Komandaya maaş verə bilməyən rəis müavini Ehram Məcidovdan danışdı - "Onun yoxluğu..."
23-10-2018, 16:59
Rəis müavini, polis kapitanı, Azərbaycan Kunq Fu Federasiyasının prezidenti Nurlan Aslanov Unikal.org-a müsahibə verib.
N.Aslanov saxta dünya çempionlarından danışıb və onları çempion hesab etmədiyini bildirib:
- Davud Mahmudzadənin də adı kunq-Fuda rəhbər kimi göstərilir. Sadəcə olaraq onların qurumunun adı Azərbaycan Coriyo Kunq-Fu Federasiyasıdır. Həmin qurumla sizin federasiya arasında bağlılıq varmı?
- Ola bilər ki, döyüş növlərində bənzərlik olsun. Amma o ayrı federasiya kimi fəaliyyət göstərir. Bizə aidiyyatı yoxdur. Amma uşu və həmin kunq fu federasiyası ilə də əməkdaşlıq edirik. Dostluğun tərəfdarıyıq.
- Kunq-Fu üzrə 6-7 qat "dünya çempionları” var. Onlarla mübarizə üsulu düşünmüsünüz?
- Müəyyən yarışlar var ki, orada qalib gəlmək çox çətindir. Bunu bütün idmançılar bilir. Elə yarışlar var ki, orada kunq-fu döyüş növlərində də döyüşlər keçirilir.
Hətta elə yarışlarda mən özüm də iştirak etmişəm. Sadəcə olaraq mən də fərqinə varırdım ki, bu yarışa gedib medal gətirmək daha asandır. Nəinki, Çin, Dağıstan, Tailandda keçirilən yarışlara qatılıb medal qazanmaq.
- Onları dünya çempionu adlandırmaq olar?
- O yarışlarda mən də iştirak edib, qalib olmuşam. Əgər mən özümü digər yarışlarla müqayisədə dünya çempionu kimi hesab etmirəmsə, deməli onları da dünya çempionu kimi görmürəm.
Mən federasiya rəhbəri seçiləndən bu günə qədər yığmamızın heç bir üzvünü o yarışlarda iştirak etməsinə icazə vermirəm. Bundan sonra da icazə verilməyəcək. Hansı ki, həmin idmançılarımız öz çəkilərində bir nömrədirlər.
- Hazırda federasiya maddi durumu necə təmin edir?
- Bizim vitse-prezidentlərlə bağlı təyinatlarımız oldu. Quruma İctimai əlaqələr və beynəlxalq əlaqələr üzrə vitse-prezident təyin olundu.
Onların və mənim şəxsi təşəbbüsümlə müəyyən qədər idmançılara maddi dəstək olunur ki yarışlara gedə bilsinlər.
- Amma maaş yoxdur?
- Maaş yoxdur. Çünki hələ bir büdcə formalaşdırmamışıq. Biz dağılmış federasiyanı yenidən qaldırmağa cəhd edirik. Federasiyamız iməkləmək dövründədir.
- Siz Kunq-Fu Federasiyasına təyin olunan zaman Azərbaycan VinqÇun federasiyası da yarandı. Amma bu federasiyalar arasında müəyyən söz-söhbətlər oldu.
- Azərbaycanda VinqÇunla peşəkarcasına məşğul olan bir neçə şəxs var. Biri də mənim məşqçim Xaqani Hüseynovdur. Bu söz-söhbətlər də onların arasında gedən rəqabətdən irəli gedir. Amma mən sağlam rəqabətin tərəfdarıyam. İndi biz oturub söhbət etdik, birbirimizə bildirdik ki, dostluğun tərəfdarıyıq.
- Ehram Məcidovun yerinə yeni təyinat olub?
- Xeyr, Ehram müəllim bizim ümumi işlər üzrə vitse-prezidentimizdir. Məlum səbəblərdən hazırda bizdən uzaq düşüb. Hamımız onun yolunu gözləyirik. İnanırıq ki, yaxın zamanda problemləri həll olunub, yanımıza qayıdacaq.
- Ehram Məcidovun yoxluğu sizə təsir edirmi?
- Xeyli təsir edir. Əvvəl bir işin öhdəsindən gəlmək üçün Ehram Məcidova 3 nəfər kifayət edirdisə, indi həmin işi görmək üçün 7 adam lazımdır. O eyni zamanda bir neçə nəfəri əvəz edib bizim işlərimizi həll edirdi.