində Yarımca kəndi ərazisində aprelin 26-da bir gündə iki tank vurmuşam. Mövqelərimizi yarmaq istəyərkən ermənilərin “T-72” tipli tankı vurdum. Onun ardınca “T-55” tipli bir tank da gəlirdi, onu da vurdum.”.
Dönməz Həsənov deyir ki, hücumçu dəstə olmaq çox ağırdır: “Döyüşdüyüm müddətdə düz üç dəfə erməni mühasirəsində qalmışıq. İkisində 1-2 gün sonra mühasirəni yarmışıq. Amma birində artıq ölümümüzü fikirləşirdik... 1993-cü ilin qışında Həsəndiz kəndi ərazisində bir tağım 8 gün mühasirədə qalmışıq. Hətta bizimlə mühasirəyə düşən uşaqlardan biri dözməyib özünü qumbara ilə partlatdı ki, əsir düşsə dözə bilməz. Qumbaranı onun əlindən almaq istəyən oğlan da ağır yaralandı və ömürlük şikəst qaldı... 4-5 gün sonra gördük ki, acından ölürük. Qarı eşələyib kiflənmiş fıstıq dənələri tapıb yeyirdik ki, sağ qalaq... 8 gün mühasirədə qalandan sonra “Boz qurd” batalyonunun uşaqları gecə köməyə gəlib bizi mühasirədən çıxardılar”...

Dönməz Həsənov deyir ki, sağlamlığını itirsə də, döyüşlərdən birində yaralanıb bu gün də əziyyətini çəksə də, müharibə illərini, döyüşməyini ömrünün ən şərəfli səhifəsi hesab edir: “Mən 1992-ci ildən ta atəşkəsədək döyüşmüşəm. Sonuncu döyüşümüz Tərtərin Qapanlı kəndi uğrunda gedən döyüş olub. Sonra atəşkəs imzalandı, amma ondan sonra biz 1996-cı il fevralın 11-dək orduda qaldıq. Həmin tarixdə prezidentin sərəncamı ilə ordudan tərxis olunmuşam. Təəssüfləndiyim bircə odur ki, hərdən döyüş yoldaşlarımızla görüşürük, məlum olur ki, çoxunun dolanışığı yaxşı deyil, hətta bəziləri veteran vəsiqəsini belə ala bilmir. Durumu yaxşı olan döyüşçüləri görəndə isə uşaq kimi sevinirəm...
Bilirsiz, döyüş günlərini bu gün xatırlamaq, yada salmaq deməzdim ki, asandır. Bəli, döyüşdüyümüz günlərdə xoş xatirələrimiz də olub və onları yada salanda gülümsəyirik. Amma müharibədə biz çoxlu dostlarımızı itirmişik və hər dəfə müharibə haqda düşünəndə onlar yadımıza düşür. Əlbəttə, bunu xatırlamaq çox çətindir. Bəzən olub ki, oturub çay içmişik, yemək yemişik, yarım saat sonra həmin dostumuz düşmən gülləsinə tuş gəlib. Mən siqaret çəkən insan deyiləm, amma hər dəfə müharibəni xatırlayanda, danışanda siqaret çəkirəm... Amma bir söz deyim. Bizi sanki Allah vətən üçün, vətən uğrunda döyüşmək üçün yaradıb Allah. Bu gün müharibə başlasın, əlbəttə ki, biz döyüşə hamıdan öndə gedəcəyik və şir kimi döyüşəcəyik. Bu anadangəlmədir, biz də belə yaranmışıq”...

Doğum günün mübarək, Vətən əsgəri...
musavat com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.